close

Oğlunun əvvəl şəhid, sonra sağ olması xəbərini alan ana: “Mən möcüzə yaşamışam”

Əsgər. Mənbə: “Freepik”

Rəna Muradova: “Kənd soveti gətirib qapımıza bayraq asanda dedi ki…”

Xaçmaz rayonunun Xudat qəsəbəsində yaşayan Muradovlar ailəsi sentyabrın 21-də oğulları Cümşüdün Qarabağ döyüşlərində həlak olması xəbərini alıb. Qohum-qonşu, dost-tanış onlara gəlib, bir sutkadan çox meyitin gətirilməsini gözləyiblər. Və xəbər gəlib ki, Cümşüd sağdır…

“Nə vəziyyətə düşdüyümüzü bir Allah bilir”

Anası Rəna Muradova Meydan TV-yə danışır ki, sentyabrın 21-də gətirib qapılarına Azərbaycan bayrağı asanda övladının həlak olduğunu xəbər veriblər:

Kənd soveti gətirib bayrağı asanda dedi ki, xəbər gəlib, şəhid olub. Nə vəziyyətə düşdüyümüzü bir Allah bilir. Ayın 21-də üstümüzə şəhid adı gəldi, amma özünü gətirmədilər. Nə qədər adam yığılmışdı bizə, hamı gözləyirdi. Ayın 22-də axşamüstü saat 5-də xəbər çıxdı ki, yalan imiş, sağdır”.

Rəna Muradova. Foto: Meydan TV

27 yaşlı Cümşüd Muradov müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçudur. Məlum olub ki, o, ayaqlarından yaralanıb, yıxılıb qalıb və hərbçi yoldaşlarından ayrı düşüb. Üç gün belə qalandan sonra sentyabrın 22-də Cümşüd Muradovu bu vəziyyətdə tapıblar. Onu hospitala çatdırıblar.

Hələ bir evimə gəlsin…”

Anası deyir ki, oğlunun sağ olması xəbərini alandan dərhal sonra onunla telefonla görüntülü danışıb, gözüylə görəndən sonra inanıb:

Mənə dedilər ki, həkimin yanındadır, yaralıdır. Elə həmin həkimin vasitəsilə danışdıq, görüntülü. Həmin gün vəziyyəti yaxşı deyildi. Sistem vururdular. Dedi ki, ayaqlarımdan yaralanmışam, gəzə bilmirəm. Amma mən ayaqlarını görmədim”.

Cümşüd Muradov. Foto: Ailə albomundan

Rəna Muradovanın sözlərinə görə, oğlunun sağ olduğunu biləndən sonra da onlara gözaydınlığı vermək üçün evlərinə gəlib-gedənlərin ardı-arası kəsilmir. Deyir ki, yaşadığı hissi sözlə ifadə eləmək mümkün deyil.

Hələ bir sağalıb evə gəlsin, mütləq qurban kəsəcəm, konfet paylayacam. Həyətimə, evimə sağ-salamat girsin, gücüm nəyə çatır, paylayacam. Necə ki, indi eləyirəm, onda da eləyəcəm. Mən möcüzə yaşamışam…”.

Ana səhifəBölgəOğlunun əvvəl şəhid, sonra sağ olması xəbərini alan ana: “Mən möcüzə yaşamışam”