close

Median pensiya məbləği açıqlanıb

Foto: hedgehog94/shutterstock.com

“Təxminən 550 min nəfərin aylıq pensiyası 360 manatdan aşağıdır”

Azərbaycanda median pensiya 360 manata çatıb. Bunun 3-4 il əvvəllə müqayisədə 2,5 dəfə çox olduğu bildirilir.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev belə deyib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev
Source: Meydan.TV

“Hamının arzusudur ki, Azərbaycanda ən yüksək əməkhaqları və pensiyalar olsun. Nominal rəqəmin arzu etdiyimiz səviyyəyə çatmasını biz də istəyirik. Hələ o səviyyəyə çatmamışıq. Bunu bir günə etmək çox böyük çağırışlar, fəsadlar törədə bilər. Ona görə də dinamikaya baxmaq lazımdır”, – nazir bildirib.

Onun sözlərinə görə, hazırda şəhid ailəsi üzvlərinin orta pensiyası 1 200 manatdan çoxdur. Eyni zamanda, müharibə əlillərinin aldığı təqaüd və pensiyanın orta məbləği 750 manatdan artıqdır:

“Növbəti ildə indeksasiya ilə 800 manata çatacaq. Bu istiqamətdə siyasətimiz davamlı olaraq həyata keçiriləcək”.

İqtisadçı Rövşən Ağayev deyir ki, uzun çağrışlardan sonra nəhayət, sosial müdafiəyə məsul olanlar median pensiyanın məbləğini açıqlayıb – 360 manat olduğunu bildiriblər.

Rövşən Ağayev
Mənbə: Meydan TV

Bu, o deməkdir ki, hazırda pensiya alan 1,1 milyon nəfər insanın tam yarısı, təxminən 550 min nəfərinin aylıq pensiyası 360 manatın aşağısında, yerdə qalan yarısının da aldığı məbləğ bu rəqəmin üzərindədir:

 “Amma pensiya sisteminin şəffaflığı üçün təkcə bu rəqəmi açıqlamaq kifayət deyil. Sistemin şəffaflığı üçün müntəzəm olaraq ictimaiyyətə açıqlanmalı olan başqa göstəricilər də var”.

Rövşən Ağayevin açıqlanmasını istədiyi göstəricilər bunlardır:

1. Sosial Müdafiə Fondunun büdcəsindən illik pensiya ödənişlərinə xərclənən vəsaitin yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiyalar arasında bölgüsünün necə olması;
2. Güzəştli şərtlərlə pensiya alanların sayı və onların regionlar üzrə bölgüsü;
3. Pensiya alanların yaş intervallarına görə bölgüsü;
4. Pensiyaların məbləğinin intervalları üzrə (məsələn, 280-350 manat, 351-400 manat, 401-500 manat, 501-750 manat, 751-1000 manat, 1000 manatdan yüksək) görə pensiyaçıların sayı.

Hər yeni ilin əvvəlində Azərbaycanda pensiyalar ötən il ərzində ölkədə orta aylıq əməkhaqqı məbləğindəki artım məbləğində indeksləşdirilir. Yəni öncəki il ölkədə orta aylıq maaş neçə faiz artıbsa, pensiyalar da o qədər artırılır.

Azərbaycanda orta pensiya müddəti 12 il olaraq götürülür. Yəni hökumət düşünür ki, bir pensiyaçı ortalama 12 il müavinət alacaq.

Ana səhifəİqtisadiyyatMedian pensiya məbləği açıqlanıb