close

Məktəblərdə İntizam Şurası yaradılacaq

Məktəblilərin davası. Foto: Meydan TV

Ekspert: “Əvvəlcə, məktəb rəhbərlərinin davranışını qaydaya salsınlar”

Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi və şagirdlərin nümunəvi məktəbdaxili nizam-intizam qaydaları haqda layihə hazırlanaraq təqdim olunub.

Təqdimatda Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib ki, məktəblərdə İntizam Şurası yaradılacaq.

O bildirib ki, şuranın yaradılması və tərkibində valideynlərin təmsil olunması məcburi olacaq.

Məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı tətbiq ediləcək inzibati tədbirlər də müəyyənləşib.

Elnur Əliyev bildirib ki, həmin vaxt şagirdlərin davranış səviyyələri nəzərə alınacaq.

Davranış səviyyələrinə görə tətbiq ediləcək inzibati tədbirlər bunlardır:

müəllim baxışı, qeyri-verbal münasibət

şagirdlərlə sakit söhbət

xəbərdarlıq

uzaqlaşdırma

valideyn ilə əlaqə saxlamaq

dərsdən sonra şagirdin məktəbdə saxlanması

psixoloqa yönləndirmə

sarı xəbərdarlıq məktubu

narıncı xəbərdarlıq

qırmızı xəbərdarlıq.

Şöbə müdiri həmçinin bildirib ki, şagirdlərin davranış pozuntularının ağırlıq səviyyəsi müəyyənləşdirilib.

Elnur Əliyev. Foto: report.az

1-ci səviyyə yüngül səviyyəli qayda pozuntularıdır. Üzrsüz səbəbdən dərsə gecikmək, ev tapşırığını yerinə yetirməmək, böyüklərə qarşı nəzakətsiz davranmaq və s.

2-ci səviyyə orta səviyyəli qayda pozuntularıdır. Yalan danışmaq, həqiqəti gizlətmək və ya təhrif etmək, təhlükəsizlik qaydalarını pozmaq (pəncərədən çölə əyilmək, sürahilərdə sürüşmək), başqalarına emosional-fiziki zərər vuran ehtiyatsız hərəkət və davranışa yol vermək və s.

3-5-ci səviyyə ciddi və ağır qayda pozuntularıdır. Başqasının əşyasına və ya məktəb əmlakına zərər vurmaq, əks cinsin nümayəndəsinə qarşı qeyri-etik şəkildə davranmaq, zorakılıq etmək, dalaşmaq və ya zorakı şəkildə qisas almaq və s.

Birbaşa 5-ci səviyyə hesab olunan qayda pozuntuları isə çox ağır qayda pozuntularıdır.

Elnur Əliyev əlavə edib ki, şagird davranış qaydaları ümumtəhsil məktəbləri üçün çərçivə xarakteri daşıyır. Bu qaydalar əsasında məktəblər özləri də daxili qaydalarını tərtib edə bilərlər. Nizamnamədə onlara bu səlahiyyət verilib. Məqsəd şagirdlərin bütün davranış qaydalarını nazirlikdən idarə etmək deyil.

Təhsil eksperti Nabatəli Qulamoğlu Meydan TV-yə deyib ki, məktəblərdə şagirdlərin davranış qaydaları mövcuddur, lakin buna əməl olunmur. Təqdim olunan yeni layihəyə gəlincə, ekspert burada ziddiyyətli məqamların olduğunu bildirir:

Nabatəli Qulamov
Mənbə: Azadlıq Radiosu

“Layihədə böyüklərə qarşı nəzakətsiz davranmaq yüngül davranış qaydası hesab olunur. Yalan danışmaq isə orta səviyyəli davranış qaydası hesab olunur. Hiss olunur ki, bunu yazanın ümumiyyətlə, təhsildən başı çıxmır. Elnur Əliyevin bir neçə dəfə çıxışını dinləmişəm. Mənə elə gəlir ki, onun özünün də bu işdə səriştəsi yoxdur. Bu tədbirlərə gəlincə, bircə şagirdi molla falaqqasına yatırıb, döyməkləri qalıb”.

112 nömrəli tam orta məktəbdə şagirdlər arasında baş verən bullinq (qısnama) hadisəsini xatırlayan ekspert deyir ki, bu kimi halların baş verməməsi üçün ilk növbədə məktəb direktorlarının davranışları qaydaya salınmalıdır:

“Belə bir hadisə olub deyə layihə hazırlamağa gərək yoxdur. Böyük hara gedirsə, uşaq da onun ardınca gedir. Məktəbdə böyüklər- direktor, dərs hissə müdiri və sinif rəhbərləridir. Bunlar pul yığmaqla məşğul olmasa, uşaqlar da davranışlarında düzgün olarlar. Əvvəlcə, məktəb rəhbərlərinin davranışını qaydaya salsınlar, uşaqların davranış qaydaları avtomatik şəkildə öz qaydasına düşəcək. Hökumət də deyir ki, korruspiya ilə mübarizə aparın. Amma özü korrupsiya ilə məşğuldur. Ona görə də insanlar da gizlində korrupsiya ilə məşğul olurlar. Deyir ki, sən məşğulsan, mən də məşğulam”.

Ana səhifəSosialMəktəblərdə İntizam Şurası yaradılacaq