close

Külli miqdarda dələduzluqda ittiham olunan vəkil Elçin Qəmbərovun məhkəməsi başlayıb

Elçin Qəmbərov, Trend.az

Vəkil zərərşəkən tərəfə bütün borcunu qaytardığını deyir

“Mərkəz” vəkil bürosunun keçmiş rəhbəri, yeddi aydır həbsdə olan Elçin Qəmbərovun məhkəməsi başlayıb. O, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan general-mayor Mövlam Şıxəliyevin ev dustaqlığına buraxılması üçün onun oğlundan 300 min dollar pul alıb aldatmaqda ittiham olunur.

Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda dələduzluq) maddəsilə ittiham olunan Elçin Qəmbərovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyilə baxılır. Fevralın 22-də məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiriləndə Elçin Qəmbərov deyib ki, cinayət işiylə tanışdı, anket məlumatlarının elan eləməyə ehtiyac yoxdur.

“Hüquqlarımdan istifadə edirəm, ifadə verməkdən imtina edirəm”, – Elçin Qəmbərov belə deyib.

Hakim onun nəzərinə çatdırıb ki, hazırda hazırlıq mərhələsidir, indiki mərhələdə ifadə verilmir.

Daha sonra anket məlumatları dəqiqləşdirilib, Elçin Qəmbərov deyib ki, vəkillik fəaliyyətinə xitam verilməyib. Vəkillər Kollegiyasından da bildirilib ki, onun fəaliyyəti hökm çıxarılana qədər dayandırılıb.

Hakim Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasının rəisi Mehman Əhmədovun məhkəməyə göndərdiyi məktubu elan edib. Məktubda Elçin Qəmbərovun məhkəməyə gətirilib-aparılmasında çətinliklər yaranması, həmçinin Elçin Qəmbərovun öz istəyinin nəzərə alınaraq, onun Penitensiar Xidmətin tabeliyində olan Bakı İstintaq Təcridxanasına köçürülməsi istənilib. 

Məhkəmə Elçin Qəmbərovun Bakı İstintaq Təcridxanasına köçürülməsi barədə qərar qəbul edib.

Elçin Qəmbərovun vəkili Leyla Namazzadə məhkəmə prosesinin qapalı keçirilməsi barədə vəsatət qaldırıb. O bildirib ki, cinayət işi təqsirləndirilən şəxsin peşə fəaliyyətilə bağlıdır. Qanuna görə isə peşə, ailə və kommersiya sirrinin yayılması yolverilməzdir. Lakin bu vəsatət təmin olunmayıb.

Vəkil Elçin Qəmbərovun ev dustaqlığına buraxılması haqda da vəsatət qaldırıb. O bildirib ki, zərərçəkmişə dəymiş ziyan tam ödənilib, barışıq əldə olunub, qarşı tərəf şikayətçi deyil.

Hakim zərərçəkmiş qismində tanınan Elgün Şıxəliyevin məktubunu elan edib. Həmin məktubda göstərilib ki, Elçin Qəmbərov tərəfindən ona dəymiş 510 min manat ziyan tam ödənilib. General oğlu şikayətçi olmadığını, gələcəkdə də şikayət və tələbinin olmayacağını qeyd edib.

Məhkəmə onun ev dustaqlığına buraxılması haqda vəsatəti də təmin etməyib. Hakim qərarı belə əsaslandırıb ki, Elçin Qəmbərov xüsusilə ağır cinayətdə ittiham olunur.

Elçin Qəmbərovun işi üzrə məhkəmə baxışı martın 7-nə təyin edilib.

MTN generalı Mövlam Şıxəliyev 2021-ci il aprelin əvvəlində həbs olunub. Onun vəkili “Mərkəz” vəkil bürosunda çalışan Arzu Cavadovdur. İttihama əsasən, bu büronun rəhbəri olan Elçin Qəmbərov Arzu Cavadova deyib ki, vəzifədə olan tanışları vasitəsilə Mövlam Şıxəliyevin ev dustaqlığına buraxılmasına kömək edə bilər. Arzu Cavadov da bunu generalın ailəsinə çatdırıb. Onun oğlu Elgün Şıxəliyev büroda Elçin Qəmbərovla görüşüb və razılaşıb. Aprelin ortalarında ona 300 min dollar versə də, verilən vədə əməl olunmayıb. Avqust ayında pul geri qaytarılıb. Cinayət işi məhkəməyə göndəriləndən sonra Elçin Qəmbərov artıq yeni mərhələdə başqa şəxslər vasitəsilə bu işi həll edəcəyini bildirərək, yenidən ondan 300 min dollar alıb və bu dəfə geri qaytarmayıb.

Elçin Qəmbərov Elgün Şıxəliyevin DTX-ya şikayəti əsasında həbs olunub.

İstintaq zamanı Elçin Qəmbərov özünü təqsirli bilib. O deyib ki, borclarını ödəmək üçün bu addımı atıb. Onun sözlərinə görə, general oğlunun etibarını qazanmaq üçün birinci dəfə pulu qaytarıb.

Elçin Qəmbərovun adı bundan əvvəl də bir neçə dəfə qalmaqallarda hallanıb. O, 2014-cü ildə Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun vəkili olduğu dövrdə onun həbsdən göndərdiyi şəxsi məktubları yaymaqla və kitab şəklində çap etdirməklə gündəmə gəlmişdi. Bundan başqa, dövlət çevrilişinə cəhd ittihamıyla 13 il həbsdə olan Səid Dadaşbəylinin ailə üzvləri onu dələduzluqda ittiham edirdi. Ailə iddia edirdi ki, vəkil Səid Dadaşbəylinin adının siyasi məhbus siyahısına salınması adıyla onlardan külli miqdarda pul alıb.

Elçin Qəmbərov isə bu ittihamı rədd edir, pulu vəkil kimi göstərdiyi xidmət müqabilində aldığını deyirdi. Əvvəl 15 saylı vəkil bürosunda çalışan Elçin Qəmbərov Leyla Yunus haqqında kitab yazandan sonra “Mərkəz” vəkil bürosunun rəhbəri təyin olunmuşdu.

Ana səhifəTövsiyəKülli miqdarda dələduzluqda ittiham olunan vəkil Elçin Qəmbərovun məhkəməsi başlayıb