close

Kino Agentliyi film layihələri müsabiqəsi elan edib

Foto: Mədəniyyət Nazirliyi

Dövlət sifarişi ilə istehsal olunan filmlərə 2 milyon veriləcək

Mədəniyyət Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) film layihələri müsabiqəsi elan edib.

Mədəniyyət Nazirliyinin saytında yerləşdirilən məlumatda qeyd olunur ki, müsabiqə dövlət tərəfindən kino sahəsinin inkişafı, yerli kinematoqrafçıların təcrübəsinin artırılması, eləcə də bu sahədə özəl sektorun dəstəklənməsi məqsədini daşıyır.

Mədəniyyət Nazirliyində bununla bağlı kino nümayəndələri ilə görüş keçirilib.

Bildirilib ki, müsabiqədə Azərbaycanda qeydiyyatdan keçmiş və kinematoqrafiya sahəsində fəaliyyət göstərən müstəqil prodüser mərkəzləri və digər hüquqi şəxslərin istehsal etdiyi film layihələri iştirak edə bilər. Müsabiqəyə bir neçə hüquqi şəxsin birgə qatılması da mümkündür.

Müsabiqənin ümumi fondu 5 500 000 manatdır.

Müsabiqəyə dövlət sifarişli, kommersiya, müəllif , eyni zamanda, debüt və tələbə filmləri qəbul ediləcək.

Dövlət sifarişi ilə istehsal olunacaq tammetrajlı və ya qısametrajlı bədii, sənədli və animasiya filmləri üçün 2 milyon manat nəzərdə tutulub.

Tammetrajlı və ya qısametrajlı bədii, sənədli və animasiya kommersiya filmləri üçün 1 milyon 250 min manat müəyyən edilib.

Müəllif filmləri (tammetrajlı və ya qısametrajlı bədii, sənədli və animasiya filmləri) layihələri üçün də 1 milyon 250 min manat ayrılacaq.

Debüt (tammetrajlı və ya qısametrajlı bədii, sənədli və animasiya filmləri) və tələbə (yalnız qısametrajlı filmlər) layihələri üçün isə 1 milyon manat veriləcək.

Müsabiqənin birinci mərhələsi iyulun 18-dən sentyabrın 15-dək davam edəcək.

İkinci mərhələdə (1 sentyabr – 15 oktyabr 2023-cü il) Seçim Komissiyası tərəfindən ilkin qiymətləndirmə və bədii seçim aparılacaq.

Müsabiqənin üçüncü mərhələsində (21-22 oktyabr 2023-cü il) Seçim Komissiyası və Ekspert Şurası qarşısında layihələrin iştirakçılar tərəfindən müdafiəsi (pitçinq) olacaq. Pitçinq mərhələsini uğurla başa vurmuş layihələr qalib hesab ediləcək və həmin layihələri təqdim etmiş iştirakçılarla müqavilə bağlanacaq.

Kino Agentliyinin yaradılması ilə bağlı sərəncamı Prezident İlham Əliyev 2022-ci il aprelin 20-də imzalayıb.

Ana səhifəXəbərlərKino Agentliyi film layihələri müsabiqəsi elan edib