close

Müharibə veteranı: “Pensiyamı kəsib məni küçədə qoydular”

İlqar Məmmədov. Fotolar: Meydan TV

Ekspertlər deyir ki, məqsəd əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq yox, qənaət etməkdir

14 ildir ki, qanuni II qrup əlillik pensiyası almışam. Hər il tibbi komissiyadan keçirdim. Deyirdilər ki, get müharibə əlilliyi al. Amma mən istəmirdim ki, o addan istifadə edim, çünki vətən üçün vuruşmuşuq. Axırda canımdan da, sağlam psixi durumumdan məhrum oldum: əlillik pensiyamı kəsib məni küçədə qoydular”.

Dəlixanada rüşvətlə saxta əlillik verirdilər”

58 yaşlı Mingəçevir sakini İlqar Mustafa oğlu Məmmədov ona edilən haqsızlıqdan şikayətlənir.

O, Meydan TV-yə deyir ki, I Qarabağ müharibəsində könüllü iştirak edəndən sonra 1993-cü ilin iyun ayında hərbi çağırışla müharibəyə gedib.

Ağdərə, Tərtər, Suqovuşan istiqamətində ağır döyüşlərdə iştirak edib, peşəkar kəşfiyyatçı olub.

1994-cü ilin 6 yanvar tarixində ən yaxın döyüş dostlarını itirən döyüşçü özü də minamyot mərmisi partlaması nəticəsində güclü kəllə-beyin travması alır. Hətta xəstəxanaya gec çatdırıldığından don vuran bədənini son anda həkimlər həyata qaytarır:

Gecə-gündüz Ağdərə, Tərtər bölgəsində kəşfiyyatda olmuşam, dekabr ayında müharibə başlayan kimi bizi Suqovuşana saldılar. Dar cığırla hərəkət edib ağır döyüşlərdən keçdik, yüksəkliyi belə aldıq, ancaq yanımıza düşən minamyot mərmisi nəticəsində ağdaşlı döyüş yoldaşımın, başı, əli, ayağı havadaca qopdu. Komandirimiz Əfqan Qarayevin əmri ilə üstümüzə gələn tankları vurarkən bizə atılan ikinci minamyot elə yanımdaca partladı. Dalğa məni necə yerə çırpdısa, özümü itirdim. Solaxay olduğum üçün avtomatın qundağı da sifətimə çırpıldı. Ayılanda heç nə eşitmirdim, ancaq görürdüm. Oradan məni Tərtər xəstəxanasına, sonra maşınla Bakıdakı 1 sayı Tibbi Kliniki xəstəxanaya aparıblar. Yolda soyuqdan donmuşdum, şəkli də var. Burnumdan, gözümdən qan gələndən sonra həkimlər məni həyata qaytarıb”.

Dəfələrlə səhhətimlə bağlı Bakı, Gəncə xəstəxanasında yatmışam. Dəfələrlə “dəli” adı ilə xəstəxanaya göndərdilər, 7-8 dəfə iynə vurdular. İskəndərov soyadlı bir həkim əlimi, ayağımı bağladı, iliyimi çəkib əlillik yazmaq istədi, qardaşım isə buna etiraz etdi. Axırda Fuad adlı həkim yoxlayandan sonra dedi ki, bu ağır kəllə-beyin travması alıb, dəli deyil. Dəlixanada rüşvətlə saxta əlillik verirdilər, özbaşnalıq idi. Mənə deyirdilər ki, nə qədər pul vermisən? Deyirdim, döyüşdən gəlmişəm, yaralanmışam, nə rüşvət?” – İlqar Məmmədov qeyd edib.

“Dedi ki, çəkin düz gəlmir deyə sənə pensiya düşmür”

Müharibə iştirakçısı deyir ki, uzun müddət xəstəxanalarda yatsa da, aldığı müalicə nə onu sağaldır, nə də əlillik almasına kömək edir. Əksinə 2002-ci ildə yoğun bağırsaq partlamasından, 2006-cı ildə isə mədəsindən ağır əməliyyat keçirir. Bir il sonra qanuni II qrup əlillik dərəcəsi ala bilir.

Hər il tibbi komissiyanın yoxlanışından keçsə də, 2021-ci ilin mart ayında əlillik pensiyası qəflətən kəsilir. Səbəbini isə ağır əməliyyatlara rəğmən çəkisinin artıq olması ilə əlaqələndirirlər.

