close

İsrail Qəzzanın altındakı tunel şəbəkəsinə hücum etdiyini açıqlayıb

Qəzza. Foto: Reuters

Girovların çoxunun tunellərdə saxlanıldığı güman edilir

Humanitar böhranı yüngülləşdirmək üçün döyüşlərin dayandırılması çağırışlarının rəddindən sonra İsrail Qəzzanın altındakı tunel şəbəkəsindəki HƏMAS silahlılarına hücum etdiyini açıqlayıb.

Bildirilib ki, tunellər İsrail üçün əsas məqsəddir, çünki üç həftə əvvəl İsrailin cənubuna ölümcül qəfil hücumundan sonra Qəzzanı idarə edən HƏMAS-ı məhv etmək üçün quru əməliyyatlar genişləndirilir.

“Son gün ərzində İsrail Müdafiə Qüvvələri təxminən 300 hədəfə, o cümlədən şaftların altındakı tank əleyhinə raket və raket buraxılış məntəqələrinə, həmçinin HƏMAS terror təşkilatına məxsus yeraltı tunellərin içərisindəki hərbi birləşmələrə zərbələr endirib”, – İsrail ordusunun bəyanatında bildirilib.

Qeyd edilib ki, HƏMAS silahlıları tank əleyhinə raketlər və pulemyot atəşi ilə onlara cavab veriblər.

HƏMAS oktyabrın 7-də İsrailin şəhərlərinə 1400-ə yaxın insanın ölümü ilə nəticələnən hücum edib. Bundan əlavə, 240 nəfəri girov götürüb və bugünədək onlardan cəmi dörd mülki vətəndaşı azad edib. Girovların çoxunun tunellərdə saxlanıldığı güman edilir.
İsrailin Baş naziri Binyamin Netanyahu humanitar atəşkəslə bağlı danışıb:

“Atəşkəsin pozulması ilə bağlı İsrailin mövqeyini bildirmək istəyirəm. Necə ki, ABŞ Pörl Harbordan və ya 11 sentyabrdakı terrordan sonra atəşkəsi qəbul etmədi, İsrail də HƏMAS-la mübarizəsini sonlandırmayacaq. 7 oktyabrda baş verən dəhşətli hücumdan sonra atəşkəs istəmək, İsrailin HƏMAS-a təslim olması, terrorizmə təslim olması, barbarlığa təslim olması deməkdir. Bu olmayacaq. Xanımlar və cənablar, İncil buyurur ki, sülhün də, müharibənin də öz vaxtı var. İndi müharibə vaxtıdır. Ortaq gələcək üçün müharibə. Bu gün biz bir xətt çəkirik – sivil qüvvələr ilə barbarlıq arasında bir xətt. İndi hamı hansı tərəfdə durduğuna qərar verməlidir”.

Qəzza səhiyyə orqanları oktyabrın 7-dən bəri İsrailin hücumları nəticəsində 3457-si azyaşlı olmaqla, 8306 nəfərin həyatını itirdiyini bildirib.

BMT rəsmiləri Qəzzanın təxminən 2,3 milyonluq mülki əhalisinin 1,4 milyondan çoxunun evsiz qaldığını açıqlayıb.

Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədəki rəsmisi oktyabrın 31-də Qəzzada “ictimai sağlamlıq fəlakətinin” qaçılmaz olduğunu bildirib.

Oktyabrın 30-da Qəzza zolağının şimalında, İndoneziya xəstəxanasının qarşısına endirilən hava zərbələri elektrik enerjisinin kəsilməsinə səbəb olub və həkimlər yanacağın bitdiyi üçün orada müalicə alan 250 yaralı fələstinlinin həyati təhlükəsi yarandığını deyiblər.

BBC yazır ki, oktyabrın 7-dən bəri Qəzzada ən azı 8525 nəfər həlak olub.

Məlumatı HƏMAS-ın nəzarətində olan səhiyyə nazirliyi bildirib.

Nazirlik qeyd edib ki, həlak olan fələstinlilər arasında 3542 uşaq və 2187 qadın, həmçinin 130 tibb işçisi var.

Oktyabrın 30-da ölənlərin sayı 8,306-ya çatıb.

Ana səhifəDünyaİsrail Qəzzanın altındakı tunel şəbəkəsinə hücum etdiyini açıqlayıb