close

Lizinqlə maşın alan vətəndaş aldadıldığını deyir

Foto: Fed.az

Natiq Cəfərli: “Vətəndaşların hüquqi bilgilərinin azlığından sui-istifadə edirlər”

Sənan Atakişizadə lizinqlə maşın alarkən aldadıldığını deyir.

Şikayətçi Meydan TV-yə bildirib ki, 2021-ci ilin aprelində 3760 manat ilkin ödəniş edərək “Bank Melli Iran”a məxsus “Atlas Cars” MMC-dən lizinqlə avtomobil götürüb.

Dediyinə görə, müqavilədə göstərilib ki, avtomobilin ümumi dəyəri və birillik faizi tam ödənildiyi təqdirdə sonrakı mərhələdə faiz sıfırlanır, amma lizinq şirkəti buna əməl etmir:

“Müqavilənin 2.11-ci bəndində deyilir ki, lizinq alan lizinq obyektinin ümumi dəyərini 12 ay müddətinədək tam ödəyərsə, müqavilə bağlandığı gündən bir illik faizləri ödəmək şərtilə bu müqaviləyə vaxtından əvvəl xitam verilir. Əgər tam ödəmə halı 12 aydan sonra yaranarsa, bu halda lizinq alan tam ödənişi etdiyi gündən sonrakı müddət üçün qalan qalıq borcu faizsiz ödəməklə müqavilə üzrə öhdəlikləri yerinə yetirmiş hesab edilir. Lakin lizinq şirkəti müqavilənin bu bəndini gözardı edir”.

“Avtomobilin qiyməti 11160 manat təşkil edirdi. 42 ay müddətinə 20,6 % faizlə aldım. Belə olan halda lizinq şirkətinə borcum 15750 manat edirdi. Bu məbləği ayda 375 manat olmaqla 2024-cü ilin oktyabrında bağlamalı idim. “Atlas Cars”la imzaladığım müqavilədə qeyd olunub ki, on iki aydan sonra borc nə vaxt tam bağlanarsa, yerdə qalan faiz silinir. Hazırda 1850 manat borcum var. Onlara 600 manat pul verməliyəm. Belə olan halda da 1132 manat faiz silinməlidir. Müqavilədə göstərilən borcumu tam ödəmişəm. Bu da o deməkdir ki, 2024-cü ilin oktyabrına qədər olan faktiki faizlərim tamamilə silinməlidir”, – şikayətçi deyir.

Sənan Atakişizadə bildirib ki, lizinq şirkəti faizi silməkdən boyun qaçırdığı üçün məhkəməyə müraciət edəcək:

“Düzdür, onların heç kimdən qorxusu yoxdur. Çünki mənə deyirlər ki, hara istəyirsən şikayət et. Bununla belə, məhkəməyə müraciət edəcəyəm. 1200 manat az pul deyil, mənim üç aylıq maaşımdır. Bunlar deyirlər ki, pulu qrafik üzrə ödə, tez bağlama. Tez ödəyirsən, bizə xeyri olmur. Mən hər dəfə yüksək məbləğ ödəmişəm ki, borcumu bağlayım”.

“Bank Melli Iran”ın Bakı filialının hüquq şöbəsindən Meydan TV-yə banka aid “Atlas Cars” adlı lizinq şirkətinin olmadığını deyiblər.

Sənan Axundzadənin Meydan TV-yə təqdim etdiyi qəbzlərdə isə ödənişlərin məhz “Bank Melli Iran”a edildiyi əks olunub.

İnternet resurslarında “Atlas Cars” lizinq şirkəti ilə əlaqədar sayt, əlaqə nömrələri, ünvan tapılmayıb.

Maliyyə lizinqi və ümumiyyətlə lizinq əməliyyatları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 38-ci fəsli ilə tənzimlənir.

Azərbaycanda lizinq xidmətləri 2014-cü ildən genişlənməyə başlayıb.

Həmin dövrdə Mərkəzi Bank, bank və bank filiallarından kənarda, o cümlədən pərakəndə ticarət obyektlərində kredit verməyi qadağan etdi.

Nəticədə istehlak kreditlərinin bir hissəsi lizinqə çevrildi. Avtomobil kreditlərinə qoyulan məhdudiyətlərin fonunda avtomobillərin lizinq üsulu ilə əldə edilməsinə maraq artdı.

