close

Kreml Putinin atəşkəslə bağlı ABŞ-a təklif göndərdiyini təkzib edib

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi. Foto: Tomas Ragina/shutterstock.


Peskov deyib ki, yayılan xəbər həqiqəti əks etdirmir

Kreml Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı münaqişənin dondurulmasını təklif etməsi xəbərini təkzib edib.

Putinin köməkçisi Dmitri Peskov “Reuters” agentliyinin “Vaşinqton Moskvanın Ukraynadakı münaqişənin dondurulması təklifini nəzərdən keçirməkdən imtina edib”, – məlumatını yalan adlandırıb.

Peskov brifinqdə deyib ki, yayılan xəbər həqiqəti əks etdirmir.

Dmitri Peskov. Foto: Meydan TV

Rusiya Prezidenti Vladimir Putinin ABŞ-a Ukraynada atəşkəs məsələsini nəzərdən keçirməyə hazır olduğu barədə siqnallar göndərdiyi, Vaşinqtonun isə danışıqları rədd etdiyi bildirilir.

Bu barədə fevralın 13-də “Reuters” müzakirələrlə tanış olan üç rus mənbəsinə istinadən məlumat yayıb.

Məlumata görə, Putin öz mövqeyini 2023-cü ildə açıq şəkildə bəyan edib, həmçinin bunu vasitəçilər, o cümlədən Moskvanın Yaxın Şərqdəki ərəb tərəfdaşları vasitəsilə özəl şəkildə çatdırıb.

Agentliyin həmsöhbətlərinin dediyinə görə, Putinin siqnalları Vaşinqtona ötürülüb və Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Börns və ABŞ Dövlət katibi Entoni Blinken də daxil olmaqla yüksək vəzifəli şəxslərin görüşündə müzakirə edilib.

Mənbələrdən birinin “Reuters”ə verdiyi məlumata görə, nəticədə 2024-cü ilin yanvarında Sullivan Putinin müşaviri Yuri Uşakova zəng edərək ABŞ-ın Ukraynanın özünün iştirakı olmadan atəşkəsi müzakirə etməyəcəyini deyib.

İndi agentliyin həmsöhbətləri qeyd edirlər ki, Kreml bu məsələdə ABŞ-la gələcək təmasların mənasını görmür, ona görə də müharibə davam edəcək.

Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak isə bunu “uydurma və Rusiyanın hazırkı təbliğat kampaniyasının elementi” adlandırıb.

2023-cü il dekabrın sonunda “The New York Times” da mənbələrə istinadən Putinin ABŞ-a ötürdüyü “siqnallar” haqqında məlumat yayıb.

Nəşrin yazdığına görə, Putin 2023-cü ilin sentyabrından başlayaraq “müxtəlif diplomatik kanallar vasitəsilə” Ukraynada atəşkəslə bağlı danışıqlara başlamağa hazır olduğunu, tutduğu mövqelərdə dayandığını açıqlayıb.

Rusiya 2022-ci il fevralın 24-dən Ukraynada hərbi əməliyyatlar keçirir.

Ana səhifəSiyasətKreml Putinin atəşkəslə bağlı ABŞ-a təklif göndərdiyini təkzib edib