close

“Keçmiş icra nümayəndəsi pay torpağımdakı 16 çinarı kəsib” 

Hüseyn Hüseynov. Fotolar: Meydan TV

Ağstafa sakini polisə və nazirliyə şikayət edib

“Ötən il siz problemi işıqlandırandan sonra torpağımızdan əl çəkdi. İndi yenə torpağımıza girib, bu, azmış kimi, üstəlik, çoxillik çinar ağaclarını da kəsib, atıb”.

Bunu Meydan TV-yə Ağstafanın Xətai kənd sakini Hüseyn Hüseynov deyir.

Hüseyn Hüseynov 2021-ci ilin martında da sayta müraciət etmişdi. Bildirmişdi ki, Ağstafa şəhərinin keçmiş icra nümayəndəsi (hazırda təqaüddə) Nəriman Hacıyev ona və ailəsinə məxsus pay torpağının bir hissəsini əlindən almağa çalışır. Hətta buna görə onun torpağına gedən yolu da kəsərək orada taxıl əkib. Bu səbəbdən Hüseyn Hüseynov nə torpağına gedə, nə də suvara, əkib-becərə, məhsul götürə bilirdi. Hüseyn Hüseynovun deməsinə görə, Meydan TV materialı yayımladıqdan sonra keçmiş icra nümayəndəsi torpaqdan bir müddət əl çəkib. Ancaq kəndli yenə şikayətçidir. İddia edir ki, Nəriman Hacıyev yenə ona məxsus torpağın bir hissəsinə göz dikib.

“Gözü doymur, başqalarının torpağına əl atır”

Hüseyn Hüseynov deyir, 1998-ci ildə dövlət tərəfindən ailəsinə kənddə – Poylu yolu deyilən ərazidə 42 sot pay torpağı verilib. Həmin sahədə yonca əkib məhsul götürür, bununla da dolanışığını qururmuş. 2016-cı ildə həmin vaxt Ağstafa şəhər icra nümayəndəsi olmuş Nəriman Hacıyev və oğlu Vidadi Hacıyev pay torpağının qonşuluğundakı torpaq sahəsini icarəyə götürüb, taxıl əkib. Ancaq öz torpaqlarıyla kifayətlənməyərək, qonşu torpaqlara da əl atırlar. İndi də onun pay torpağındakı çinar ağaclarını kəsiblər:

“Gözü doymur, başqalarının torpaqlarına əl uzadır. 3 gün əvvəl xəbər tutdum ki, mənim pay torpağımdakı 16 çinar ağacını kəsib. Sahəyə gedəndə gördüm ki, artıq ağaclar yerində yoxdur. Kəsdiyini hara aparıb, bilmirəm. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rayon şöbəsindən gəlib şəkillər çəkib, getdilər. Adamın məqsədi də pay torpağımın həmin hissəsini öz torpağına birləşdirməkdir. Ağaclar mane olurdu, kəsib atdı”.

Hüseyn Hüseynov Daxili İşlər Nazirliyinin 102 Xidmətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rayon şöbəsinə, icra hakimiyyətinə müraciət etdiyini deyir:

“Ekologiya şöbəsindən dedilər ki, daha polisə müraciət etmisənsə, bizlik bir iş yoxdur, onsuz da biz də polisə müraciət edəcəkdik, özün etmisən”.  

Meydan TV Nəriman Hacıyevlə əlaqə saxlaya bilməyib. Ağstafa Rayon İcra Hakimiyyətindən bildirilib ki, tərəflər mübahisəni məhkəmədə çözməlidir, qurumun məsələyə aidiyyəti yoxdur. Ağacların kəsilməsinə gəlincə, bununla bağlı vətəndaş Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməlidir.

2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən bildirilib ki, məsələ araşdırılacaq.

Ana səhifəBölgə“Keçmiş icra nümayəndəsi pay torpağımdakı 16 çinarı kəsib”