close

NATO Qərbi Ukraynaya uzunmüddətli dəstək verməyə çağırıb

Yens Stoltenberq, Mənbə: NATO

Stoltenberq: “Dəstək Moskvanı danışıqlar masasına oturmağa və hərbi əməliyyatı dayandırmağa məcbur edəcək”

“Rusiya güzəştə getməyə hazır olmadığına görə NATO üzvü olan ölkələr Kiyevə uzunmüddətli dəstək verməyə hazırlaşmalıdırlar”.
Bunu NATO-nun (Şimali Atlantika Müqaviləsi Təşkilatı) Baş katibi Yens Stoltenberq “BBC News”a müsahibəsində deyib.
Stoltenberq müsahibəsində Rusiya ilə Ukrayna arasındakı münaqişənin sülh danışıqları yolu ilə həll olunacağına dair fikirlər  də səsləndirib.
Deyib ki, NATO-nun Ukraynaya hərbi dəstəyi rəsmi Moskvanı danışıqlar masasına oturmağa və Ukraynanı Avropanın suveren, müstəqil dövləti kimi tanımağa məcbur edəcək.
Bir müddət öncə Ukrayna Prezident Adminstrasiyasının rəhbəri Andrey Yermak Qərb ölkələrinin münaqişənin diplomatiya yolu ilə həll edilməsi təklifini yanlış hesab etdiyini demişdi.
2022-ci il sentyabrında Ukrayna Prezidenti Volodimir Zelenski Vladimir Putinin Rusiya Prezidenti olduğu müddətcə rəsmi Moskva ilə danışıqlara girməyəcəyini bildirib.
2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.
Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. 600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.
2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.
2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Ana səhifəXəbərlərNATO Qərbi Ukraynaya uzunmüddətli dəstək verməyə çağırıb