close

İshaq Rabin – sülhün qurbanı

İshaq Rabin. Foto: Wiki və Tatohra/shutterstock

Yadigar Sadıqlı

(ikinci hissə)

Yadigar Sadıqov
Foto: Meydan Tv

Yaxın Şərq problemini həll etmək üçün ABŞ və SSRİ-nin təşəbbüsü ilə 1991-ci il 30 oktyabr – 1 noyabr tarixlərində Madrid konfransı keçirildi. Tədbirə İsrail, İordaniya, Livan və Suriya dəvət edildi. İsrail o zaman Fələstin Azadlıq Təşkilatını (FAT) hələ terrorçu təşkilat kimi tanıyıb, onunla danışmaqdan imtina etdiyindən fələstinlilər İordaniya nümayəndə heyətinin tərkibində təmsil olunurdular.

Əslində SSRİ-nin iştirakçı ölkələrə verə biləcəyi bir şey və ya təzyiq göstərəcəyi vasitəsi yox idi. Üstəlik, ilin sonunda süquta uğradı. Doğrudur, sonrakı çoxtərəfli danışıqlar Moskvada da keçirildi, amma Rusiya prosesdə ciddi rol oynaya bilmədi. Zatən konfransın təşkilində də əsas rol ABŞ-a məxsus idi: dövlət katibi Ceyms Beyker ölkələrdən razılıq almaq üçün regiona 8 səfər etmişdi.

ABŞ-la bağlı vəziyyət isə başqa idi. SSRİ-nin tənəzzülü onu yeganə supergücə çevirdi. Həm bu, həm İraqa qarşı “Səhrada fırtına” əməliyyatı” ərəb ölkələrində onun nüfuzunu xeyli artırdı. İsrail isə SSRİ-dən çoxlu yəhudinin ölkəyə gəlməsi üzündən ABŞ-ın maddi yardımına möhtac idi.

Yəhudilərin SSRİ-dən 1986-cı ildə başlayan köçü (Böyük aliya) 1990-1991-ci illərdə xüsusilə kütləvi oldu. Təkcə həmin iki il ərzində 330 min yəhudi köçdü (ümumən SSRİ-dən və SSRİ-nin süqutundan sonra postsovet ölkələrindən köçən yəhudilərin sayı 1 milyondan çox oldu). Bu isə dövlətin xərclərini xeyli artırdı, işsizlik çoxaldı, mənzillər bahalaşdı. Ona görə də ABŞ-ın maddi yardımına böyük ehtiyac vardı.

Vaşinqton da “çek kitabçası diplomatiyası”ndan təzyiq vasitəsi kimi istifadə etmək niyyətində idi: işğal edilmiş Fələstin torpaqlarında məskənləşməni dayandırmağı, Fələstin dövlətinin yaradılmasına razılıq verməyi tələb edirdi.

Maddi yardım ehtiyacına baxmayaraq, İshaq Şamir hökuməti Madriddən sonrakı ikitərəfli və çoxtərəfli danışıqlarda konstruktiv mövqe tutmur, ciddi güzəştlərdən qaçırdı. Təsadüfi deyil ki, 1992-ci il seçkilərində Rabinin qələbə çalıb baş nazir olması Ağ evdə də məmnuniyyətlə qarşılandı.

Yeni baş nazir artıq avqustun 10-da Vaşinqtonda prezident Corc Buşla görüşdü. Rabin işğal edilmiş ərazilərdə məskənləşməni dayandırmağı və bilavasitə fələstinlilərlə danışıqlara başlamağı vəd etdi. Prezident isə Şamir hökumətinə tətbiq etdiyi məhdudiyyətləri qaldıracağını, yəhudi miqrantların absorbsiyası üçün pul ayıracağını bildirdi. Ertəsi gün 5 il ərzində 10 milyard dollar yardım edilməsi haqqında müqavilə imzalandı.

Baş nazir sülh danışıqlarının alternativi olmamasını Vaşinqton Yaxın Sərq siyasəti institutunun nümayəndələri ilə görüşündə özünəməxsus şəkildə ifadə etdi:

“Mən çox istərdim ki, Qəzza sektoru dənizə batsın. Amma bu, baş verməyəcək, ona görə də həll yolunu tapmaq lazımdır”.

Rabin noyabrda keçirilən seçkilərdə Corc Buşa qalib gələrək yeni ABŞ prezidenti seçilən Bill Klintonla da normal münasibətlər qurmağa nail oldu. Yeni prezidentin inauqurasiyasından iki ay sonra Rabin bir daha Vaşinqtona səfər etdi və administrasiyanın Yaxın Şərq siyasətində ciddi dəyişikliklərin olmadığını gördü.

