close

IV Sevil Beynəlxalq Film Festivalının keçiriləcəyi tarix açıqlanıb

IV Sevil Beynəlxalq Film Festivalı

Festival eyni anda Bakı, Şəki, Lənkəran şəhərlərində reallaşacaq

IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının keçiriləcəyi tarixlər məlum olub.

Təşkilatçıların verdiyi məlumata görə, festival sentyabrın 15-dən 22-dək eyni anda Bakı, Şəki, Lənkəran şəhərlərində reallaşacaq.

Festivala film qəbulu davam edir.

Xarici rejissorlar üçün film qəbulu yekunlaşsa da, yerli rejissorlar müəllifi olduqları filmləri 30 iyun tarixinə qədər “FilmFreeway” vasitəsilə göndərə bilərlər.

Seçki komissiyası tərəfindən seçiləcək filmlər festivalın müsabiqə mərhələsində iştirak haqqı qazanacaq.

Qaliblər festivalın bağlanış mərasimində elan ediləcək.

“Sevilfest”in 2022-ci il proqramı çərçivəsində Almaniyanın “goEast” film festivalı ilə əməkdaşlığı nəticəsində festivalın ötənilki qalibi “goEast” festivalı nəzdində keçirilən “East-West Talent Lab”-da iştirak haqqı qazanıb.

Festivalın builki yerli qalibini də xüsusi mükafat gözləyir.

Adını Cəfər Cabbarlının “Sevil” pyesindən götürmüş Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı 2020-ci ilin sentyabrında fəaliyyətə başlayıb.

Festival müstəqil yerli sənədli film sahəsinin inkişafına töhfə vermək, sənədli film üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, yeni yerli sənədli filmlərin, eləcə də beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etmək, eyni zamanda, sənədli filmlər vasitəsilə gender məsələlərinə diqqət çəkmək məqsədi ilə yaradılıb.

Ana səhifəMədəniyyətIV Sevil Beynəlxalq Film Festivalının keçiriləcəyi tarix açıqlanıb