close

Lənkəran sakini: “Hərbi komissarlıqda dedilər, sən şəhid olmusan”

Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti.

Əfqan Kərimovun iddiasına görə, 30 ilə yaxındır ki, hərbi xidmətdən qayıdıb, ancaq hələ də nə hərbi bileti, nə də şəxsiyyət vəsiqəsi var

“Sənədimi Lənkəran Hərbi Komissarlığına verib gedəndə 18 yaşım vardı. İndi 47 yaşım var, ancaq hələ də hərbi biletim, şəxsiyyət vəsiqəm yoxdur. Dəfələrlə hərbi komissarlığa getdim, dedilər, bizdə olan məlumata görə, sən şəhid olmusan”.

Lənkəran sakini Əfqan Kərimov Meydan TV-yə danışır ki, 1993-cü ildə hərbi xidmətə gedib. Deməsinə görə, Lənkəran Rayon Hərbi Komissarlığından əvvəl Pirəkəşküldəki, sonra Gəncədəki N saylı hərbi hissədə, daha sonra Kəlbəcərdə, Murovdağda xidmət edib. Sonra yenə Gəncədəki N saylı hərbi hissəyə qaytarılıb.

“Surətin batalyonunda xidmət etmişəm, hərbi hissədə yaralanmışam”

Əfqan Kərimovun deməsinə görə, hərbi hissənin həyətində yaralanıb:

“Surətin batalyonunda olmuşam. Kəlbəcərə, Murovdağa həmin batalyonun tərkibində gedib, döyüşüb Gəncəyə qayıtmışam. Hərbi hissənin ərazisində mina basdırılmışdı, mən də həmin minaya düşmüşdüm. Başımdan, ayağımdan yaralandım. Uzun müddət Gəncədəki hərbi hospitalda müalicə olundum, hospitaldan evə buraxıldım. Mənə bildirilmişdi ki, Lənkəranın Hərbi Komissarlığına gedib, hərbi biletimi götürüm. Səhhətimlə əlaqədar hərbi biletin dalınca bir müddət gedə bilmədim. Sonralar gedəndə isə bildirdilər ki, sənin hərbi biletin hərbi hissədən bizə gəlməyib”.

“Ömrümü sənədsiz, sübutsuz yarı etdim”

Əfqan Kərimov iddia edir ki, uzun müddət hərbi hissəylə hərbi komissarlıq arasında qalsa da, nəticəsi olmayıb:

“Mən hərbi xidmətə çağırılanda qırmızı pasportumu almağa gecikmişdim deyə, hərbi komissarlığa doğum haqqında şəhadətnamə vermişdim. Sonralar mənə problem yaradan səbəblərdən biri də bu oldu. Bir dəfə hərbi komissarlığa gedəndə isə üzümə dedilər ki, bizdə olan məlumata görə, sən şəhid olmusan. Uzun müddət hərbi bilet üçün gedib-gəldim. 47 yaşım var, 18 yaşında çəkdiyim hərbi xidmətin hərbi biletini hələ də ala bilməmişəm. Nəticədə şəxsiyyət vəsiqəsi də ala bilməmişəm. Gedirəm şəxsiyyət vəsiqəsi almağa, deyirlər, hərbi bileti təqdim et, gedirəm hərbi bileti almağa, deyirlər, şəxsiyyət vəsiqən yoxdu, verə bilmərik. Beləcə, ömrümün yarısından çoxunu sənədsiz-sübutsuz başa vurmuşam”.

Əfqan Kərimov deyir, əlində bircə hospitaldan buraxılması ilə bağlı sənəd olub, onu da bir neçə il əvvəl elə sənədlərini düzəltmək üçün gedib-gəldiyi dövlət idarələrində götürüblər, sonradan o da geri qaytarılmayıb.

Lənkəran Rayon Hərbi Xidmətə Çağırış və Səfərbərlik İdarəsindən məsələyə müasibət öyrənmək mümkün olmayıb.

Hüquqşünas Namizəd Səfərov deyir, Əfqan Kərimov Müdafiə Nazirliyinin arxivinə məktubla müraciət etməlidir:

“Hər bir halda vətəndaşın hərbi xidmətlə bağlı məlumatları arxivdə var. Həmin arxiv sənədi əsasında hərbi biletini bərpa edə bilər. Şəhid olduğunu bildirmələri ilə bağlı vətəndaşın dedikləri isə ciddi görünmür”.

Ana səhifəBölgəLənkəran sakini: “Hərbi komissarlıqda dedilər, sən şəhid olmusan”