***

Rabin hökuməti formalaşan kimi Suriya və İordaniya-Fələstin ilə sülh danışıqlarına başladı. Proses asan getmirdi. Həm qarşı tərəf antaqonist mövqe tuturdu, həm də İsrail cəmiyyətində müqavimət göstərənlər çox idi. Məsələn, Rabinin Suriya ilə sülh naminə Qolan təpələrini qaytarmağa hazır olması ciddi etiraz doğurdu. Həmin təpələrdə yaşayanların Avodanın elektoratı olduğunu nəzərə alanda, bu addımın Rabin üçün nə qədər çətin olduğu anlaşılar.

Suriya ilə danışıqlar əvvəlcə daha perspektivli görünürdü. Amma Dəməşq Qolan təpələrinin qaytarılmasından sonra İsrailin fələstinlilərlə, İordaniya və Livanla sülh bağlamasının lazım gəldiyini deyir, özünün də yalnız bundan sonra sülh bağlayacağını vəd edirdi. Rabin paket həll təklif etdi: suriyalılar sülhün normallaşma, diplomatik münasibətlər, sərhədlərin açılması demək olduğunu qəbul etməyincə ərazi barədə söhbət gedə bilməz. Beləcə, Suriya ilə danışıqlar dayandırıldı.

1993-cü ilin yanvarında Knesset FAT ilə danışıqlara qoyduğu qadağanı qaldırdı. Daha fələstinlilərlə iordaniyalıların tərkibində deyil, birbaşa danışıqlar aparmaq mümkün idi. Yanvarın 20-də Osloda İsrail və FAT arasında danışıqlar başladı. Prosesdə İsrail tərəfdən xarici işlər nazirinin müavini Yossi Beylin (nazir Şimon Peres idi), FAT tərəfdən isə Əhməd Kurey iştirak edirdi.

Mövqelərin uzlaşdırıdılması 7 ay sürdü. Avqustun 20-də Şimon Peres və FAT-ın ikinci adamı Mahmud Abbas arasında ilkin razılaşma imzalandı. Hökumət həmin sənədi 10 gün sonra bəyəndi. Sentyabrın 9-da İsrail hökuməti və FAT arasında bir-birlərini qarşılıqlı tanımaq haqqında məktub mübadiləsi oldu.

Nəhayət, 1993-cü il sentyabrın 13-də Ağ evin qarşısındakı çəmənlikdə təntənəli imzalanma mərasimi keçirildi. Bill Klintonun, İshaq Rabinin və FAT sədri Yasir Ərəfatın iştirak etdiyi mərasimdə sənədi Şimon Peres və Mahmud Abbas imzaladı.

Rəsmi adı “Özünüidarə üzrə müvəqqəti tədbirlər haqqında prinsiplər deklarasiyası” olan, amma Vaşinqtonda imzalansa da danışıqların getdiyi və ilkin razılaşmanın əldə olunduğu yerin adı ilə daha çox “Oslo” razılaşması adlanan sənəd İsrailin Qəzzadan və Qərb sahilindəki bəzi ərazilərdən çıxmasını, burada Fələstin özünüidarəsinin yaradılmasını nəzərdə tuturdu. Həmin ərazilərdə təhsil, səhiyyə, mədəniyyət, vergi kimi məsələlər Fələstin administrasiyasının səlahiyyətinə veriləcəkdi. Fələstin polisi də yaradılacaqdı.

Razılaşma ən qəliz məsələlələrə – Fələstin dövlətinin son sərhədləri, Qüdsün statusu, fələstinli qaçqınların və işğal olunmuş ərazilərdəki yəhudi məskənlərin taleyi – toxunmurdu. Sənəd beşillik keçid dövrünü nəzərdə tuturdu və tərəflər bu müddər ərzində bütün məsələləri BMT Təhlükəsizlik şurasının 1967-ci ildə Altıgünlük müharibədən sonra qəbul etdiyi 242 saylı və 1973-cü il Məşhər günü savaşından sonra qəbul etdiyi 338 saylı qətnamənin tələblərinə uyğun həll edəcəklərini öhdələrinə götürürdülər.

“Biz, müharibədən paltarında qan ləkəsi ilə qayıdan əsgərlər, biz, doğmalarımızın və dostlarımızın ölümünü öz gözləri ilə görənlər, biz, valideynlərin övladlarını basdırdığı ölkədən gələnlər, biz, siz fələstinlilərə qarşı döyüşənlər, biz indi uca və aydın səslə deyirik: qan və göz yaşı yetər… Gəlin dua edək, elə gün gəlsin ki, hamımız deyək: əlvida, silah”, – imzalanma mərasimindən sonra çıxış edən Rabin deyirdi.

