close

Kəndlilər onlara məxsus 10 ton pomidorun mənimsənildiyini deyirlər

Foto: Meydan TV

İş adamı isə deyir ki, məhsulun pulunu ona ödəniləcək borca görə mənimsəyib

Göyçayın Yalman, Ləkçılpaq və Bığırlı kənd sakinləri aldadıldıqlarını iddia edirlər.

Vətəndaşların Meydan TV-yə dediklərinə görə, Quba sakini, iş adamı Rüfət Soltanov onlara məxsus 10 ton pomidoru mənimsəyib.

“İki ilə yaxındır ki, kiçik sahibkarlıqla məşğulam. On beş-iyirmi nəfər rayon camaatı toplaşırıq, müxtəlif meyvə-tərəvəz məhsulları yetişdirib, toplayaraq, Rusiyaya satmağa göndəririk. Sənədləşmə işini də vasitəçi Rüfət Soltanov edir. Onun Rusiya bazarlarında tanışı var, məhsullar satılandan sonra bizə aid olan məbləği geri göndərir. 2023-cü il mayın 16-da maya dəyəri on min beş yüz (10500) dollar olan on ton pomidoru “Ateko” markalı yük maşının sahibi Dönməz Şahlar oğlu Adıgözəlova vermişəm ki, Rüfət Soltanova versin, o da Rusiyaya yola salsın. Lakin məhsulumuz yoxa çıxıb”, – Bığır kənd sakini Röyal Taleh oğlu Məmmədov Meydan TV-yə belə deyir.

Şikayətçi bildirir ki, məhsulun tədarük edilməsi və göndərilməsi prosesini o, icra etdiyi üçün sahibləri pullarını ondan tələb edirlər:

“Rüfət Soltanov iddia edir ki, məhsul bizim yox, Ləkçılpaq kənd sakini Elsun Yaqubovundur. Elsunun Rüfət Sultanova 46 min dollar borcu olduğu üçün məhsulumuzu geri vermirlər. Bu adla həmin məhsulu mənimsəyib. Arada anlaşılmazlıq olub, ya nədirsə, əziyyətini biz çəkirik. Çıxılmaz vəziyyətə düşmüşəm. Nə edəcəyimi bilmirəm. Məni çox böyük bir problemə salıblar. Məhsul sahibləri arasında şəhid ailəsi və qazi də var. Həmin adamlar mənə deyirlər ki, pulumuz çatdırılmasa, səni tutduracağıq”.

Röyal Məmmədov məhsullarının mənimsənildiyi iddia olunan adamların siyahısını da təqdim edib.

Bunlar Hüseyin Alşan oğlu Qafarov, Sahib Hüseyin oğlu Qafarov, İlham Saleh oğlu Salehov, Ramil Fizuli oğlu Bədəlov, Elşad Əlisa oğlu Zahidov, Gündüz Şəmail oğlu Əhmədov, Rövşən Şəmail oğlu Əhmədov, Saleh Ələddin oğlu Quliyev, Əziz Seyidxan oğlu Seyidov, Anar Mayis oğlu Məmmədovdur.

Röyal Məmmədov deyir ki, məhsulun toplanmasında iştirak edən beş nəfərin də pulu ödənməlidir.

İş adamı Rüfət Soltanov Meydan TV-yə Röyal Məmmədovun iddialarının əsassız olduğunu bildirib:

Şikatət edən vətəndaşla bir-birimizi tanımırıq. Həmin məhsulu mənimsənilməsi iddası ilə əlaqədar qurumlara, həmçinin Dövlət Gömrük Komitəsinə çağırılıb izahat da vermişəm. Məhsul Elsun Yaqubovun olub. Onlar bir-birlərini yaxşı tanıyırlar. Aralarında alqı-satqıları, alverləri var. Problem onların arasındadır. Sadəcə, Elsundan pulu ala bilmədiyi üçün mənim adımı hallandırıb. Məhsul Elsun Yaqubov tərəfindən göndərildiyi üçün onun adından da rəsmiləşdirmişik”.

Elsun Yaqubov Meydan TV-yə deyib ki, Röyal Məmmədovun ona borcu olduğu üçün həmin məhsulu mənimsəyib:

Mənə ümumilikdə on altı min beş yüz dollar borcu var. Röyala İrana səkkiz min dollar pul göndərmişəm. Həmin pulu qaytarmadı. Röyalın on min beş yüz dollar maya dəyərində məhsulu olub. Mən də həmin pulu onun mənə olan borcundan silmişəm. Onun hələ də bizə borcu var. Onun iddia etdiyi kimi deyil, insanları aldadır”.

Röyal Məmmədov isə deyilənləri təkzib edib.

Məsələ ilə əlaqədar Dövlət Gömrük Komitəsindən Meydan TV-nin sorğusu cavablandırılmayıb.

Ana səhifəBölgəKəndlilər onlara məxsus 10 ton pomidorun mənimsənildiyini deyirlər