close

Modeli döyməkdə ittiham olunan şirkət rəhbərinin məhkəməsi başladı

Ziya Hüseynzadə. Foto: Meydan TV

Ziya Hüseynzadə məhkəmənin açıq keçirilməsini, həqiqətin cəmiyyətə çatdırılmasını istəyir, Razi Əliyevanın vəkilləri isə prosesin qapalı keçirilməsini tələb edir

2017-ci ildə Azərbaycan gözəli seçilmiş model, “Razi” kimi tanınan Raziyyat Əliyevanı döyməkdə, öldürməklə hədələməkdə, maşına ziyan vurmaqda ittiham olunan “PKF Audit Azerbaijan” şirkətinin rəhbəri Ziya Hüseynzadənin məhkəməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Siyavuş Hacıyevin sədrliyilə, Şəlalə Həsənova və Vüqar Quliyevdən ibarət hakimlər kollegiyası baxır.

Yanvarın 10-da məhkəmənin hazırlıq iclasında təqsirləndirilən Ziya Hüseynzadənin anket məlumatları dəqiqləşdirilib. 1989-cu il təvəllüdlü Ziya Hüseynzadə bildirib ki, ali təhsillidir, iki azyaşlı övladı var.

O, məhkəməsində jurnalistlərin iştirakına, çəkiliş aparmasına etiraz etməyib. Deyib ki, əksinə, məhkəmə prosesində üzə çıxan həqiqətlərin yayılmasını istəyir.

Zərərçəkmiş qismində tanınan Razi Əliyevanın özü olmasa da, iki nümayəndəsi-vəkili məhkəmədə iştirak edib. Onlar isə çəkiliş aparılmasına, jurnalistlərin iştirakına etiraz ediblər. Zərərçəkmişin nümayəndələri ümumiyyətlə, bu məhkəmə prosesinin qapalı keçirilməsi barədə vəsatət qaldırıblar. Bildiriblər ki, bu işdə Razi Əliyevanın şəxsi həyatına aid məsələlər, yazışmalar var, onların yayılmasını istəmirlər.

Ziya Hüseynzadə və müdafiəçiləri isə məhkəmə prosesinin qapalı keçirilməsinə etiraz edib. Təqsirləndirilən şəxs bildirib ki, Razi Əliyevanın özü bu məsələni ictimailəşdirib, şəxsi həyatına aid məlumatları sosial şəbəkələrdə paylaşıb.

Hətta şikayətini də “İnstagram”da yaymışdı…”, – Ziya Hüseynzadə bildirib.

Ziya Hüseynzadənin vəkilləri onun məhkəmənin yekun hökmünə qədər ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb.

Razi Əliyevanın vəkilləri də bu vəsatətə etiraz ediblər.

Məhkəmə də onun ev dustaqlığına buraxılması haqda vəsatəti təmin etməyib.

Model Raziyyat (Razi) Əliyeva və Ziya Hüseynzadə

Ziya Hüseynzadə hakimin suallarını cavablandıranda bildirib ki, hüquq və vəzifələri haqda bildirişi dekabrın 30-da alıb. Qanuna görə, məhkəmə şəxs bildirişi alandan azı 7 iş günü keçəndən sonra başlaya bilər. Bu səbəbdən Ziya Hüseynzadənin işi üzrə məhkəmənin hazırlıq iclası yekunlaşmayıb və yanvarın 17-nə qədər təxirə salınıb.

Ziya Hüseynzadəyə qarşı Cinayət Məcəlləsinin 133 (əzab vermə), 134 (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 177 (oğurluq), 182 (hədə-qorxu ilə tələb etmə), 186 (özgənin əmlakına ziyan vurma və ya qəsdən məhv etmə) və 221-ci (xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb. Cinayət işinin materiallarına əsasən, Ziya Hüseynzadə vaxtilə sevgili münasibətində olduğu modeli döyüb, onu yaşadığı çoxmərtəbəli binanın pəncərəsindən atmaqla hədələyib, 185 min manat dəyərində avtomobilini tələb edib, ala bilməyəndə özbaşına həmin maşını götürüb və sıradan çıxarıb.

Razi Əliyevanın anası Xədicə Əliyeva və daha bir tanışı Gülnar İsayeva da bu cinayət işində zərərçəkmiş qismində tanınıb. Onlar da məhkəməyə gəlməyiblər.

Ziya Hüseynzadə bu ittihamların heç birini qəbul eləmir, özünü təqsirli bilmir.

Bu cinayət işi 2023-cü ilin iyununda sosial şəbəkələrdə Razi Əliyevanın döyülməsini əks etdirən videonun yayılmasından sonra başlayıb.

Model “İnstagram” hesabından yaydığı açıqlamada iddia edib ki, sevgilisi olmuş Ziya Hüseynzadə ona və ailəsinə qarşı zorakı hərəkətlər edib, onların ünvanına təhqir və təhdid xarakterli ifadələr səsləndirib:

Demək olar, bir il idi ki, mənə əzab verirdi. Tanımadığım nömrədən telefonuma gələn mesaja görə məni sutkalarla döyürdü. Gedirdi, mesajı yazanla görüşürdü, məsələni aydınlaşdırandan sonra gəlib, mənə barışmaq üçün yalvarırdı. Məni evdə bağlayırdı ki, ondan qaçmayım. Sutkalarla döyürdü, bıçaqla işgəncə verirdi. Sonra da hərəkətsiz düşən bədənimi hamama sürüyüb qanı yuyurdu. Mən isə ondan qaça bilmirdim. Ondan qorxurdum. Qorxurdum ki, kimsə bu haqda öyrənər. Qorxurdum ki, anam bilsə, halı pisləşəcək.

O, gizli şəkildə başqası ilə nikaha girib, sonra üç dəfə mənə evlilik təklif edib. Sonuncu dəfə anamın yanına qaçmışdım, o isə gəlib qapımızı sındırdı. Gəlib, təhdid və şantaj edirdi ki, əgər geri qayıtmasam, məni biabır edəcək və bütün həyatımı korlayacaq. Mənim yerimə başqası olsaydı, çoxdan özünü asardı”.

Ziya Hüseynzadə isə ünvanına səslənən bu fikirləri təkzib edib. O vurğulayıb ki, haqqında yayılan iddiaların məqsədi ondan pul qoparmaq, özünü və ailəsini ləkələməkdir:

Haqqımda yayılanların hamısı adıma və ailəmə ləkə salmaq, zorla pul tələb edilməsi üçün şər və böhtan, qarayaxma kampaniyasıdır. Sübutlarım var.

Mənə qarşı ittihamlar irəli sürən Razi Əliyevanın özünün insan alverində etirafı ilə bağlı videolar bundan öncə internetdə əksini tapıb. Bu səbəbdən də Razi Əliyeva özündən diqqəti yayındırır. İstəyir ki, onun qanunsuz hərəkətləri araşdırmadan yayındırılsın”.

Ana səhifəTövsiyəModeli döyməkdə ittiham olunan şirkət rəhbərinin məhkəməsi başladı