close

İran baş vermiş faciəyə görə ABŞ və İsraili günahlandırır

İbrahim Rəisi Foto: Morteza Nikoubazl/NurPhoto

ABŞ iddiaları rədd edir

İran yanvarın 3-də Qasim Süleymaninin ölümünün ildönümündə baş verən partlayışlara görə ABŞ və İsraili günahlandırır.

ABŞ Dövlət Departamenti isə bu ölkələrdən heç birinin dünənki qoşa partlayışlarda rolu olmadığını bildirib.

Partlayışlar 2020-ci ilin yanvarın 3-də ABŞ-ın dron zərbəsi ilə öldürülmüş İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds Qüvvələrinin keçmiş komandanı Qasim Süleymaninin ölümünün ildönümündə baş verib. İran dövlət mediasının yaydığı məlumata görə, məzarlığa yürüş edənlər arasında azı 103 nəfər ölüb, onlarla insan yaralanıb.

Azadlıq Radiosunun məlumatına görə, Dövlət Departamentinin sözçüsü Metyu Miller (Matthew Miller) deyib ki, Birləşmiş Ştatların buna heç bir aidiyyəti yoxdur, hər hansı əks fikir gülüncdür:

“İsrailin bu partlayışda əli olmasına inanmağa səbəbimiz yoxdur”.

İran prezidenti İbrahim Rəisinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi isə X platformasında yazıb:

“Vaşinqton deyir ki, ABŞ-ın terror hücumunda günahı yoxdur. Tülkü əvvəlcə öz yuvasının iyini duyar. Aldanmayın. Bu cinayətə görə məsuliyyəti ABŞ və sionist rejimlər (İsrail) daşıyır, terrorçuluq sadəcə bir alətdir”.

Ancaq Məhəmməd Cəmşidi nə üçün bu iddiada olduqlarını əsaslandırmayıb.

BMT-nin Baş katibi Antonio Quterreş partlayışları pisləyib.

Ana səhifəXəbərlərİran baş vermiş faciəyə görə ABŞ və İsraili günahlandırır