close

Mətləbin cövhəri

Qəzza. Foto: Reuters

Zərdüşt Əlizadə

Əlhəmdu li-llah, Azərbaycanda sakitlikdir, hamı şad və xürrəmdir

Bu dünya üskük oynadanlarındır. Üskük oynatmaq asan peşə deyil. Oyunçu olmaq gərək, diqqətli olmaq gərək, mahir olmaq gərək, həyasız olmaq gərək!

Ğəzzada (Qəzza) qırğın törənir. Zolağın “Səhiyyə Nazirliyi” deyir ki, 40 mindən çox insan həlak olub, əksəriyyəti qadın və uşaqlardır. Netanyahu deyir ki, HƏMAS mənsubları yalan deyir, o qədər insan ölməyib. Demir ki, nə qədər ölüb. Əlavə edir ki, həlak olanlar terrorçuların qurbanıdır, terrorçular dinc əhalinin arxasında gizlənirlər, İsrail ordusu terrorçularla mübarizə aparmaq üçün məcburdur dinc əhalini vurmağa.

Netanyahu təntənəli surətdə elan edir ki, İsrail ordusu son terroristi məhv etməyincə hərbi əməliyyatını dayandırmayacaq. Demir ki, son terrorist məhv edilənə qədər nə qədər dinc əhalidən qırılacaq. Əsas mətləbin cövhərini gizlədir.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Elə bilirsiniz ki, bu, üskük oyunudur? Yanılırsınız, bu, hələ üskük deyil, üskük  oyunu irəlidədir.

Dünyada dinc fələstinlilərin qırğınına qarşı etiraz hərəkatı genişlənir. Amerikada, Avropada böyük nümayişlər keçir. Etirazlarda yəhudi əsilli vətəndaşlar da fəal iştirak edir, deyirlər ki, müasir İsrail yəhudi millətinin adına ləkədir.

Əlhəmdu li-llah, Azərbaycanda sakitlikdir, hamı şad və xürrəmdir. Millət qədirbiləndir, heç kəs İsrail silahının zəfərimizdəki dəyərini unutmayıb.

Amma Qərb qaynayır, İsraili qınayır, ədalət tələb edir. İsrail 2023-cü ilin oktyabrın 7-də HƏMAS terrorçularının əməllərini yada salır, dinc yəhudilərin qətlindən və girov götürülməsindən danışır. Özü də haqlı danışır.  Şikayətlənir ki, Hizbullahın atəşindən qurtulmaq üçün İsrailin şimalında on minlərlə sakin evini tərk edib.
Bax, burada üskük əməliyyatı başlayır.

Netanyahu komandası dünyanın diqqətini mətləbin cövhərindən yayındırmağa çalışır və buna əsasən nail olur. Həqiqətən olmuş hadisələri diqqət mərkəzinə qoyur, yəhudi tərəfinin həqiqi itkilərini göstərir. Buna söz ola bilməz. Lakin mətləbin cövhərini, İsrailin fələstinlilərin doğma torpağını işğal etməsini, milyonlarla zavallı insanı didərgin salmasını demir, bunu deyənlərə isə bir dənə yağlı “antisemit” mayası qoyur.

Mətləbin cövhəri qanunsuz və zorakı işğaldır, ilhaq və etnik təmizləmədir. Mətləbin cövhəri budur ki, bu zülm Avropanın, Amerikanın və SSRİ-nin icazəsi və köməyi ilə, başdan məfrağ ərəb krallarının və prezidentlərinin fərsizliyi ucbatından baş verib. İndi isə 76 ildir ki, milyonlarla qaçqın fələstinliyə doğma evlərinə qayıtmağa icazə vermirlər, əvəzində bütün dünyadan yəhudiləri inadla İsrailə yığıb Fələstin torpaqlarında yeni yəhudi məskənləri salırlar.

Vətənini qorumaq istəyən mərd oğullara “terrorçu” ləkəsi yaxırlar, özlərinin qanuni özünümüdafiə hüququndan istifadə etməyə cəsarəti çatmış insanları İsrail məhbəslərinə atırlar, onlara orada olmazın işgəncələr verirlər, alçaldıb sındırmağa çalışırlar.

