Koalisiya müraciət hazırlayıb
İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyası Azərbaycan hökumətinə müraciət edib.
Müraciətdə hökumətdən vətəndaş cəmiyyətinin fəaliyyət mühitini yaxşılaşdırmaq istənilir. Onlara qarşı bütün hüquqi və praktiki maneələri (müvafiq qanunvericilikdə edilmiş məhdudlaşdırıcı dəyişikliklər, o cümlədən, qeydiyyatdan çıxarışlar, qrantların və donorların qeydiyyatı tələbləri və s.) aradan qaldırmağa çağırır.
“Ölkənin beynəlxalq institutlarla və bu sahədə peşəkarlaşmış QHT koalisiyaları ilə əməkdaşlığını davam etdirməyə dəvət edirik. Bu sektorda işləyən şirkətlər və korporasiyalarla vətəndaş cəmiyyətinin əlaqələrinin inkişaf etdirilməsini bu sektorda şəffaflıq və hesabatlığın təmin olunması vacibdir. Habelə, ölkə vətəndaşlarının neft və mədən gəlirləri barədə daha çox məlumatlı almasına, eləcə də, ölkənin beynəlxalq imicinə müsbət təsirini nəzərə alaraq ən yaxın müddətdə MHŞT üzrə beynəlxalq təşəbbüsə yenidən qoşulmağa ehtiyac var”.
Müraciətdə deyilir ki, 2020-ci il iyulun 28-də “Hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanıyla Hasilat Sənayesində Şəfffaflıq üzrə hökumət komissiyası da ləğv olunub. Beləliklə, şəffaflıq üzrə hesabatlılığın təmin edilməsi Dövlət Statistika Komitəsinə (DSK) həvalə edilib. Bu, MHŞT ilə bağlı ölkədə daha fərqli bir situasiya, xüsusən, Koalisiya üçün bir qədər fərqli fəaliyyət müstəvisi yaradıb:
“Hazırda Azərbaycan Dövlət Statistika Komitəsi tərəfindən yaradılmış Hasilat sənayesində Şəffaflıq Portalı vasitəsilə ölkədə fəaliyyət göstərən bir neçə transmilli şirkətləri MHŞT hesabatlarının mahiyyətinə uyğun olaraq müəyyən məlumatlar, hesabatlar açıqlayırlar ki, bunların də əsasında Komitə tərəfindən yekun şəffaflıq hesabatı hazırlanaraq ictimaiyyətə çatdırılır. Lakin bu hesabat MHŞT standart və tələblərini əks etdirmir. Hesabatın layihəsinin hazırlanması, açıqlanması və müzakirəsində vətəndaş cəmiyyətinin üzvləri, müstəqil ekspertlər dəvət olunmur, nəticədə, MHŞT-nin əsas tərəfi hesab edilən vətəndaş cəmiyyətinin bu prosesdə iştirakçılığı minimuma endirilir. Bu isə ölkədə mədən sənayesində şəffaflğın təmin edilməsi prosesinin MHŞT fəlsəfəsindən, standart və tələblərindən təmamilə uzaqlaşma müşahidə olunur”.
MHŞT bildirir ki, Azərbaycanda onların standart və tələbləri içərisində xüsusi əhəmiyyət daşıyan müqavilələrin açıqlanması tələbi də qismən icra edilib. Bu günədək Dövlət Statistika Komitəsinin saytında cəmi 13 müqavilə açıqlanıb ki, bunların beşi BP-nin vebsaytında dərc edilib. Hətta 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş Qarabağda yerləşən mədən sənayesində imzalamış kontraktlar açıqlanmayıb. Həmçinin ictimaiyyətə təqdim edilməyib”.
Təşkilat qeyd edir ki, bütün bunlara baxmayaraq, yaradılmış çətinliklərə rəğmən, MSŞA QHT koalisiyası ölkədə MHŞT standartlarına riayət edilməsi və mədən sənayesində çalışan şirkətlərin tam hesabatlılığına və şəffaflığına nail olunması, xüsusilə, hasilat sənayesində bağlanmış müqavilələrinin və benefisiar sahibkarlıq məlumatlarının açıqlanmasının təşviqi, işğaldan azad olunmuş ərazilərdəki təbii sərvətlərin hasilatına ictimai nəzarətin təşkili və s. prioritet istiqamətlərdə ardıcıl, prinsipial və davamlı fəaliyyət göstərəcəyini bəyan edir.
İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Azərbaycan hökumətindən:
- Azərbaycanın geniş neft-qaz və dağ-mədən işlərindən gələn gəlirlərin ölkənin büdcəsinin əhəmiyyətli hissəsini təşkil etdiyini, habelə, hökumətin 14 sentyabr 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi üzrə xarici şirkətlərlə 1994-cü ildə imzalanmış hasilatın pay bölgüsü sazişinə xitam verərək, 2050-ci ilə qədər davam edəcək yeni saziş imzalanmasını;
- Hasilat sənayesində şəffaflığın artırılması çərçivəsində benefisiar sahiblik məlumatların, kontraktların açıqlanması, hesabatların təqdim olunması və eləcə də işğaldan azad olunmuş ərazilərdə aparılacaq mədən işlərində şəffaflığın təmin olunmasını, təşəbbüsün tələblərinə müvafiq sürətdə davam etdirilməsinin hökumətin vacib vəzifə və öhdəliklərdən olmasını;
- Habelə, dünyada və regionda bu istiqamətdə gedən proseslərin dinamikliyini, Azərbaycanın MHŞT-dən cıxmasının ölkənin investisiya və kredit reytinqinə, korrupsiya qavrama indeksinə, yaxşı idarəetmə göstəricilərinə, açıq büdcə indeksinə və s. təsirini nəzərə alaraq vətəndaş cəmiyyətinin fəaliyyət mühitini yaxşılaşdırmağını istəyir.
MHŞT Azərbaycanın təbii sərvətlərinin istismarından əldə edilən gəlirlərə ictimai nəzarəti təşkil etmək və mədən sənayesində şəffaflığın artırılmasını dəstəkləmək məqsədilə yaradılan, sıralarında onlarla QHT-ləri, ictimai xadimləri, ekspert və jurnalistləri birləşdirən vətəndaş cəmiyyəti alyansıdır.
MSŞA Koalisiyası təbii sərvətlərin satışından əldə olunan gəlirlərin tam həcmdə dövlətə çatması, onlar üzərində hesabatlığa nail olması, səmərəli istifadəsi, habelə, aidiyyatı dövlət qurumları və şirkətlərin bu sahədəki fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində maraqlı olduğunu bəyan edib. Fəaliyyətini əldə olunan gəlirlər barədə Azərbaycan vətəndaşlarının məlumatlandırılması, vətəndaş cəmiyyəti institutlarının şəffaflıqla bağlı səylərini birləşdirərək ictimai fəallığın yüksəldilməsi yönündə qurub.