Ailəsinin tərk etdiyi, tənha qalan Qarabağ qazisi hazırda çıxılmaz və köməksiz vəziyyətdədir. Deyir ki, nəinki dolanmağa imkanı, qalmağa yeri belə yoxdur.

Səhhəti də dərmanlardan asılıdır. Sol gözü görmə qabiliyyətini itirib. Sağ gözündə isə ləkə olduğundan ciddi müalicəyə, hətta əməliyyata ehtiyac var:

Bu vicdansızlıqdır, bu qədər əməliyyat, yarımcanlıq, beyin travması, mədənin üçdə iki hissəsinin kəsilib götürülməsi, bağırsaq partlaması, göz nurunun itməsi –  bütün xəstəliklərim, əməliyyatlarımın da tibbi kağızları ciddi sübutdur. 11 ay yol pulu tapıb gedə bilmədim, Əlilliyin Bərpa Mərkəzinə gedib təkrar yoxlanışdan keçəndə Sevinc adlı həkim dedi ki, çəkin düz gəlmir deyə sənə pensiya düşmür. 60 kq çəkim vardı”.

İllərlə yarımcan kirayədə sürün, evsiz qal, sənə əlillik pensiyanı da çox görsünlər. Mən dərmanlarla, müharibə travması, xəstəliklərlə, kasıblıq zilləti ilə yaşayan adamam. İki aydır ki, ölkə Prezidentinə yazmışam, cavab yoxdur. Hüquqlarım pozulub. Pensiyanı kəsənlərə dedim ki, sizdən şikayət edəcəyəm. Dedilər ki, get şikayət et. Kimə müraciət edim, bezmişəm. Vətəndaş dövlətindən kömək umar, o da belə. Banklara borclara görə ailəm də uzaq düşüb. Oğlumu, qızımı evləndirib evi onlara verib çıxmışam. Yaşadığım çətinliklərə görə tərk etdilər məni. Həkim gözümü yoxlayıb deyir ki, get əməliyyat ol, ona da pulum yox. Gec-tez o biri gözümdən də olacağam. Rüşvətxorluq, haqsızlıqlara görə diri-diri ölürük”, – deyə İlqar Məmmədov bildirib.

Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının ötən ilin 19 aprelində çıxardığı qərarda da bildirilir ki, İlqar Məmmədovun aldığı qapalı kəllə-beyin travması, baş-beyin kontuziyası hərbi travmadır.

Digər tibbi sənədlərdə də bir neçə xəstəlikləri ilə yanaşı, anemiya, ishal, sol gözünün ağırlaşmış kataraktası, sağ gözündə hipermetropiya, mədənin hissəvi rezeksiyası da qeyd olunub.

“İşsizəm, evsizəm, necə edim bilmirəm?”

İlqar Məmmədov hazırda 80 manatlıq veteran təqaüdü ilə dolanır. Hansı ki, onu da 26 illik süründürməçilikdən sonra – 2020-ci ilin noyabrında alıb. Bir müddət yaxınlarının himayəsində yaşasa da, hazırda evsiz və işsizdir. İllərdir ki, işsiz kimi qeydiyyata alındığı Dövlət Məşğulluq Agentliyinə etdiyi müraciətlərə də: “Hələ növbən çatmayıb”, – deyə cavab verilir.

O, dövlətdən, aidiyyəti qurumlardan kömək istəyir, müraciətinin şəffaf araşdırılmasını tələb edir:

Heç olmasa pensiya kirayəmin, dərmanımın xərcini ödəyirdi. 2600 manat borcum var. 80 manatlıq veteran təqaüdünün 25 manatını bank tutur. O təqaüdü nə bürokratik əngəllər hesabına aldım. Cəmi 4 ay geri ödədilər, 26 il batdı. İşsizəm, evsizəm, necə edim bilmirəm. Fəhlə işləyirəm sancı tutur, yük qaldıra bilmirəm. Üç ildir ki, Məşğulluq Agentliyinin Mingəçevir filialında qeydiyyatdayam. Başıma oyun açırlar. Guya vakansiya olmalıdır. 420-cisən sırada indi guya 350-ci yerdəyəm. Məndən sonra müraciət edənlər işə qəbul olunub, amma mən hələ növbədəyəm. Yanvardan yaşıllaşdırma işinə girməliydim, hələ də iş yoxdur. İcra hakimiyyətinə gedirəm, deyirlər ki, bizlik deyil. Dövlət ya pensiyamı bərpa etsin, ya gözümü əməliyyat edib sağaltsın, ya da işlə təmin etsin”.

