close

“Niyə gedib kiminsə yerinə türmədə oturmalıyam?”

Polad İsmayılov. Foto: Meydan TV

Polad İsmayılov: “İynə ucu boyda günahım olsa, ömürlük cəzaya da razı idim”

Qətl törətmək ittihamıyla 11 il azadlıqdan məhrum edilən, 3 il 10 ay həbsdə qalandan sonra bəraət alan Polad İsmayılov Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxandan sonra Gəncəyə yollanıb. Orada evlərinə gözaydınlığına gələn qohum-əqrəba, qonşularla görüşüb, yaxınlarının məzarını ziyarət edib.

“Özümə də yaxınlarıma da zülm olundu”

50 yaşlı Polad İsmayılov 3 övlad atasıdır – iki oğlu, bir qızı var. Oğullarından biri hazırda hərbi xidmətdədir, qızı məktəbdə təhsilini davam etdirir.

O, Meydan TV-yə danışır ki, 4 ilə yaxın müddətdə özüylə yanaşı, ailəsi də zülm çəkib, həbsxana və məhkəmə yollarında qalıblar:

“Bunun maddi tərəfi bir cür çətindir, fiziki tərəfi də başqa cür. O vaxt mənim işimə Şəki Ağır Cinayətlər Məhkəməsində baxırdılar. Məhkəmə aylarla davam elədi, axırda da ittiham aktını hökmə köçürüb, hökm verdilər – 11 il. Bu hökmü eşitmək bilirsiniz necə ağırdır? Günahım olsaydı, məni yandırmazdı. Deyərdim ki, cinayəti eləmişəm, cəzasını da çəkirəm. Həmişə demişəm, bu gün də deyirəm ki, iynə ucu boyda günahım olsa, ömürlük həbsə də razıyam. Amma heç nə eləməmişəmsə, niyə gedib kiminsə yerinə türmədə oturmalıyam? Özümə də, yaxınlarıma da zülm olundu”.

“Cinayətkarı tapa bilmirdilər, mənim boynuma qoydular”

Polad İsmayılov 2020-ci ilin fevralından həbsdədir. “Mega Trans” MMC-də sürücü işləyən, yük maşınları idarə edən Polad İsmayılova “Qırmızı körpü” sərhəd-buraxılış məntəqəsində deyiblər ki, ölkədən çıxışına “stop” qoyulub. Maraqlananda deyilib ki, pasportla bağlı məsələdir. Onu Zaqatala Rayon Polis Şöbəsinə çağırıblar. Gedib orada onu çağıran rəis müavinini gözləyəndə şöbənin qarşısında bir polis əməkdaşı siqaret çəkməsinə irad bildirib. Ardınca onu içəri aparıb, İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə protokol tərtib ediblər. Daha sonra məhkəməyə aparıb, onun haqqında 10 günlük inzibati həbs qərarı alıblar.

Polad İsmayılov deyir ki, məhkəmədən Zaqatala Rayon Polis Şöbəsinə qaytarılıb və bundan sonra 9 il əvvəl baş vermiş cinayətə – 2011-ci ilin fevralında 61 yaşlı Seyran Eyyubovanın qətlə yetirilməsinə görə işgəncələr başlayıb.

Seyran Eyyibova evini günlük kirayə verməklə məşğul olub. Müxtəlif yerlərdən gəlib Zaqatala bazarında işləyənlər, oradan keçən yük maşınlarının sürücüləri və s. adamlar onun evində gündəlik qalırmış. Elə gün olurmuş ki, həmin evdə 10-12 nəfər adam kirayə qalırmış. Polad İsmayılov da həmin evdə qalanlardan biri olub.

Zaqatala Rayon Polis Şöbəsi. Mənbə: DİN

“Məni məhkəmədən gətirəndə rəis dedi ki, “mən 9 sutka demişdim, hakim 10 sutka verdi”. Bundan sonra başladılar ki, “o vaxt arvadı sən öldürmüsən, boynuna al”. Dedim, nə danışırsınız, o vaxt hadisədən sonra məni və həmin gecə evdə qalanları aparıblar, dindiriblər, araşdırma aparıblar, ekspertizadan keçiriblər. Dedilər ki, yox, boynuna almalısan. Gördülər ki, yox, yenə də “yox” deyirəm, məni balalarımla hədələməyə başladılar. Hətta başqa murdar şeylər də deyirdilər. Əgər razılaşmasam, boynuma qoyacaqlar ki, guya arvada qarşı nəsə eləmişəm. Elə işgəncələr oldu, danışmaq istəmirəm. Cinayətkarı tapa bilmirdilər, görüntü yaratmalıydılar ki, bağlı qalmış işi açmışıq, ona görə mənim boynuma qoydular”.

“Hər şeyin sonu olduğu kimi, mənə qarşı ədalətsizliyin də sonu gəldi”

İnzibati həbs müddətində Polad İsmayılova məktub yazdırılıb. Orada göstərib ki, 9 il əvvəl törətdiyi cinayətə görə illərdir vicdan əzabı çəkir, ona görə etiraf edib, bu yükdən qurtulmaq istəyir.

