Prosesin qapalı keçirildiyi bildirilir
Moskvanın Basmannıy Rayon Məhkəməsi “Crocus City Hall” konsert salonunda terror aktı törətməkdə şübhəli bilinən 4 nəfər barəsində həbs qətimkan qərarı çıxarıb.
Bu barədə martın 25-də Rusiyanın rəsmi mediası məlumat yayıb.
Qeyd olunub ki, prosesdə terror aktını törətməkdə şübhəli bilinən Dalercon Mirzəyev, Muhammadsobir Fayzov, Saidakrami Raçabalizode və Şamsidin Fariduni haqda 2 ay həbs qətimkan tədbiri seçilməsi qərarı çıxarılıb.
Saxlanılanlardan məhkəməsi qapalı keçirilən Muhammadsobir Fayzovun həkimlərin müşayiəti ilə əlil arabasında məhkəmə zalına aparıldığı kadrlara düşüb.
Onun reanimasiyadan gətirildiyi bildirilib.
![](https://i1.wp.com/www.meydan.tv/wp-content/uploads/https___cloudfront-us-east-2.images.arcpublishing.com_reuters_cgqfm6woqnn6jpetdvrx47kplq-1126x821.jpg)
Təhlükəsizlik qüvvələri ilə əlaqəli “Telegram” kanalları əvvəllər onun “təqib zamanı” yaralandığını iddia ediblər.
İclasın qapalı keçirilməsini müstəntiq “dövlət və ya digər sirlərin açıqlanmaması”, habelə “proses iştirakçılarının təhlükəsizliyi” ilə əsaslandırıb.
O həmçinin hadisədə həlak olanların yaxınlarının həssaslığını da nəzərə aldıqlarını deyib.
Martın 23-də Federal Təhlükəsizlik Xidməti (FTX) terror aktı törətməkdə şübhəli bilinən 4 nəfərin həbs edildiyini açıqlayıb.
Kəşfiyyat xidmətinin məlumatına görə, onlar “avtomobillə Rusiya-Ukrayna sərhədinə doğru hərəkət edərək” qaçmağa çalışıblar.
![](https://i1.wp.com/www.meydan.tv/wp-content/uploads/download-66.jpg)
Ümumilikdə, FTX-nin bildirdiyinə görə, istintaq çərçivəsində 11 nəfər saxlanılıb, qalan 7 nəfərin kim olduğu bəlli deyil.
Təhlükəsizlik qüvvələrinə yaxın kanallar məhbuslara işgəncə verilməsinə dair video-fotolar yayıb.
Mayın 23-də Saidakrami Raçabalizodenin qulağının bir parçasının kəsildiyi video, ertəsi gün isə Şamsiddin Fariduninin cinsi orqanına elektrik naqillərinin qoşulduğunu göstərən foto yayılıb.
Martın 22-də Rusiyanın paytaxtı Moskvada “Crocus City Hall” konsert zalında terror aktı törədilib.
Son məlumata görə, 137 nəfər həlak olub.