Lizinq özündə bank krediti, icarə, investisiya elementlərini cəmləşdirən münasibətlər kompleksidir. Lizinq üzrə maliyyələşdirmə bank kreditlərindən daha uzunmüddətli və sərfəli hesab edilir.

Azərbaycanda əksər lizinq şirkətləri banklardan aldıqları kreditlər hesabına lizinq məhsulları təklif edirlər.

İnvestor ilə lizinq şirkətləri arasında vasitəçinin (bankların) olması isə cəlb edilən vəsaiti bahalaşdırır.

Azərbaycanda lizinqlə avtomobil alışı zamanı vətəndaşların aldadılması faktlarına tez-tez rast gəlinir.

Lizinqlə nəqliyyat vasitələri alarkən nələrə diqqət yetirilməlidir?

İqtisadçı Natiq Cəfərli Meydan TV-yə deyir ki, əslində, bank krediti ilə müqayisədə lizinqlə avtomobil almaq daha əverişlidir. Çünki lizinq şərti ilə avtomobili 3 ildən daha çox müddətə də almaq mümkündür. Bu da lizinq alanlar üçün daha rahatdır:

“Avtomobil kreditlərinin ən populyar növü 36 aylıq kreditlərdir. Faiz nisbətində də avtomobilin dəyərindən ən azı 60-70 faiz əlavə ödəmək həcmini hesablayanda çox baha başa gəlir. Amma lizinqdə müqavilədən asılı olaraq, müddət 7, hətta 8 illik də ola bilir. Çox zaman vətəndaşlara bu, daha çox sərf edir”.

İqtisadçı deyir ki, lizinq şirkətləri çox zaman lizinq müddətinin uzun olmasından və vətəndaşların hüquqi bilgilərinin azlığından sui-istifadə edirlər.

O bildirir ki, həm zaman, həm də faiz dərəcələri ilə bağlı müxtəlif şərtlər olduğu üçün bu sahə fərdi müqavilələrlə tənzimlənir. Məhz buna görə də vətəndaşlar fərdi müqavilələr bağlayarkən mütləq hüquqşünasla məsləhətləşməli, ya da ən azından bu sahədə diqqətli olmalıdırlar:

Natiq Cəfərli
Natiq Cəfərli, Foto: Meydan TV

“Lizinq alanlar çox vaxt lizinq şirkətlətinin təklif etdikləri müqavilələri oxumadan imzalayırlar. Lizinq şirkətlərinin tərtib etdiyi müqavilələrdə də əksər hallarda məsuliyyət vətəndaşın üzərində olur. Müqaviləyə əsasən də, avtomobilin sığortası, yaxud da dəymiş ziyan və ya ödənişlər zamanı problem yarananda, lizinq şirkətləri məhkəməyə verməklə avtomobilləri vətəndaşların əlindən alırlar. Çox vaxt da hakimlər də məcburən lizinq şirkətlərinin xeyrinə qərar verirlər. Çünki vətəndaş imzaladığı müqavilədə məsuliyyəti öz üzərinə götürdüyünü bəyan edib. Hətta əksər hallarda vətəndaşların əvvəlcədən, həmin dövrə qədər ödədilkəri vəsait də batır, geri qaytarılmır”.

Lizinqin kreditdən fərqi nədir?

Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov Meydan TV-yə deyir ki, lizinqin kreditdən fərqi ilkin ödəniş zamanı məbləğin az olmasındadır. Lakin onun illik ödənişləri daha çox olur:

“Lizinqlə avtomobil alan vətəndaşlar bunu kreditlə eyniləşdirirlər. Əslində belə deyil. Kreditlə aldığınız avtomobil sizə məxsusdur. Lizinqlə aldığınız avtomobil isə sizə məxsus deyil. Yalnız lizinq şirkəti ilə aranızda olan müqavilə əsasında həmin avtomobilə ödəyəcəyiniz, məbləğ və faiz bitəndən sonra lizinq şirkətinin razılığı ilə maşın sizin olur. Vətəndaşlar lizinqlə alış edən zaman bu işə mütləq hüquqşünas cəlb etsinlər. Müqavilə hüquqşünasın iştirakı ilə tərtib edilsin. Müqavilənin şərtləri avtomobil alan şəxsə tam açıq-aydın olsun”.

Foto: Eldəniz Cəfərovun şəxsi arxivindən
Ana səhifəSosialLizinqlə maşın alan vətəndaş aldadıldığını deyir