***
FAT ilə Oslo sazişinin imzalanması İsrailə İordaniya ilə sülh bağlamaq fürsəti yaratdı. 1952-ci ildən İordaniya kralı olan Hüseyn bin Talalın İsrailə özünəməxsus münasibəti vardı. Demək olar, hakimiyyətinin əvvəlindən İsraillə qeyri-rəsmi və gizli təmaslarda olurdu. Üstəlik, Misir və Suriyadan fərqli olaraq, qərbyönümlü siyasət yürüdürdü.

İordaniyanın Altıgünlük müharibədə iştirakı belə yanlışın nəticəsi idi. Müharibənin ilk günündə İsrail HHQ Misir hərbi aviasiyasını və aviabazalarını darmadağın etmişdi. Amma Qahirə hücumun dəf edilməsi, düşmən aviasiyasının ağır itkilərə məruz qalması haqqında yalan məlumat yaydıqda Hüseyn gələcək qələbədə pay sahibi olmaq üçün İsrailə qarşı hərbi əməliyyatlara başladı. Nəticə isə ağır oldu: tam darmadağın və Birinci ərəb-yəhudi müharibəsindən sonra tutulan Qərb sahilinin, Şərqin Qüdsün itirilməsi.

Sonrakı illərdə münasibətlər yenə yaxşılaşdı, kral bir neçə dəfə İsrail liderləri ilə görüşdü, hətta Tel-Əvivə gizli səfər etdi. 1973-cü ilin Məşhər günü savaşında İordaniyanın iştirakı simvolik oldu: Suriyaya yardım üçün bir briqada göndərdi, özü hərbi əməliyyatlara başlamadı.

Təsadüfi deyil ki, İsrail uzun müddət Fələstin probleminin həllini Qərb sahilinin və Qəzzanın İordaniyaya verilməsində görürdü. Hesab olunurdu ki, Hüseynlə anlaşmaq daha asan olar, nəinki FAT ilə. Amma bir sıra səbəblərdən bu plan həyata keçə bilməzdi, o cümlədən Hüseynin bu qədər fələstinlini öz təbəəsi kimi görmək istəməməsi üzündən.

“Oslo” razılaşmasından sonra Ağ ev Ammana təsir göstərərək – “çek kitabçası diplomatiyası” ilə də – İsraillə sülh imzalamağa çağırdı. İshaq Rabin 1994-cü ilin mayında Hüseynlə görüşərək müzakirələr apardı. Kral Misir prezidenti Mübarək və Suriya prezidenti Əsədlə məsləhətləşdi. Mübarək ona sülh bağlamağı, Əsəd isə danışıb-danışıb heç nə imzalamamağı məsləhət gördü. Hüseyn Mübarəkin məsləhətini qəbul etdi.

Tərəflər arasında əvvəlcə iyulun 25-də Vaşinqtonda bəyannamə imzalandı. Sənəddə iki ölkənin düşmənçiliyə son verdiyi, “göz yaşlarına və matəmə son qoymaq”, “ədalətli sülh bağlamaq” üçün danışıqlara başladığı yazılırdı.  Sülh müqaviləsi oktyabrın 26-da, iki ölkə arasındakı Arafa sərhəd məntəqəsində imzalandı. Prosesdə Bill Klinton da iştirak etdi.

Hələ Vaşinqton bəyannaməsi imzalanandan sonra Rabin və Hüseyn ABŞ konqresinə dəvət olunmuşdular. Burada çıxış edən Rabin deyir:

“Mən, qeydiyyat nömrəm 30743, İsrail müdafiə ordusunun ehtiyatda olan rav alufu [general-leytenant], alayları döyüşə və əsgərləri ölümə göndərən Ishaq Rabin, bu gün özümü sülh ordusunun əsgəri görürəm. Mən bu gün sizə, əlahəzrət İordaniya kralına və sizə, amerikalı dostlarımıza deyirəm: biz ölülərin və yaralıların, qan və iztirabın olmadığı savaşa başlayırıq. Bu, iştirak etməyin xoş olduğu yeganə savaşdır – sülh uğrunda savaş”.

1994-cü il İshaq Rabinə, Şimon Peresə və Yasir Ərəfata “Yaxın Şərqdə sülhün bərqərar olması cəhdlərinə görə” Nobel sülh mükafatının verilməsi ilə yekunlaşdı.