Şəki Ağır Cinayətlər Məhkəməsi Polad İsmayılovu Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə təqsirli hesab edib və onun 11 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb. Bu hökmü Şəki Apelyasiya Məhkəməsi də qüvvədə saxlayıb. Məsələ gəlib Ali Məhkəməyə çıxanda orada hakimlər bu cinayət işinin düzgün araşdırılmadığı qənaətinə gəlib və aşağı instansiyanın qərarı ləğv olunub. Ali Məhkəmə bu işi yenidən araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə qaytarıb. Burada sentyabrdan başlayan təkrar araşdırmalar dekabrın 28-də yekunlaşıb və bəraət hökmü çıxarılıb.

Şəki Ağır Cinayətlər Məhkəməsi. Foto: Azadlıq Radiosu

Polad İsmayılov deyir ki, illərdir nahaqdan çəza çəkməsinə baxmayaraq, günün birində bəraət alacağına inanırdı:

“Əmin idim ki, günahsızam və Allah da haqqı nahaqqa verməz. Tezi-geci var. Hər şeyin bir sonu olduğu kimi, mənə qarşı ədalətsizliyin də sonu gəldi. Sözsüz ki, haqq-ədalətin bərpasında vəkilim Zabil Qəhrəmanovun inanılmaz əziyyəti oldu. Bir ömür ona borcluyam. Eyni zamanda, Ali Məhkəmədə mənim işimlə bağlı obyektiv qərar verib, işi geri qaytarmış hakim Rəşad Abdulova, haqqımda bəraət hökmü çıxaran hakimlərin üçünə də (Rövşən Rəfiyev, Xaqani Səmədov və Elçin Hüseynov) minnətdaram”.

“4 ilimi hədər elədilər”

Polad İsmayılov təqsirsiz olduğu halda, həbsdə qaldığı 3 il 10 aylıq müddətə görə təzminat almaq üçün məhkəməyə müraciət etmək fikrindədir. Deyir ki, həm maddi, həm də mənəvi baxımdan ona çox böyük zərbə vurulub:

“Dərinə gedəndə türmədə nəinki 4 il, heç 4 gün günahsız qalmanın əvəzi heç nə ilə ödənilə bilməz. Mənim 4 ilimi hədər eləyiblər. Doğmalarımdan uzaq qalmışam, ailəm əziyyət çəkib. Həbs olunanda mən yük maşınının sürücüsü kimi, müxtəlif ölkələri gəzirdim, aya 2000 manata qədər maaş alırdım. Əlbəttə, bunların əvəzinin qismən də olsa, ödənilməsi üçün mütləq müraciət edəcəm”.

“Əvvəl bu işə baxan hakimlər ədalətli olsaydı, bu məhrumiyyətlər yaşanmazdı”

Vəkili Zabil Qəhrəmanov da Meydan TV-yə bildirib ki, Cinayət-Prosessual Məcəlləsinin 56-cı maddəsinə əsasən, Polad İsmayılovun təzminat almaq hüququ var. Bu maddədə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində qanunsuz həbs olunmuş şəxslərdən bəhs olunur. Vəkilin sözlərinə görə, təzminat məsələsində bu müddətdə onun yaşadığı məhrumiyyətlər, dəymiş mənəvi ziyanla yanaşı, həm də maddi məsələlər – həbsindən öncə aldığı əməkhaqqı, vəkil xərcləri və s. də nəzərə alınmalıdır.

Zabil Qəhrəmanov. Foto: Meydan TV

Zabil Qəhrəmanov əlavə edib ki, əvvəl Polad İsmayılovun işinə baxmış hakimlər ədalətli olsaydı, o, bu qədər məhrumiyyətlər yaşamayacaqdı. Vəkil 11 illik azadlıqdan məhrumetmə hökmünün yanlış yanaşmanın nəticəsi olduğunu düşünmür. Deyir ki, Polad İsmayılovun təqsirsiz olduğunu sübut edən çoxsaylı faktlar vardı və onları görmək çətin deyildi. Vəkil Meydan TV-yə də işdəki həmin ziddiyyətlərdən bir neçəsini sadalayıb:

“İşgəncələrdən sonra Polad İsmayılovu qətl baş vermiş evə gətiriblər, orada videoçəkilişlə danışdırırlar. O, videoda deyir ki, mən qadını bu otaqda öldürdüm, halbuki, hadisə başqa otaqda olub. Bu adam deyir ki, mən bıçaqla öldürdüm, çıxıb gedəndə bıçağı yolda çaya atdım. İş materiallarında da var ki, hadisədən sonra evdə kranın altında sınmış bıçaq tapılıb. Ekspertiza da qətlin o bıçaqla törədildiyini istisna etməyib. Evdə qadının qanından əlavə başqa bir qan nümunəsi də tapılıb. Ekspertizadan rəy alıblar ki, guya Polad İsmayılovun qanı ilə eynidir. Ekspertizanın rəyinə görə, o, tapılan qan III qrupdur, Polad İsmayılovun qanı isə I qrupdur. Bu, necə eyni oldu?”.

Ana səhifəBölgə“Niyə gedib kiminsə yerinə türmədə oturmalıyam?”