close

Miyatoviçdən Azərbaycana çağırış: “Qarabağa səfər etməyə hazıram”

Source:

Komissar humanitar yardım göstərənlərə Laçın dəhlizindən sərbəst keçidin verilməsini istəyir

Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç Azərbaycanı Laçın dəhlizi boyunca sərbəst hərəkəti bərpa etməyə çağırıb.

O, həmçinin Dağlıq Qarabağa humanitar yardımın sürətli və maneəsiz çatdırılmasını təmin etməyə çağırış edib.

Miyatoviç bildirib ki, 2022-ci ilin dekabrından Laçın dəhlizindən keçən yol bağlanıb və bu, Qarabağ əhalisinin hüquqlarını pozur:

Yolda sərbəst hərəkəti bərpa etmək üçün o vaxt etdiyim çağırışı bir daha təkrarlayıram. Lakin mənim və çoxsaylı digər beynəlxalq maraqlı tərəflərin çağırışlarına baxmayaraq, əraziyə insanların gediş-gəlişində, ərzaq təchizatında və təcili tibbi yardıma çıxışda uzun müddətli fasilələr səbəbindən vəziyyətin pisləşdiyi bildirilir. Hazırda Laçın dəhlizi üzərindən fəaliyyət göstərən yeganə beynəlxalq humanitar təşkilat olan Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əhalinin xilasedici dərman və zəruri əşyaların çatışmazlığı ilə üzləşdiyini bildirib”.

Komissar bildirib ki, müvafiq maraqlı tərəflər yerli əhalinin üzləşdiyi çox təhlükəli vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün dərhal həll yolu tapmalıdır.

Onun sözlərinə görə, humanitar yardım göstərənlərə, insan hüquqlarının müdafiəsini təmin edənlərə təhlükəsiz, sərbəst keçid verilməlidir:

2021-ci il Memorandumunda göstərildiyi kimi, Ermənistan və Azərbaycan barışıq yolunda irəliləmək və bütün insanlar üçün davamlı sülhü təmin etmək üçün səy göstərməlidir. Müvafiq həmsöhbətlərlə əlaqə saxlamağa və insan hüquqları ilə bağlı mövcud problemlərin aradan qaldırılmasına kömək etmək üçün Dağlıq Qarabağa səfər etməyə hazır olduğumu bildirirəm”.

Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 24-də deyib ki, onda Bakının Laçın dəhlizini birtərəfli qaydada açmağı planlaşdırması barədə məlumat var.

Paşinyanın sözlərindən belə çıxıb ki, Bakı Qarabağ ermənilərinin regiondan çıxmasına icazə verəcək, geri dönmələrinə isə yox.

Ermənistan 2022-ci ilin dekabrından Laçın-Xankəndi yolunun blokadada olduğunu deyir.

 Azərbaycan isə bunu təkzib edir, dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

2023-cü ilin aprelindən isə Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub.

Addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib.

Ermənistan isə bu ittihamı qəbul etmir.

Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanata ziddir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Ana səhifəXəbərlərMiyatoviçdən Azərbaycana çağırış: “Qarabağa səfər etməyə hazıram”