close

Müharibədən sonra Ermənistanda 17 minə yaxın silahın itdiyi deyilir

Ermənistan, Foto: Madrugada Verde/Shutterstock

“Silahlar yerli əhali tərəfindən oğurlanıbsa, hər hansı bir vətəndaş iğtişaşına səbəb ola bilər”

2020-ci ildə baş vermiş 44 günlük müharibədən sonra Ermənistanda 17 minə yaxın silahın yoxa çıxdığı deyilir.

Bu barədə ölkənin daxili işlər naziri Vahe Qazaryan yanvarın 24-də keçirdiyi mətbuat konfransında bildirib.

Nazir silah-sursatla bağlı narahatlığını ifadə edib.

“Biz 2023-cü ili qeyri-qanuni silah dövriyyəsi ilə mübarizə ili elan etdik və yaxşı nəticələr əldə etdik”, – deyə Qazaryan əlavə edib.

Belçikanın “eureporter.co” nəşrinin əməkdaşı Sara Miller yazır ki, Ermənistan ordusunun istifadə etdiyi əsas hücum silahları Rusiya istehsalı olan “Kalaşnikov” avtomatları hesab olunur.

17 min rəqəmini dərk etmək çətindir. Bu qədər silah 3,5 piyada briqadasını silahlandırmaq üçün kifayət edərdi. Bütün Ermənistan ordusu 65 min nəfərdən təşkil olunub, yəni bu, o deməkdir ki, çatışmayan silahlar hərbi heyətin dörddə birinə bəs edərdi. Əgər düzgün qablaşdırılarsa, həmin silahlar üçün 1400-dən çox böyük və ağır qutu (hər birində 12 tüfəng olmaqla) tələb edərdi. Onların daşınması üçün isə 10 hərbi maşına ehtiyac olacaqdı“, – deyə Sara Miller əlavə edib.

Qazaryan silahların 2020-ci ilin sonunda, müharibədən sonra yoxa çıxdığını bildirib:

Silahlar müharibə zamanı itməyib və ya düşmən qoşunları tərəfindən ələ keçirilməyib. Məhz münaqişədən sonra yoxa çıxıb”.

Qazaryan həmçinin deyib ki, silah sursatla bağlı məsələdən narahatdır, çünki bu, regional təhlükəsizlik və sabitlik üçün potensial nəticələr ortaya çıxara bilər.

Sara Miller yazır ki, bu həm də silah çatışmazlığının olduğunun göstəricisidir:

Heç kim bu ehtiyacın nə qədər olduğunu bilmir. Əgər silahlar yerli əhali tərəfindən oğurlanıbsa, hər hansı bir vətəndaş iğtişaşına və dövlətin yıxılmasına səbəb olar. Lakin Ermənistandakı hazırkı siyasi vəziyyəti və vaxtaşırı keçirilən silahsız kütləvi etirazlar silahların artıq ölkədə olmadığına sübutdur. Yoxsa Ermənistan kimi bir ölkədə 17 min silahı gizlətmək çətin bir şey olardı”.

“Bəs indi bu silahlar haradadır”, – deyə Miller sual edir və ardınca yazır:

Əlbəttə ki, onlar Türkiyə, Gürcüstan və ya Azərbaycan sərhədlərindən keçirilməyiblər. Yer kürəsinin istənilən yerindən silah almaqda maraqlı olan yalnız bir qonşu ölkə mövcuddur: İran. Müxtəlif terror təşkilatlarına dəstək verən rəsmi Tehran həmin təşkilatları müntəzəm olaraq yüngül və ağır silahlarla təchiz edir. Husilər, Hizbullah və ya HƏMAS qruplaşmalarına Rusiya istehsalı olan silahların verilməsinə xüsusi üstünlük verilir. Onların haradan gəldiyini heç kim dəqiq bilmir, çünki bir çox yerdə rus nişanələrinə rast gəlmək olar. Hazırda İran-Rusiya arasında mühüm yer tutan Ermənistan bu cür silahların əldə olunması üçün potensial bir yerdir”.

Təsəvvür edin ki, 2020-ci ildə Ermənistanın “itirdiyi” “Kalaşnikov” avtomatları HƏMAS-ın əlinə keçərək oktyabrın 7-də İsraildə törədilən qırğında istifadə oluna bilər. Təəccüblüdür ki, bütün dünyada terrorçuların ən böyük silah tədarükçüsü hesab olunan İranla həmsərhəd ölkədə itirilən 17 min silahdan danışılmır“, – deyə Miller məqaləsini bu fikirlərlə bitirir.

Meydan TV mövzu ilə bağlı Ermənistandan olan bir neçə müstəqil hərbi ekspertlə əlaqə saxlayıb. Lakin onlar mövzunun gündəmlərində olmadığını və onlar üçün əhəmiyyət kəsb etmədiyini deyiblər.

Ana səhifəDünyaMüharibədən sonra Ermənistanda 17 minə yaxın silahın itdiyi deyilir