Aidiyyəti qurumlar nə deyir?

Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sözçüsü Tural Qurbanov Meydan TV-yə deyib ki, müharibə iştirakçısının müraciəti Əlillik alt sisteminə daxil edilməyib:

Tural Qurbanov. Foto: Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi.

Son bir ildə Mingəçevir şəhər sakini İlqar Mustafa oğlu Məmmədovla bağlı heç bir “Forma-88″ sənədi Əlillik altsisteminə daxil edilməyib. Belə olan halda qiymətləndirilmə mümkün olmur. Bunun üçün vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən şəxslə bağlı yeni göndəriş rəsmiləşdirilərək Əlillik altsisteminə daxil edildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcək”.

Dövlət Məşğulluq Agentliyinin Mingəçevir filialının əməkdaşı Elgiz Yusifov isə bildirib ki, vətəndaşın qeydiyyata alındığı yaşıllaşdırma işləri ilə bağlı vakansiya yoxdur:

“Vətəndaş şəxsiyyət vəsiqəsi ilə özü yaxınlaşsın, vakansiyalara baxaq. Yaşıllaşdırma ilə bağlı vakansiyamız yoxdur. İstəsə də, o işlə təminat mümkün deyil. Digər vakansiyalar varsa, baxıb deyərik”.

Dövlət Məşğulluq Xidməti

Dövlət Məşğulluq Agentliyinin sözçüsü Əsmər Nəcməddinqızı isə deyir ki, vətəndaşın şikayəti araşdırılıb:

Məmmədov İlqar Mustafa oğlunun müraciəti araşdırılıb. Vətəndaş məşğulluq sistemində qeydiyyatdadır və istəyi yalnız ictimai işlərdə çalışmaqdır. Onun adı növbəlilik reyestrinə daxil edilib və prosedurlar barədə ətraflı məlumat verilib. Digər vakansiyalar barədə məlumat əldə etmək istəyərsə, filiala yaxınlaşa bilər”.

Dövlət icmal büdcəsi ötən ilədək 862 milyon manata qənaət edib”

İqtisadçı Fərid Mehralızadə deyir ki, dövlətin sosial siyasətdə əsas məqsədi əhalinin vəziyyətini yaxşılaşdırmaq yox, qənaət əldə etməkdir:

Fərid Mehralızadənin şəxsi arxivindən

Hazırda dövlətin sosial siyasətində əsas məqsəd büdcə və DSMF-yə qənaət etməkdir. Əlilliyi olan şəxslərin sayı 2020-ci ilin yanvarın 1-nə 633,4 min nəfər olduğu halda, 2023-ci ilin yanvarın 1-nə isə artıq əlillik ilə bağlı ödənişləri alan şəxslərin sayı 488.7 min nəfərə kimi azalıb. Bu isə artıq ölkə əhalisinin 5%-dir. Müxtəlif tədbirlər hesabına dövlət icmal büdcəsi ötən ilədək 862 milyon manata qənaət edib. Sosial siyasətdə əsas məqsəd əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq yox, məhz qənaət etməkdir”.

Əlillik təyinatı necə azaldılır?

Hüquqşünas Azər Quliyev Meydan TV-yə bildirib ki, ölkədə orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir:

30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir”.

Onun sözlərinə görə, ölkədə əlilliyin təyin edilməsi və ya orqanizmin funksiyalarının pozulması əsasən iki səbəbdən azalıb:

Azər Quliyev

Birincisi, əvvəllər bir çox şəxslər hüququ olmadığı halda müəyyən qeyri-qanuni yollarla əlillik dərəcələri alırdılar. İndi isə bunun qarşısı alınır və nəzarət var.  İkincisi isə əlilliyi təyin edən Tibbi-sosial ekspert komissiyalarının öz işini layiqincə və qanuni yerinə yetirməməsidir. Bəzi hallarda isə orqanizmin pozulma halını düzgün tətbiq etməməsi, hətta yataq xəstələrinə belə aşağı dərəcədə orqanizmin funksiyalarının pozulması hallarını təyin etmələridir”.

O deyir ki, hüquqi pozulan vətəndaş son çıxış yolu kimi məhkəməyə müraciət edə bilər:

Əgər şəxs orqanizmin pozulması barədə təyin edilən faizdən razı olmazsa, bu halda tibbi-sosial ekspert komissiyasının tabe olduğu yuxarı orqan olan Dövlət Tibbi Sosial ekspert və reabilitasiyası agentliyinə müraciət edə bilər. Bu qurumlara etdiyi müraciətlərə cavab onu qəbul etməsə, həmin qurumların imtina məktubunu aldıqdan sonra 1 ay müddətində İnzibati Məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər”.