***
“Oslo” razılaşması dünyanın bir çox ölkələrində məmnunluqla qarşılansa da, konfliktin tərəfi olan yəhudilər və fələstinlilərin münasibəti bu qədər birmənalı deyildi. Fələstinlərin xeyli hissəsi FAT-ın İsraili tanımasından narazı idi, onlar hesab edirdilər ki, mübarizə İsrail dövləti məhv olana qədər davam etməlidir.

Razılaşma yəhudilər arasında da kəskin qütbləşmə yaratdı. İlk dövrlərdə əhalinin çox hissəsi sülh perspektivindən məmnun idi və prosesi dəstəkləyirdi. Amma sağçı və daha radikal kəsim, işğal olunmuş torpaqların ilhaqının tərəfdarı olanlar həmin ərazilərdən çəkilməni, Fələstin dövlətinin yaradılmasını qəbuledilməz sayırdı.

Hakim koalisiyada iştirak edən üç partiyadan biri – ultra-dindar ŞAS hökumətdən ayrıldı. Yalnız 5 ərəb deputatın hökuməti dəstəkləməsi Rabinə 120 yerlik parlamentdə 61 səs kimi kövrək çoxluğa malik olmaq imkanı verdi. Elə “Oslo” razılaşması da Knesset tərəfindən 61 səslə təsdiq olundu.

Sağlar etiraz aksiyalarına başladılar. Küçələrdə Rabinin ərəb baş örtüyü – keffiyə ilə təsvir olunmuş şəkillərinə rast gəlmək olardı. Yəhudi silahlı birləşmələrində 27 il xidmət edən, Altıgünlük müharibədə heyrətamiz qələbə qazanan sərkərdəyə “xain”, “satqın” damğası yapışdırılırdı. Radikal ravvinlər Rabini lənətləyirdilər.

Bəslənən ümidlərin əksinə olaraq ərəb terroru dayanmadı. HƏMAS, İslam cihadı və digər təşkilatlar FAT-a tabe olmaq fikrində deyirdilər. Xüsusən kamikadze hücumları vüsət aldı. “Oslo”nun imzalanmasından ilin sonuna qədər baş verən terror aktları nəticəsində 12 israilli öldürüldü, onlarla adam yaralandı.

1994-cü ildə HƏMAS kamikadzelərin avtobusda və ya avtobus dayanacağında özlərini partlatması taktikasına əl atdı. Belə və başqa cür aktlar nəticəsində ilboyu 48 nəfər öldü, 74 nəfər yaralandı. 1995-ci ilin yanvar-avqust aylarında terror daha 40 nəfəri öldürdü, 150 nəfəri yaraladı. Sülh danışıqlarında Rabinin partnyoru olan Yasir Ərəfat isə ərəblər arasında reytinqinin qayğısına qalaraq bu aktları pisləməkdən boyun qaçırırdı.

Yəhudilər tərəfindən də terror baş verdi. Radikal “Kax” təşkilatının üzvü Barux Qoldşteyn Hebrondakı (əl-Xəlil) Patriarxlar mağarasında ibadət edən müsəlmanlara avtomat silahdan atəş açdı. Nəticədə 29 nəfər öldü. Müsəlmanlar Baruxu tutaraq öldürdülər.

Belə vəziyyət İsrail cəmiyyətinə təsirsiz ötüşə bilməzdi. “Oslo” ilə bağlı optimizm azalırdı, tərəddüdlər artırdı. Sağ düşərgənin hücumları isə kəskinləşirdi. “Likud”un yeni lideri Benyamin Netanyahu və partiyadaşı Ariel Şaron xüsusi canfəşanlıq edirdilər. Plakatlarda Rabin artıq kefiyyədə deyil, nasist geyimində təsvir olunurdu. Aksiyalarda “Rabin – Ərəfatın köləsi”, “Rabin – Yudenrat şefi”, “Rabin Hitlerin izi ilə gedir”, “Rabin sionizmin qatili” kimi şüarlar qaldırılırdı. Ortodoks ravvinlər ona lənət göndərir, daha radikalları hətta qətlini savab iş elan edirdilər.

Baş nazir isə heç nəyə baxmayaraq öz missiyasını yerinə yetirmək fikrində idi və FAT ilə danışıqlar davam edirdi. 1995-ci il sentyabrın 24-də ilkin olaraq Misirdə, sentyabrın 28-də isə Vaşinqtonda iki tərəf arasında “Qərb sahili və Qəzza sektoru üzrə müvəqqəti razılaşma” (“Oslo-2”) imzalandı. Sənəd Fələstin milli administrasiyasının nəzarətində olan əraziləri xeyli böyüdür, səlahiyyətlərini genişləndirir və bir daha problemin BMT TŞ-nın 242 və 338 saylı qətnamələri əsasında həllini ehtiva edirdi.

