close

Kino Agentliyinin keçirdiyi film layihələri müsabiqəsində narazılıq

Illustration: Meydan TV.

Kinotənqidçi: “Seçilən işlərin əksəriyyətinin səviyyəsi aşağı idi”

Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) təşkil etdiyi “Film layihələri müsabiqəsi”nin pitçinq (layihələrin müdafiəsi) mərhələsi keçirilib.

Mədəniyyət Nazirliyinin məlumatına görə, dövlət sifarişi, kommersiya, sənət filmi istiqamətində 1 qısametrajlı, 3 tammetrajlı sənədli, 2 qısametrajlı, 4 tammetrajlı bədii, 1 qısametrajlı animasiya film layihəsi olmaqla ümumilikdə 11 layihənin, tələbə alt istiqaməti üzrə isə 16 tələbə filminin istehsalına dəstək göstərilməsi məqbul hesab edilib.

Tədbirdə müşahidəçi qismində çıxış edən kinotənqidçi Hacı Səfərov deyir ki, seçilən işlərin əksəriyyətinin səviyyəsi aşağı olub. Hətta ötən müsabiqənin pitçinq mərhələsinə buraxılmayan dörd layihə bu dəfə növbəti mərhələyə keçə bilib.

Söhbət Mədəniyyət Nazirliyinin 300 min manatlıq “Tammetrajlı bədii film layihələrinə dəstək – 2022” müsabiqəsindən gedir.

2022-ci ilin martında müsabiqənin yekunları açıqlandı və yeddi layihənin qalib olduğu bildirildi.

Lakin qaliblərə layihəyə görə ayrılan pullar verilmədi.

Həmin müsabiqədə jüri üzvü olmuş Hacı Səfərov deyir ki, hazırda keçirilən pitçinqin aşağı səviyyədə olmasının səbəbkarı elə Mədəniyyət Nazirliyidir:

“Çünki həmin müsabiqənin qaliblərinə ödənişi etməyərək hazırki layihənin etibarlılığına xələl gətirirlər. Rejissorlar haqlı olaraq düşünür ki, əgər bir dəfə qazanmışam və mükafat verilməyibsə, niyə yenidən müraciət edim?”.

Hacı Səfərov deyir ki, müsabiqədə daha bir təəccüblü məqam isə jürinin qəbul etmədiyi layihənin pitçinqə düşməsi olub:

“Ən diqqətimi çəkən bir layihənin seçilməsinə və pitçinqə buraxılmasına jürilərin özünün də təəccüblənməsi oldu. “Karvan Production”ın təqdim etdiyi “Qurtuluş” layihəsinin pitçinqində iki jüri “Biz bu layihəni buraxmamışdıq axı”, – dedilər. Bu cür anlaşılmazlıqların hansı səbəbdən baş verdiyi aydın olmadı”.

Kino tənqidçi deyir ki, başqa bir diqqətçəkən məqam isə, “Baku Media Mərkəzi”nin təqdim etdiyi “Borc” layihəsində baş verib. Ssenari olmadığı halda layihə pitçinqə buraxılıb:

“Layihənin təqdimatı zamanı jürilərə ssenari təqdim olundu. Əgər ssenarisiz pitçinqə keçmək mümkündürsə, onda ARKA tərəfindən niyə belə bir şərt qoyulub? Elə hər kəs qısa bir sinopsislə müraciət etsin, pitçinqə seçilərsə, ssenari təqdim etsinlər. Məncə, bu şərtləri əlavə etsələr, daha şəffaf bir proses olar. Bəlkə də buna əsas səbəb, filmin rejissoru Orman Əliyevin həm də təzəlikcə yaradılan “Ekspert Şurası”nda da yer almasıdır”.

Layihənin qalibləri noyabrın 28-də açıqlanacaq.

Müsabiqənin ümumi fondu 5, 5 milyon manatdır.

Dövlət sifarişi ilə istehsal olunacaq tammetrajlı və ya qısametrajlı bədii, sənədli və animasiya filmləri üçün 2 milyon manat nəzərdə tutulub.

Tammetrajlı və ya qısametrajlı bədii, sənədli və animasiya kommersiya filmləri üçün 1 milyon 250 min manat müəyyən edilib.

Müəllif filmləri (tammetrajlı və ya qısametrajlı bədii, sənədli və animasiya filmləri) layihələri üçün də 1 milyon 250 min manat ayrılacaq.

Debüt (tammetrajlı və ya qısametrajlı bədii, sənədli və animasiya filmləri) və tələbə (yalnız qısametrajlı filmlər) layihələri üçün isə 1 milyon manat veriləcək.

Kino Agentliyinin yaradılması ilə bağlı sərəncamı Prezident İlham Əliyev 2022-ci il aprelin 20-də imzalayıb.

Ana səhifəMədəniyyətKino Agentliyinin keçirdiyi film layihələri müsabiqəsində narazılıq