Onlar xırda səbəb axtarırlar ki, kəssinlər”

Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin üzvü, sosioloq Əhməd Rəhmanov əlilliyi kəsilmiş şəxslərin çox olduğunu deyir.

Onun fikrincə, əlilliyi olan bəzi şəxslərin mütəmadi yoxlanışdan keçməməsi özlərinə problem, aidiyyəti quruma səbəb yaradır. Digər tərəfdən isə aidiyyəti qurum xüsusi göstərişlə əlilliyi olan şəxslərin sayını məqsədli şəkildə azaldır:

Əhməd Rəhmanov

Əmək və Əhalinin Sosial Müdafiəsi Fondu öz tabeliyində olan qurumlara, əməkdaşlara əmr verib ki, əlil şəxslərin sayını azaltsınlar. Onlar xırda səbəb axtarırlar ki, kəssinlər. Yoxlanışdan keçməlidir əlillər. Əsas imtina səbəbi “Forma 88”-in 2016-cı ilin şablon versiyası idi. Orada əlil şəxsin əsas xəstəliyi ilə yanaşı əlavə xəstəliklərini yazmaq üçün qrafa yox idi. Həkim əlavə etmirdi. İndi bu yaxınlarda “Forma 88″ dəyişdi, indi əlavə xəstəliklər üçün yer ayırıblar. Əslində çoxdan belə olmalı idi ki, travma almış şəxsin sonrakı illərdə gözdə, qulaqda və digər orqanlarda xəstəlikləri yaranır, ağır əməliyyatlar keçir, onlar da qeyd olunsun. Bunlar tək beyin travması qeyd edirlər, digər orqanların xəstəlikləri isə kənarda qalır. On il öncə beyin travması bu gün gözü kor edibsə, tibbi ekspert komissiyası onu nəzərə almır, həmin travma ilə əlaqəli olduğunu qeyd etmir. Ya da gözünü yoxlayıb sosial əlillik verirlər, müharibə əlili olduğunu qeyd etmirlər. Çoxdur belə şikayətlər”.

Vətəndaşlar hüquqlarını bilmir deyə çoxu əlilliyini bərpa edə bilmir”

Sosioloq deyir ki, imtina alan əlillərin tək çıxış yolu məhkəmədir, çünki çoxu hüququnu bilmədiyindən əlilliyini bərpa edə bilmir:

“Məhkəmə son çıxış yoludur. Biz şablon müraciət forması hazırlamışıq pulsuz həmin əlillik hüququ pozulmuş şəxslər qeydlərini edib məhkəməyə verə bilər. İki ildə beş əlil şəxsin məhkəməsini udmuşuq. İki vacib sənəd lazımdır. Tibbi Sosial Ekspert Komissiyasının son qərarına və xəstəliklərinə dair sənədlər qeyd olunur. Əgər komissiya qərarı əlində yoxdursa, ərizə yazıb təkrar komissiyadan keçir. Aldığı cavabı götürüb İqtisad Məhkəməsinə şikayət edir. Məhkəmədən tələb olunur ki, müstəqil komissiya yaratsın və vətəndaşı eyni qurum deyil, submedekspertiziya yoxlanışdan keçirsin. Ordakı qərar  nazirliyə göndərilir ki, buyur, bu da bir digər komissiyanın yoxlanış nəticəsi. Pozulan hüquqlar belə məhkəmə yolu ilə həll olunur”.

“Ayaq döymək və süründürməçilikdən bezmişəm”

Ancaq onlarla əlillik dərəcəsi kəsilən və təyinatında əziyyət çəkən həssas təbəqə nümayəndəsi kimi İlqar Məmmədov da ümidsizdir:

Mən həkim yoxlanışından keçməkdən, Məşğulluğa ayaq döymək və süründürməçilikdən bezmişəm. Borc-xərclə dəfələrlə Bakıya getmişəm. Yenə gedəcəyəm, amma tərəziyə çıxarıb: “Get çəkin düşmür, iş üçün də növbən çatanda deyərik”, – deyib imtina verəcək, qovacaqlar”.

Ana səhifəSosialMüharibə veteranı: “Pensiyamı kəsib məni küçədə qoydular”