close

“Miki kəndində vaxtilə 150-200 uşağın təhsil aldığı məktəb hazırda beş-on şagirdin ümidinə qalıb”

Fotolar: Meydan TV

Sakinlər deyirlər ki, Astaranın bu dağ kəndini imkansızlıqdan tərk edənlər çoxalır

Astaranın bir neçə dağ kəndi, o cümlədən Mikidə əhalinin sayı get-gedə azalır. Xüsusilə gənclər rayon məkəzinə, paytaxta üz tuturlar. Kənd məktəbinə gedən uşaqların sayı xeyli azaldığından qəzalı vəziyyətə düşən bina təmir edilməyib, yaxın vaxtlarda məktəbin fəaliyyətinin dayandırılacağı gözlənilir.

Bu barədə Meydan TV-yə kənd sakinləri məlumat veriblər. Sakinlərdən Fikrət Nəsirov bildirib ki, dolanışıq üçün kəndi tərk etməyə məcbur qalanlardandır, lakin doğmaları həmin kənddə qalıb. Deyir ki, vaxtilə 150-200 uşağın təhsil aldığı məktəb hazırda beş-on şagirdin ümidinə qalıb. Şagird sayı azaldığından məktəblilər Rinə kənd tam orta məktəbinə köçürülürlər, artıq bu il 11-cilər təhsillərini Rinə kənd məktəbində davam etdirirlər.

“Miki dağ kəndidir, kəndin aşağı yolları sürüşməyə meyillidir. Yağışlardan sonra sel kəndi rayon mərkəzi ilə birləşdirən Pensər çayın üzərindəki körpünü də dağıdıb. Uşaqlar hər gün kilometrlərlə yolu piyada getmək məcburiyyətində qalırlar. Qarlı havalarda yollarda hərəkət çətinləşir”,-Nəsirov söyləyib.

Rayon mərkəzindən 45 kilomert uzaqda yerləşən Miki kəndi sovet dövründə arıçılıq və heyvandarlıqla məşğul olub. Miki balı indi də məşhurdur. Astara balçılarının bir qismi bu kənddəndir.

Yaşlı sakinlər deyirlər ki, sitrusçuluqla da məşğul olurlar, lakin son bir-iki ildir sitrus meyvələrinin qiyməti kəskin düşüb, ilboyu çəkdikləri əziyyəti, xərclərini qarşılamır.

Heyvandarlıq və sitrusçuluqdan qazanc get-gedə azaldığından kəndlilər dolanışıq üçün başqa ərazilərdə iş axtarırlar. Halbuki, kəndin təbiəti o qədər gözəldir ki, tək turizmlə hamı dolana bilər.

Kəndlilər deyirlər ki, sosial problemlər səbəbindən kəndi tərk etməyə məcbur qalırlar. Əksəriyyət yayda geri dönür.

Fikrət Nəsirov qeyd edib ki, qışda digər kəndə, rayon mərkəzinə gedib-gəlmək çətindir, qarlı yolları avtomobillər güclə keçir.

Astara Rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, kənddən köçənlərlə yanaşı, kəndə köçmək istəyənlər də olur. Buna görə də kəndlərin tam boşalması iddiası doğru deyil. Uçmuş körpü isə bərpa edilir. Lakin məktəb tikintisi Elm və Təhsil Nazirliyinin səlahiyyətindədir.
Lənkəran-Astara Regional Təhsil İdrəsindən isə sualları cavablandırmayıblar.

Ana səhifəBölgə“Miki kəndində vaxtilə 150-200 uşağın təhsil aldığı məktəb hazırda beş-on şagirdin ümidinə qalıb”