close

Laçın dəhlizi AŞPA-da müzakirəyə çıxarılır

Foto: arxiv

Dəhliz vasitəsilə sərbəst və təhlükəsiz girişin təmin edilməsi müzakirə olunacaq

Avropa Şurası Parlament Assambleyası yay sessiyasının gündəliyinə “Laçın dəhlizi vasitəsilə sərbəst və təhlükəsiz girişin təmin edilməsi” məsələsinin təcili qaydada müzakirəsini daxil edib.

İclasın iyunun 22-də keçiriləcəyi qeyd olunub.

Bu barədə “Turan”a Avropa Şurasının mətbuat xidmətindən bildiriblər.

Müzakirənin məruzəçisi İrlandiyadan olan parlamentari Pol Gevandır.

Bundan öncə Gevan Avropa Şurası Parlament Assambleyasında Ermənistan-Azərbaycan münaqişəsinin humanitar nəticələri barədə məruzə hazırlayaraq təqdim edib.

Aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurduğunu bəyan edib.

Mayın 4-də “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”na dəyişiklik edilib.

Bu barədə qərarı isə Baş nazir Əli Əsədov imzalayıb.

Münaqişənin qısa xronikası

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Ana səhifəSiyasətLaçın dəhlizi AŞPA-da müzakirəyə çıxarılır