close

Koronaviruslu xəstələrə görə həbs olunan baş həkimlər azadlığa buraxılıb

Həkim Pərviz Abbasov – Mənbə: Azərtac

 Onların hər ikisi bəraət istəyirdi

2021-ci ilin aprelində – ölkədə koronavirusa yoluxmuş xəstələrin sayının çox olduğu dövrdə həbs olunan  “Yeni Klinika”nın direktoru Pərviz Abbasov və Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin tabeliyindəki Modul Tipli Hospitalın baş həkimi İmran Ağayev azadlığa buraxılıb.

Onların hər ikisi rəhbərlik etdikləri tibb müəssisələrində müalicə olunan koronaviruslu xəstələrin yaxınlarından rüşvət almaqda ittiham olunurdu. Pərviz Abbasov və İmran Ağayev ayrı-ayrı cinayət işləri üzrə mühakimə olunsalar da, hər ikisi də eyni üsulla və təxminən eyni vaxtda azadlığa buraxılıblar.

Həm Pərviz Abbasov, həm də İmran Ağayev Cinayət Məcəlləsinin 311.3.1 (bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma) maddələrilə ittiham olunurdu. Bu maddələrlə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Abbasova 8 il 6 ay, Ağayevə isə 8 il 3 ay azadlıqdan məhrumetmə cəzası verilmişdi.

Lakin Bakı Apelyasiya Məhkəməsi onların hər ikisinin cəzasını azaltdı. Baxmayaraq ki, müxtəlif işlər idi, hər ikisinə münasibətdə eyni üsuldan istifadə edildi – Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olundu. Bu maddə hakimə imkan verir ki, şəxsin ittiham olunduğu maddədə nəzərədə tutulan cəzanın ən aşağı həddindən daha yüngül cəza təyin etsin. Onların ittiham olunduğu müddədə cəza 8 ildən başlayır. Lakin apelyasiya məhkəməsi Pərviz Abbasovun cəzasını 5 il 6 aya, İmran Ağayevin cəzasını isə 4 ilə endirmişdi.

Onların heç biri özlərini təqsirli bilmirdilər və bəraət istəyirdilər. Elə bəraət tələbilə də Ali Məhkəməyə müraciət etmişdilər. Ali Məhkəmə isə onlara bəraət verməsə də, hər ikisinin cəzasını 3 ilə endirmişdi.

Mayın 5-də Pərviz Abbasov 3 illik cəzanın üçdə iki hissəsini çəkməsi əsasıyla vaxtından əvvəl azadlığa buraxılıb. Bu barədə Nizami rayon Məhkəməsinin hakimi Rauf Əhmədov qərar çıxarıb.

Mayın 2-də isə İmran Ağayev cəzasının üçdə ikisini çəkməsi əsasıyla azadlığa vaxtından əvvəl azadlığa buraxılıb. Onun haqqında qərarı Sabunçu Rayon Məhkəməsinin hakimi Elnurə Rəcəbova çıxarıb.

“Mən də nə vaxtsa bəraət alacağam. Buna əminəm. Mən həbs olunduğum gün otağıma Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları daxil olanda özüm də korrupsiyaya qarşı mübarizə haqqında yazı yazırdım. Paradoksa baxın…”, – Pərviz Abbasov məhkəmədə çıxışında belə demişdi.

Ana səhifəXəbərlərKoronaviruslu xəstələrə görə həbs olunan baş həkimlər azadlığa buraxılıb