Bəli, beynəlxalq qanunlar işğal edilmiş torpaqların ilhaqını qadağan edir, lakin qoluzorlu ABŞ-a, Rusiyaya, NATO-ya kim nədə isə mane ola bilər?

Beynəlxalq qanunlar pozulanda köməyə nə gəlir? Bəli, üskük oyunu məharəti. Sadəlövh insanların diqqətini mətləbin cövhərindən ikinci dərəcəli, törəmə söhbətlər ilə yayındırıb əsas mətləbin cövhərini gizlədirlər. Yadınızdadırmı, Minsk Qrupu necə məharətlə 30 il üskük oynatdı?

Ğəzzada müharibə və dinc əhalinin qırğını 11 aydır davam edir. Netanyahunun həyatı və azadlığı bu müharibənin davam etməsindən asılıdır. Müharibə dayansa, Netanyahu əvvəl vəzifəsini, sonra isə törətdiyi cinayətlərə görə azadlığını itirəcək. İsrail dövləti isə heç cür qəbul etmək istəmədiyi bir seçim qarşısında qalacaq: fələstinlilərin BMT qərarı ilə təsbit edilmiş dövlət qurmaq hüququnu tanımaq zərurəti!

İsrail millətçiləri fələstinlilərin beynəlxalq hüquqda təsdiq edilmiş hüquqlarının tanınmasını milli faciə sayırlar. Belə olarsa, əlvida, “Böyük İsrail” arzusu! Bu arzu 130 ildir ki, yəhudi ideoloqlarının, onların qurduğu İsrail dövlətinin ardıcıl işğal və ilhaq siyasətinin yanacağıdır.

Bu faciənin qarşısını almaq üçün dünyanın aparıcı yəhudi təşkilatları düşünülmüş və əla əlaqələndirilən mürəkkəb oyun aparırlar. Yəhudi pulları fələstinlilərə insaflı münasibət tələb edən siyasətçiləri gözdən salmağa, onların seçkilərdə məğlub olmasına xərclənir. Eyni zamanda dünya miqyasında üskük oyunu davam edir, bütöv bir xalqın faciəsini malalayırlar, onun mahiyyətini təhrif edirlər. Vətənini qorumaq istəyən mərd oğullara “terrorçu” ləkəsi yaxırlar, özlərinin qanuni özünümüdafiə hüququndan istifadə etməyə cəsarəti çatmış insanları İsrail məhbəslərinə atırlar, onlara orada olmazın işgəncələr verirlər, alçaldıb sındırmağa çalışırlar.

Eyni zamanda, İsraildəki misilsiz demokratiya və inkişafdan, bu dövlətin bütün Şərq üçün nümunə olmasından, İsrailin ərəb dövlətləri ilə mehriban qonşuluq münasibətləri qurmağa hazır olmasından danışırlar. Bu mehriban qonşuluq münasibətlərinin qurulması üçün İsrail və ABŞ ərəb krallarının və prezidentlərinin qarşısına yalnız bir tələb qoyurlar: Fələstin dövlətinin qurulması fikrindən vaz keçin, fələstinlilərlə həmrəy olmayın, Fələstinin ərəb torpağı olduğunu unudun!

Sözdə ABŞ Fələtin dövlətinin qurulması fikrinə şərik şıxır, əməldə isə bu tələblə çıxış edən fələstinliləri qıran İsrailə müdhiş dağıdıcı gücə malik ən müasir silah və sursatı verir. Necə deyərlər, üskük oynadır, dovşana qaç, tazıya tut deyir.

Bu işlərin axırı nə olacaq?

Hər şey nə İsraildən, nə ABŞ-dan, nə Avropanın liberal dəyərlər barədə mühazirə oxuyan yumşaq qəlbli, rezin kimi dartılan vicdanı olan liderlərindən, nə dünyanın ən namərd dövləti adını qazanmış Rusiyadan, nə təmkinli, daima öz marağını güdən Çindən, nə də başı eyş-işrətə qarışmış ərəb rəhbərlərindən asılıdır.

Hər şey sadə fələstinlilərin vətən naminə ölməyə hazırlıq dərəcəsindən asılıdır.

Ana səhifəMənim FikrimcəMətləbin cövhəri