close

Keçmiş diplomata 2 maddə ilə ittiham verildi

Foto: Emin İbrahimovun şəxsi arxivindən

Emin İbrahimov cinayəti işini “qondarma” adlandırır

Əvvəllər Azərbaycanın ABŞ-dakı səfirliyində, Uruqvaydakı diplomatik missiyada çalışmış, son bir neçə ildə isə sosial media hesablarında hökumətin siyasətini tənqid edən Emin İbrahimova iki maddə ilə ittiham verilib.

Bu barədə Meydan TV-yə onun vəkili Aqil Layıc məlumat verərək bildirib ki, iki gün əvvəl saxlanılan Emin İbrahimova qarşı iyulun 24-də Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurma) və 221.1-cı (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Emin İbrahimov iyulun 24-də metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında Kamal Şükürov adlı birinə bıçaqla xəsarət yetirməkdə təqsirləndirilir.

Lakin keçmiş diplomat özünü təqsirli bilmir, bu ittihamın saxta, hadisənin isə qondarma olduğunu deyir. O bildirib ki, iyulun 22-də “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında mənzilinin təmiri ilə əlaqədar evinə gedəndə bir nəfər qəfildən onun üstünə gəlib və paltarlarını cırmağa başlayıb. Bundan dərhal sonra o yerdə mülki geyimli polislər peyda olub və onu saxlayıb, Nizami rayonu, 24-cü polis bölməsinə aparıblar. Orada iddia olunub ki, Emin İbrahimov Kamal Şükürov adlı şəxsi bıçaqlayıb.

Vəkilinin dediyinə görə, Emin İbrahimov həbsini tənqidi mövqeyi ilə əlaqələndirir.

Emin İbrahimovun ilkin istintaq dövründə həbsdə saxlanması haqda qərar almaq üçün onun yaxın saatlarda Nizami Rayon Məhkəməsinə çıxarılacağı və barəsində həbs qətimkan tədbiri seçiləcəyi gözlənilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev iddia edir ki, Emin İbrahimov başqa birinə bıçaqla xəsarət yetirdiyinə görə saxlanılıb:

Belə bir hadisə baş verib. Bıçaq xəsarəti yetirdiyi şəxs xəstəxanaya yerləşdirilib”.

Emin İbrahimov 2023-cü ilin sentyabrında da həbs olunmuşdu. Həmin vaxt ona 30 sutka inzibati həbs cəzası verilmişdi. O zaman da Emin İbrahimov bildirmişdi ki, həbsinin səbəbi “Facebook” hesabındakı tənqidi paylaşımlarıdır.

Azərbaycanda son illərdə bir sıra fəallar bıçaqla kiməsə xəsarət yetirməkdə təqsirləndirilərək həbs olunsalar da, onlar ittihamı qəbul etmirlər. Deyirlər ki, bıçaqlandığı iddia olunan şəxslərə nəinki xəsarət yetirmək, hətta toxunmayıblar. Onlar əvvəldən öyrədilmiş ssenari üzrə özlərinə xəsarət yetirərək, bıçaqlanmaları görüntüsünü yaradıblar.

Bu cür ittihamla həbsdə olanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zamin Salayev, Almaniyada Azərbaycan hökuməti əleyhinə etiraz aksiyalarında iştirak etmiş, ölkəyə qayıdandan az sonra həbs olunmuş Samir Aşurov, işçilərin hüquqlarının müdafiəsilə məşğul olan İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin sədri Afiəddin Məmmədov da var.

AXCP üzvü Zamin Salayev məhkəməsində dəfələrlə tələb etdi ki, hadisənin baş verdiyi ərazidə – Lökbatan dairəsində olan təhlükəsizlik kameralarının görüntülərinə baxış keçirilsin. Onun sözlərinə görə, görüntülərə baxılsa, kimsəyə xəsarət yetirmədiyi, əlində bıçaq olmadığı, zərərçəkmişin özünün özünə xəsarət yetirdiyi məlum olacaq. Lakin görüntülərə baxılmadı, bildirildi ki, həmin vaxt ərazidə olan 8 kameranın heç biri işləməyib.

Ana səhifəSiyasətKeçmiş diplomata 2 maddə ilə ittiham verildi