close

İsrail fələstinli məhbusları cümə günündən tez buraxmayacağını açıqlayıb

Foto: Reuters

Fələstin mediası atəşkəsin olmadığını yazır

İsrail açıqlayıb ki, atəşkəs razılaşmasında qeyd edilən fələstinli məhbuslar noyabrın 24-dən tez azad edilməyəcək.

İsrail və HƏMAS noyabrın 22-də Qəzzadakı müharibəyə azı dörd günlük fasilə ilə bağlı razılaşmaya gəliblər. Həmin razılaşmaya əsasən, Qəzza zolağına humanitar yüklərin daşınması həyata keçiriləcək, İsraildə həbs edilən azı 150 fələstinli azad ediləcək və ötən ay İsrail şəhərlərinə hücum zamanı HƏMAS tərəfindən götürülmüş 50 girov buraxılacaq.

Noyabrın 23-də Qətər xarici işlər nazirliyinin sözçüsü Məcid bin Mohammed Al Ansari atəşkəsin başlaması ilə bağlı elanın yaxın bir neçə saat ərzində veriləcəyini bildirib.

Atəşkəslə bağlı danışıqların vasitəçisi Qətərdir.

Ağ Evin sözçüsü Adrienne Watson buraxılış üçün son logistik detalların hazırlandığını söyləyib:

“Ümid edirik, icrasına noyabrın 24-də səhər saatlarında başlanılacaq”.

Fələstin mediası yazır ki, anlaşmaya əsasən, döyüş dayandırılmalı idi, lakin İsrail aviasiyası və artilleriyası Qəzzanın cənubundakı Xan Yunus şəhərinə iki zərbə endirib. Nəticədə, 15 nəfər ölüb.

İsrail bu iddia ilə bağlı açıqlama verməyib. Lakin İsrail mediası anonim rəsmilərə istinadən HƏMAS ilə döyüşlərdə fasilənin noyabrın 24-dən əvvəl başlamayacağını bildirib.

Təxminən yeddi həftədir davam edən müharibədə ilk atəşkəs razılaşması Qətərin vasitəçiliyindən sonra əldə edilib.

Ana səhifəDünyaİsrail fələstinli məhbusları cümə günündən tez buraxmayacağını açıqlayıb