close

“Mirşahin Ağayev və Misir Mərdanovun zərərçəkmiş statusuna xitam verilsin”

“Kərimə” dövləti qurmaqda ittiham olunanlar. Fotolar: Meydan TV

Təqsirləndirilən şəxslərin sözlərinə görə, “tok”a verib, törətmədikləri əməllərlə bağlı özlərinin və bir-birinin əleyhinə ifadələr alıblar

Azərbaycanda dini qaydalarla idarə olunan “Kərimə” dövləti qurmaq, keçmiş təhsil naziri Misir Mərdanov və “Real TV”nin rəhbəri Mirşahin Ağayevin həyatına sui-qəsd cəhdində ittiham olunan 13 nəfərin işi ayyarımdan çoxdur məhkəməyə göndərilsə də, dindirmələr hələ başlamayıb. Bu iş üzrə məhkəmənin hazırlıq iclasları bir neçə dəfə təxirə salınsa da, yanvarın 24-də baş tutub.

Məhkəmədə təqsirləndirilən şəxs qismində hakim qarşısına çıxarılanlar bunlardır: İlham Şıxəliyev, Faiq Zeynalov, Hüseyn Hüseynzadə, Etibar Məmmədzadə, İlkin Bağırov, Vüqar Mədətov, Elvin Cəfərov, Elgün Ağayev, Məhərrəməli Musayev, Savalan Hüseynli, Ruslan Əliyev, Yusif Mirzəyev və M.Ə-in (yetkinlik yaşına çatmadığına görə ad-soyadını açıqlamırıq).

Bakı Ağır Cinayətlər Məhkəməsində bu cinayət işinə Novruz Kərimovun sədrliyilə, Rasim Sadıxov və Leyla Əsgərova-Məmmədovadan ibarət hakimlər kollegiyası baxır.

Yanvarın 24-də məhkəmədə təqsirləndirilən şəxslərdən Hüseyn Hüseynzadənin vəkili vəsatət qaldırıb ki, Mirşahin Ağayev və Misir Mərdanovun zərərçəkmiş statusuna xitam verilsin. Yəni onlar zərərçəkmiş hesab olunmasın.

Cinayət-Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə istinad edən vəkil bildirib ki, qanunun tələbinə görə, mənəvi və ya maddi ziyan dəymiş fiziki, yaxud hüquqi şəxs zərərçəkmiş qismində tanına bilər. Lakin həm Mirşahin Ağayev, həm də Misir Mərdanov istintaqa ifadələrində də deyiblər ki, onlara ziyan dəyməyib, nə sui-qəsd planından, nə izlənilmələrindən xəbərləri olub:

“Bunlara heç bir maddi-mənəvi ziyan dəyməyib. Özləri də deyirlər ki, heç xəbərləri olmayıb. Ona görə də xahiş edirəm, hər ikisinin zərərçəkmiş statusuna xitam verilsin”.

Təqsirləndirilən şəxslərdən bir neçəsinə başqa maddələrlə yanaşı, dövlətə xəyanət ittihamı da verilib. Faiq Zeynalovun vəkili dövlətə xəyanət ittihamına xitam verilməsi barədə vəsatət qaldırıb.

Məhkəmənin hazırlıq iclasında vəkillər hüquqlarını müdafiə etdikləri təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması barədə də vəsatət qaldırıblar. Vəkillər bildirib ki, məhkəmənin yekun hökmü çıxarılana qədər qanun təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılmasına imkan verir. Müdafiəçilər əlavə edib ki, müvəkkillərinin məhkəmədən yayınmaq, kiməsə təsir göstərmək niyyəti də yoxdur.

“Kərimə” dövləti qurmaqda ittiham olunanlar. Fotolar: Meydan TV

Hakimlər qaldırılmış vəsatətlərin heç birini təmin etməyib.

Bu cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib. Məhkəmə baxışı yanvarın 31-nə təyin edilib. Həmin gün prokuror ittiham aktını elan edəcək, daha sonra dindirmələr başlayacaq.

Zərərçəkmiş qismində tanınan Mirşahin Ağayev və Misir Mərdanovun heç biri indiyədək keçirilən iclaslara gəlməyib.

Məhkəmədə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdiriləndə məlum olub ki, 2001-ci il təvəllüdlü Hüseyn Hüseynzadə həbs ediləndə Moskva Dövlət Tibb Universitetinin Bakı filialının 5-ci kurs tələbəsi olub. Yetkinlik yaşına çatmayan M.Ə. isə liseylərdən birinin şagirdidir.

Təqsirləndirilən şəxslər məhkəmənin işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını da məhkəmədə deyiblər. Onların sözlərinə görə, “tok”a verib, törətmədikləri əməllərlə bağlı özlərinin və bir-birinin əleyhinə ifadələr alıblar.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd), 278 (dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə) maddələrilə ittiham irəli sürülüb. İlham Şıxəliyev, Faiq Zeynalov, Hüseyn Hüseynzadə, Etibar Məmmədzadə, İlkin Bağırov və Vüqar Mədətova Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə də ittiham verilib.

Digər 6 nəfərdə –  Elvin Cəfərov, Elgün Ağayev, Məhərrəməli Musayev, Savalan Hüseynli, Ruslan Əliyev və Yusif Mirzəyevdə isə dövlətə xəyanət ittihamı olmasa da, Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi var.

2006-cı il təvəllüdlü M.Ə. isə yalnız 278-ci maddə ilə ittiham olunur.

Cinayət işinin materiallarına əsasən, İranda yaşayan, bu ölkənin xüsusi xidmət orqanlarıyla əməkdaşlıq edən Ruhulla Axundzadə və oğlu Əlmürsəl Axundzadə Azərbaycanda “Kərimə” dövləti yaratmaq məqsədilə müxtəlif adamları cəlb edib.  Ruhulla Axundzadə və oğlu “Whatsapp”, “Telegram” və digər mesajlaşma sistemlərində qruplar yaradıb, orada müzakirələr aparıblar, müəyyən tapşırıqlar veriblər. Tapşırıqlar arasında Misir Mərdanov və Mirşahin Ağayevə sui-qəsd məqsədilə onların izlənməsi, iş yerləri, gedib-gəlmə vaxtlarının müəyyənləşdirilməsi, Yevlaxda dövlətə xəyanət ittihamıyla həbs olunmuş şəxsin evindən gizli şəkildə kompüterin götürülməsi, Bakıdakı hərbi hissələrdən birinin görüntülərinin çəkilməsi və s. olub.

Sui-qəsd üçün məhz Misir Mərdanov və Mirşahin Ağayevin seçilməsinə gəlincə, iddia olunur ki, sabiq təhsil naziri məktəblərdə hicabın qadağan olunmasına, İslam dini əleyhinə təbliğat aparılmasına görə hədəf seçilib. Mirşahin Ağayev isə efirdə “İmam Hüseynova bacıları” ifadəsini işlədib, “Əbülfəz ağa”nı təhqir edib. Bu üzdən onları cəzalandırmaq qərarına gəliblər.

Ana səhifəSiyasət“Mirşahin Ağayev və Misir Mərdanovun zərərçəkmiş statusuna xitam verilsin”