close

“Naxçıvanda banda dağılandan sonra ümidim yaranmışdı, amma…”

Elmahir Rzayev. Foto: Meydan TV

68 yaşlı Elmahir Rzayev: “Prezidentə, Mehriban xanıma müraciət edirəm”

Naxçıvan sakini Elmahir Rzayev deyir ki, Muxtar Respublika rəhbərliyində dəyişiklik olanda 20 il əvvəl zorla əlindən alınmış əmlakını geri qaytaracağına ümidi yaranmışdı. Elə ona görə də dəyişiklikdən sonra rəhbər vəzifələrə yeni təyin olunan şəxslərin bir çoxuna müraciət edib. Onun sözlərinə görə, bu müraciətlərdən sonra ümidləri azalmağa başlayıb.

“Atası Vasif Talıbovun müəllimi olub deyə…”

68 yaşlı Elmahir Rzayev Meydan TV-yə danışır ki, Naxçıvan şəhərində, Dəmiryol vağzalının yanında obyekti vardı. Həmin obyekti 2004-cü ildə razılığı alınmadan, məhkəmə qərarı olmadan, dəyərini də ödəmədən söküblər. Üstündən 20 ilə yaxın vaxt keçməsinə baxmayaraq, nə əmlakını bərpa elətdirə bilir, nə də pulunu ödəyirlər.

Elmahir Rzayevin əmlakı Əlincə məhəlləsində, Naxçıvan Dəmiryolu vağzalının sağ tərəfində yerləşirmiş. Bunu təsdiqləyən sənədlər də var.

Əmlak sahibinin sözlərinə görə, 1999-cu ildə alıb, 2002-ci ildə özəlləşdirdiyi bu obyekt Azər Zeynalov “Naxçıvan Dəmir Yolları”na rəis təyin olunandan az sonra sökülüb.

“Mən özüm də dəmiryolunda işləyirdim. Azər Zeynalov dedi ki, guya sədrin – Vasif Talıbovun göstərişidir, sökülməlidir. Dedim ki, bura mənim şəxsi mülkiyyətimdir. Azər Zeynalovun atası Şərurda Vasif Talıbovun müəllimi olub. Vasif Talıbov müəlliminin oğlunu əvvəl Ali Məclisə gətirmişdi, sonra da Dəmiryol idarəsinin rəhbəri təyin elədi. O da başımıza belə oyun açdı. Hətta ona da razılaşdım ki, sökülürsə, bir məktub verilsin ki, dövlət əhəmiyyətli iş görülür, ona görə eləyirlər.. Bundan da imtina elədilər. Aramızda böyük söz-söhbət oldu. Mən bu dərəcədə gözləmirdim. Əmlakımı sökəndə belə, xəbərim olmadı”.

“Günün birində bu bandanın dağılmasını gözləyirdim”

Elmahir Rzayev danışır ki, həmin obyekt dülgər sexi kimi fəaliyyət göstərirdi. Oradan özü də daxil olmaqla, xeyli adam evinə çörək pulu aparırdı. Onun sözlərinə görə, Vasif Talıbovun rəhbərliyi dövründə Naxçıvanda vəziyyət eləydi ki, insanların başına nə oyun açılsa da, adamlar səsini çıxara bilmirdi:
“Ona görə də səbr edib, günün birində bu bandanın dağılmasını gözləyirdim. Nəhayət, o gün gəlib çıxdı. 2022-ci il dekabrın 6-da Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan şöbəsinə ərizə verdim. Oradan bir nəfər nümayəndə mənimlə görüşdü. Bütün sənədləri ona verdim. Uzun illər dəmiryolunda işləmişəm, bütün bildiklərimi danışdım. Hətta obyektimin yerinə də apardım. Gördü ki, obyektimi söküblər, yerində heç ağac da əkməyiblər. Üstündən uzun müddət keçəndən sonra – fevral ayında mənə dedi ki, o iş bizlik deyil. Prokurorluğa da getmişdim. Sonra Ali Məclisə müraciət elədim. Aprelin 4-də səlahiyyətli nümayəndəyə teleqram göndərdim. Xahiş elədim ki, məni qəbul eləsin. O da qəbul eləmədi…”.

“Düşünürəm ki, bu ölkənin yiyəsi var”

Naxçıvan MR-dakı yeni məmurlardan da ümidini üzdüyünü deyən Elmahir Rzayev vurğulayıb ki, ona qarşı bu cür davranış həm də qürurunu zədələyib. Onun sözlərinə görə, məmurların belə münasibəti qarşısında özünü alçalmış hiss edir:

Onsuz da 20 ildir o əmlakı itirmişəm. Banda dağılandan sonra bir ümid yaranmışdı. Bu cür davranışla o ümidi öldürməklə yanaşı, həm də məni alçaltmış oldular. Mən düşünürəm ki, bu ölkənin yiyəsi var. Ona görə prezidentə, Mehriban xanıma müraciət etmək istəyirəm. Mən nə istəyirəm ki?! Özümün olanı, əlimdən zorla alınanı istəyirəm də. Çox təəssüf ki, vicdan deyilən şey hər adamda olmur. Mən bu yaşımda niyə bu vəziyyətə qalmalıyam?”.

Ana səhifəBölgə“Naxçıvanda banda dağılandan sonra ümidim yaranmışdı, amma…”