close

“Nizami” Kino Mərkəzinə yeni direktor təyin olunub

“Nizami” Kino Mərkəzi. Foto: “Azərtac”

Bu barədə nazir  Adil Kərimli əmr imzalayıb

Mədəniyyət naziri Adil Kərimlinin əmrinə əsasən kinorejissor Əli-Səttar Quliyev “Nizami” Kino Mərkəzinin direktoru təyin olunduğu bildirilir.

Əli-Səttar Quliyev məlumatı Meydan TV-yə təsdiqləyib.

Əli-Səttar Elxan oğlu Quliyev 1981-ci ildə Bakıda doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (1998-2002), Azərbaycan Dövlət İqtisad Universitetində (2004-2006) təhsil alıb.

“Azanfilm” studiyasının direktor müavini (2011-2015), “Mozalan” studiyasının isə direktoru (2015-2022) olub.

“İki tüstü” (2015), “Əlvida, Şmidt!” (2019), “Olimpia” (2021), “Stadionlar səssiz olanda” (2023) filmlərinin rejissoru, bir çox filmlərin, həmçinin bu il Beynəlxalq Kann Festivalının müsabiqə bölməsində yer alan “Sanki yoxsan” qısametrajlı filminin prodüseridir.

“Nizami” kinoteatrı ilk dəfə 1934-cü ildə istifadəyə verilib.

Bakı kinoteatrları 90-cı illərdən sonra bir-bir sıradan çıxmağa başlayıb.

Əvvəlcə seanslar azalıb, sonra isə fəaliyyəti tamamilə dayanıb.

2006-cı il avqustun 23-də Prezident İlham Əliyevin imzaladığı “Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında” sərəncamdan sonra ölkə üzrə 100 kinoteatr və kino qurğusunun özəlləşdirilməsinə başlanılıb.

Sahibkarlar kinoteatrları biznes və başqa təyinatlı obyektlər kimi istifadə ediblər.

Mədəniyyət Nazirliyinin balansında olan “Nizami” kinoteatrı isə yenidən təmir edilərək 2011-ci ildə təkrar istifadəyə verilib.

Yenidənqurmadan sonra kinoteatrın birinci mərtəbəsində 50 və 80 yerlik iki, ikinci mərtəbədə 500 nəfərlik böyük, beşinci mərtəbədə isə 24 nəfərlik VİP kinozalları yaradılıb.

Binanın birinci mərtəbəsində ticarət köşkləri, ikinci mərtəbəsində kafe, dördüncü mərtəbəsində kafe-klub, mətbuat mərkəzi, beşinci və altıncı mərtəbələrində isə 250 yerlik restoran fəaliyyət göstərir.

Bundan öncəki direktoru isə Leyli Mirzəyeva olub.

Ana səhifəMədəniyyət“Nizami” Kino Mərkəzinə yeni direktor təyin olunub