close

Narkotik ittihamı verilən ictimai fəalla bağlı həbs qətimkan tədbiri seçildi

Möhyəddin Orucov, Foto: şəxsi facebook səhifəsi

Möhyəddin Orucovun anası Təranə Orucova bildirib ki, dekabrın 13-də oğlu saxlansa da, ailəyə bu barədə heç bir məlumat verilməyib

Daha bir ictimai fəal – dekabrın 13-də saxlanılan Möhyəddin Orucova qarşı narkotik ittihamı irəli sürülüb. Ona Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham verilib. İddia olunur ki, saxlanılanda gənc fəalın cibindən narkotik tapılıb.

Dekabrın 15-də Möhyəddin Orucov haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

M.Orucovun yaxınları onun təqsirsiz olduğunu, şərlənərək həbs olunduğunu deyir. Bildirirlər ki, ictimai fəal 30 sutkalıq inzibati həbs zamanı ona verilən işgəncələri ictimailəşdirdiyinə görə cəzalandırılıb.

Möhyəddin Orucovun anası Təranə Orucova bildirib ki, dekabrın 13-də oğlu saxlansa da, ailəyə bu barədə heç bir məlumat verilməyib. Onlar dəfələrlə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib, onu axtarıblar:

Gecə öyrəndik ki, Suraxanı rayon Polis İdarəsindədir. Bir nəfər mülki geyimdə düşüb dedi ki, narkotiklə iş başlanıb”.

Möhyəddin Orucov bundan əvvəl oktyabrın 18-də saxlanmış və ona 30 sutka inzibati həbs cəzası verilmişdi. Suraxanı Rayon Məhkəməsinin qərarında iddia olunurdu ki, o, küçədə söyüş söyüb, polislər onu intizama dəvət eləsələr də, tabe olmayıb. Bu səbəbdən saxlanılıb və 23-ci bölməyə gətirilib. Orada onun haqqında inzibati xətaya dair iş açılıb.

Yaxınları isə bildirirdi ki, onu küçədə saxlamayıblar, zəng edib 32-ci polis bölməsinə çağırıblar. Həmin çağırış əsasında da o, bölməyə gedib:

Sosial şəbəkədəki səhifəsində Prezidenti tənqid edib, ona görə çağırıblar. Açıq şəkildə dedilər, o da getdi. O gedən, bir də buraxılmadı. Səhəri gün eşitdik ki, haqqında həbs qərarı çıxarılıb”.

İnzibati həbsdən çıxandan bir müddət sonra o, həbs olunarkən başına gələnləri ictimailəşdirib, işgəncələrə məruz qaldığını bildirib.

32-ci bölməyə çatdım. Atam da arxamca gəlmişdi, ona içəri girməyə imkan vermədilər. Növbətçi hissədə telefonumu götürdülər, ayaqqabı bağlarını çıxartdırdılar. Deyirdilər ki, nəsə yazmısan, amma fakt kimi nəsə təqdim etmirdilər. Məni müvəqqəti saxlama yerinə saldılar. Dar, boğucu idi, halım pisləşdi. Qapını döydüm, gəldilər ki, nə səsini atmısan başına? Dedim, nəfəsim çatmır, qışqırdım ki, niyə buradayam? Qolumdan tutub dedilər ki, rədd ol çölə. Bölmənin həyətində skamyada oturdub, qoluma qandal vurdular. Biraz keçdi yenə halım pisləşdi. Bir yığın polis çölə çıxdı. Biri dedi, “artistlik edir”, biri dedi, “qoy ölsün”. Gördülər ki, vəziyyətim ciddidir, ürəyim gedir. Tez krandan su doldurub verdilər. Dedim, ayaq yoluna getmək istəyirəm, qoymadılar. Saatlarla sıxışıb qaldım. Bir mayor gəldi, dedi ki, “sən bunları yazıb, hələ bir tualet də istəyirsən? Utanmırsan, vuraram ağzının üstündən”. O vəziyyətdə soyuqda saatlarla qaldım, axırda gördüm ölürəm, məcbur olub ayaqyolu kimi butulkadan istifadə elədim.

Səhər 5-6 radələrində məni içəri saldılar. Məndən “İnstagram” hesabımı istəyirdilər. Dəfələrlə yazdım, şifrə səhv çıxırdı. Dedim, yadımdan çıxıb. Məni o biri otağa salıb, mülki formalı polis döyməyə başladı. Məni “Bandotdel”lə təhdid edirdilər. Axırda açdım profili, başladı baxmağa, dedi, “sən nələr yazmısan”. Yenə başladı söyməyə, sonra sakitləşdilər. Mənə ərizə forması verdilər ki, “ölkə başçısını təhqir etdiyimə görə üzr istəyirəm, bir də etməyəcəyimə söz verirəm” kimi şeylər yazım. Təzyiq altında yazdırırdılar. Mən də təhqir yox, “tənqid etdiyim üçün üzr istəyirəm dedim”.

Sonra dedilər ki, rəisin yanına aparırlar. Mülki formada olan, “rəis” adlandırdıqları şəxs durdu ayağa ki, “əəə, şirkətdən niyə şikayət eləmisən? Üç kişi, üçünüz də oranın çörəyini yeyib, suyunu içirsiniz”. Başladı söyməyə, dedi ki, “sizi ailəlikcə ölkədən sürgün eləmək lazımdır”. Bunları da söyüşlü formada deyirdi. Məni gətirəndə dedi ki, buna niyə dubinka soxmamısız? Başladı şillə, yumruqla döyməyə. Döyəndən sonra yenə ağır söyüşlərə keçdi, onda dedim, “normal danış, ailəmi qarışdırma”. Otaqda olan polisə dedi ki, “buna “polisə müqavimət” yaz”.

Məhkəmədə polislərdən biri valideynlərimdən 200 manat pul istəyib. Atam da deyib ki, daha məhkəməyə kimi gətirmisən, nə pul?”.

M.Orucova bu dəfə ittiham verilən Cinayət Məcəlləsinin 234.4.3 maddəsində 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Hazırda Azərbaycanda onlarla ictimai-siyasi fəal bu maddə ilə həbsdədir. Onlar özlərini təqsirli bilmir, şərləndiklərini deyirlər.

Daxili İşlər Nazirliyi isə həbs olunanların konkret faktlar əsasında saxlandığını iddia edir.

Ana səhifəSiyasətNarkotik ittihamı verilən ictimai fəalla bağlı həbs qətimkan tədbiri seçildi