close

Jurnalistin qətlində ittiham olunan polis azadlığa buraxılıb

Anna Politkovskaya, foto: reuters

Onun məhbus kimi Ukraynada keçirilən əməliyyatlarda iştirak etdiyi bildirilir

Rusiyalı jurnalist Anna Politkovskayanın qətlini təşkil etməkdə təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edilən keçmiş polis Sergey Hacıkurbanovun əfv olunduğu bildirilir.

Bu barədə “Baza” məlumat yayıb.

Məlumata görə, Hacıkurbanov 2022-ci ilin sonunda vaxtından əvvəl azadlığa çıxmaq müqabilində Ukraynada döyüşməyə razılıq verib.

O, xidmətə kəşfiyyat bölməsinin komandiri kimi başlayıb, lakin tezliklə batalyon komandiri rütbəsinə yüksəlib.

Hacıkurbanovun vəkili Aleksey Mixalçik xəbəri təsdiqləyib.

“Birinci müqaviləyə əsasən Hacıkurbanov Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatlarda məhbus kimi iştirak edib. Sonra əfv olunub və hazırda Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq müharibədə mülki əsgər kimi döyüşür. O, 90-cı illərdə xüsusi təyinatlılarda işləyib, təcrübəsi var. Yəqin, buna görə də ona dərhal komandir vəzifəsi təklif olunub. İnanıram ki, müəyyən mənada ədalət zəfər çaldı, çünki onun Anna Politkovskayanın qətlində əli olmadığına inanıram”, – vəkil RBC-yə bildirib.

“Novaya Qazeta” qəzetinin əməkdaşı, araşdırmaçı jurnalist Anna Politkovskaya 2006-cı ilin oktyabrında Moskvada qətlə yetirilib.

İstintaq qətldə motiv kimi onun peşə fəaliyyətini əsas götürürüb.

Politkovskaya Kremlin tənqidçisi kimi tanınıb.

Cinayətin təşkilatçısı tapılmayıb, müstəntiqlər Lom-Əli Qaytukaevi təşkilatçı hesab ediblər.

2014-cü ildə ömürlük həbs cəzasına məhkum edilmiş Qaytukaev 2017-ci ildə həbsxanada ölüb.

Qaytukaevdən başqa, onun qardaşı oğulları Cəbrayıl, İbrahim və Rüstəm Mahmudovlar, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçmiş əməkdaşı Hacıkurbanov və Moskva Baş Daxili İşlər İdarəsinin keçmiş əməkdaşı, polis polkovnik-leytenantı Dmitri Pavlyuçenkov da cinayətin təşkilində və icrasında təqsirli biliniblər.

Hacıkurbanov 2014-cü ildə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Rusiya Prezidenti Vladimir Putin 2019-cu ildə Politkovskayanın qətlinin açılması üçün hər şeyi etdiyini deyib, lakin cinayətin sifarişçisi hələ də istintaqa məlum deyil.

Ana səhifəDünyaJurnalistin qətlində ittiham olunan polis azadlığa buraxılıb