Buna cavab olaraq radikal ravvinlər oktyabrın 2-də Rabinin evinin qarşısında “Pulsa diNura” ayini keçirdilər. İnanca görə, bu ayinin hədəfi olan adam 1 il ərzində ölməlidir.

Rabin Uinqeyt adına institutda çıxış edərkən avtomobili əleyhdarlarının hücumuna məruz qaldı. İsrailin indiki milli təhlükəsizlik naziri İtamar Ben-Qvir “Kadillak”ın emblemini qopararaq “Əlimiz maşınına çatdı, özünə də çatacaq” dedi.

***
Bütün bunlara baxmayaraq, İsraildə sülh tərəfdarları çoxluq təşkil edirdilər. Rəyi soruşulanlarn 2/3-i “Oslo-2” sazişini dəstəkləyirdi. Rabin də bu dəstəkdən yararlanmaq qərarına gəldi. Tel-Əvivin Şahlar meydanında “Sülhə – hə, zorakılığa – yox” şüarı ilə keçirilən mitinq də həmin məqsədlə təşkil olunmuşdu.

100 mindən çox insanın iştirak etdiyi mitinqin sonunda İshaq Rabin, Şimon Peres, Knessetin spikeri Şevah Vays və müğənni Miri Aloni tribunada yanaşı duraraq “Sülh nəğməsi”ni (Şir LaŞalom) oxudular. Bitəndən sonra Rabin mahnının sözləri yazılmış kağızı cibinə qoyaraq tribunadan düşdü və mühafizəçilərin əhatəsində avtomobil dayanacağına tərəf getdi.

Saat 21:45, artıq “Kadillak”a minmək üzrə olan baş nazirə Bar-İlan universitetinin 25 yaşlı tələbəsi Yiqal Amir tərəfindən üç atəş açıldı. Güllələrdən ikisi Rabinə, biri isə mühafizəçiyə dəydi. Təcili xəstəxanaya çatdırılan Rabin bütün səylərə baxmayaraq qəsddən 40 dəqiqə sonra vəfat etdi. Onun cibindən “Sülh nəğməsi”nin qana bulaşmış nüsxəsi çıxdı.

***
Yiqal Amir ultrasağçı ekstremist idi. O, Barux Qoldşteyndən nümunə götürərək sülh prosesini pozacaq akt törətmək niyyətində idi. Düşünüb qərara gəldi ki, yalnız baş nazirin ölümü həmin prosesi poza bilər. Qətl axşamı Rabindən az əvvəl Şimon Peres onun yanından keçmişdi, amma ona toxunmadı və baş naziri gözlədi.

O, məhkəmədə öz addımını “din Rodef” qaydası ilə izah etməyə çalışdı. Rodef ivritcə təqibçi deməkdir. Talmuda görə, öldürmək məqsədilə başqasını təqib edən adamı (rodef) dayandırmaq, dayanmasa öldürmək dindar yəhudinin borcludur. Amir də iddia edirdi ki, Rabinin addımları yəhudi xalqına ölüm gətirirdi.

1996-cı ilin yanvar-mart aylarında keçirilən məhkəmə Yiqal Amiri ömürlük həbsə məhkum etdi. O, indi də həbsdədir.

Amma Amir öz istəyinə çatdı. Rabinin ölümü ən effektli siyasi qətllərdən biridir, bəlkə də ən effektlisidir. Yalnız İshaq Rabin sülh prosesini sona çatdırmağa qadir fiqur idi. Onun ölümündən keçən müddətdə İsrail və Fələstin sülhdən uzaqlaşmaq istiqamətində getdilər.

1995-ci ilin ikinci yarısında bir qədər səngiyən HƏMAS terroru növbəti ildə yenidən vüsət aldı. Fevral-mart aylarında törədilən terror aktlarında 62 israilli öldü, 259 nəfər yaralandı. Nəticədə, elektorat sağa meylləndi və mayda keçirilən seçkilərdən sonra Binyamin Netanyahu ilk dəfə baş nazir oldu. Maraqlıdır ki, bundan sonra terror aktlarında fasilə yarandı.

Beləliklə, hər iki tərəfin radikalları və ekstremistləri əl-ələ verərək sülh prosesini dəfn etməyi bacardılar. 30 il əvvəl “Oslo” razılaşmasının imzalanmasından sonra doğan ümidlər indi sadəlövh utopiya kimi görünür.

Ana səhifəMənim Fikrimcəİshaq Rabin – sülhün qurbanı