close

İran KİV: Prezident və heyət helikopter qəzasında həlak olub (yenilənib)

Helokopterdə həlak olanlar: Hüseyn Əmir-Abdollahian, Mələk Rəhməti, Seyid İbrahim Rəisi, Ayətullah Məhəmməd Əli Ale-Haşem. Foto: Meydan TV

İran qanunlarına əsasən 50 gün sonra prezident seçkiləri keçirilməlidir.

Seçkilərə qədər İranın prezidenti səlahiyyətlərini vitse-prezident Məhəmməd Möhbər icra edəcək.


Azərbaycanın dövlət başçısı İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyiyə Prezident Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdollahianın və digər müşayiət edən şəxslərin helikopter qəzasında həlak olması ilə bağlı başsağlığı verib.


İran İslam Respublikasının mediası helikopterdəkilərin həlak olduğunu təsdiqləyib.

Mehr” agentliyinin yazdığına görə, helikopterin sərnişinləri, o cümlədən Prezident Seyid İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdollahian, İranın Şərqi Azərbaycan vilayətinin valisi Mələk Rəhməti və İslam İnqilabı Rəhbərinin Şərqi Azərbaycan əyalətindəki nümayəndəsi Ayətullah Məhəmməd Əli Ale-Haşem və bir neçə nəfər həlak olub.


İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi 1960-cı ildə Məşhəddə doğulub.
Seyid İbrahim Rəisi Qumda təhsil alandan sonra Şəhid Mütəhhəri adına Universitetdə Fiqh fakültəsinin doktoranturasını bitirib.
O, 2004-2014-cü illərdə Ədliyyə Nazirliyinin birinci müavini, ardınca Baş prokuror postunda fəaliyyət göstərib.
Seyid İbrahim Rəisi 2021-ci ildə İran İslam Respublikasının Prezidenti seçilib.
Onun hakimiyyəti dövründə əxlaq qanunları sərtləşdirilib.
Seçilməsindən bir il sonra İranda qadınların geyim və davranışlarını məhdudlaşdıran “hicab və iffət qanunu”nun daha sərt şəkildə tətbiq edilməsini əmr edib.
Ötən il isə Məhsa Amini qanunu pozduğu iddiası ilə əxlaq polisi tərəfindən həbs olunub və həbsdə müəmmalı şəkildə həyatını itirib.


“Vəziyyət yaxşı görünmür”

İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin helikopterinin qəza nəticəsində tamamilə yandığı bildirilir.

Bu barədə məlumatı “Reuters” agentliyinə Tehranın adını açıqlamayan rəsmisi söyləyib.

İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kolivand isə mayın 20-də dövlət televiziyasına belə deyib:

“Biz dağıntıları görürük və vəziyyət yaxşı görünmür. Qəza yerinin aşkarlanması ilə helikopterin sərnişinləri arasında heç bir həyat əlaməti aşkar edilməyib”.

Mayın 19-da İranın və Azərbaycanın dövlət başçıları iki dövlətin sərhədində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılışını ediblər.

Tədbirdən sonra İrana qayıdan Prezident Seyid İbrahim Rəisinin helikopterinin Uzi və Pir Davud kəndləri arasındakı Dizmar meşəsində qəzaya uğradığı haqda məlumat yayılıb. Helikopterdə Şərqi Azərbaycan valisi Ayətullah Əl-Haşimi və İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian, Şərqi Azərbaycan valisi Malik Rəhməti və digər şəxslərin olduğu bildirilir.

Ana səhifəSiyasətİran KİV: Prezident və heyət helikopter qəzasında həlak olub (yenilənib)