close

OPEC+ toplantısı öncəsi neft bazarında gərginlik

OPEC+. Foto: Reuters

Neft qiymətləri enir, Azərbaycanı nə gözləyir?

Dünya bazarlarında neftin qiyməti ucuzlaşmağa başlayıb.

Analitiklər düşünür ki, səbəb həm də həftə sonu OPEC+ ölkələrinin toplantısı ilə bağlı ola bilər. Beləliklə, brent markalı neftin fyuçerləri 3 sent və ya 0,04 faiz ucuzlaşaraq barrel üçün 82,45 dollar olub. ABŞ-ın “West Texas Intermediate” xam neft fyuçerləri isə 1 sent və ya 0,01 faiz ucuzlaşaraq 77,76 dollara enib.

“Reuters” yazır ki, qiymətlər ötən həftə neftə tələblə bağlı artan narahatlıqlar səbəbindən daha da zəifləyib.

Proqnozlar OPEC+ toplantısından sonra tədarükün azaldılmasının müddətinin uzadılması istiqamətindədir.

Amerika Neft İnstitutunun açıqladığı məlumata görə, ABŞ-ın xam neft ehtiyatları noyabrın 17-də təxminən 9,1 milyon barel artıb.

Lakin benzin ehtiyatları təxminən 1,79 milyon barel, distillə ehtiyatları isə hardasa 3,5 milyon barel azalıb.

Dünya bazarlarında neftin qiymətinin enməsinin Azərbaycana, yerli valyutaya təsirləri necə olacaq?

İqtisadçı, deputat Vüqar Bayramov deyir ki, neftin dünya bazar qiyməti Azərbaycanın dövlət gəlirləri baxımdan vacibdir. Çünki hazırda ölkənin ixracatının 80 faizə yaxını neft məhsullarıdır. Bu kontekstdən neftin qiyməti ölkəyə daxil olan valyutanın həcminə birbaşa təsir göstərir.

“Noyabrın 26-da OPEC + alyansının iclasının keçiriləcəyi gözlənilir. Belə xəbərlər enerji bazarına təsirsiz ötüşmür. Nəticədə belə məlumatlar investorların qərarlarına və neftin qiymətinə təsir edir”.

İqtisadçı bildirir ki, hazırda Azərbaycanda valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Neft Fondu mövcud aktivləri hesabına illik orta hesabla 12 milyard manatlıq transferi həyata keçirmək imkanına malikdir. Bununla yanaşı, neftin qiyməti valyuta bazarına həm iqtisadi, həm də psixoloji təsir göstərir:

Vüqar Bayramov
Foto: Meydan TV

Brent markalı neftin mövcud qiyməti valyuta bazarındakı tarazlıq üçün hələlik, təhdid yaratmasa da, növbəti dövrdə “qara qızılın” dəyərinin necə dəyişməsi müəyyən təsirlər göstərə bilər. Amma Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də neft bazarında dəyişikliklər fonunda manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.

Azərbaycanın 2024-cü il büdcə mədaxilinin hər iki manatından biri təbii resurs satışından formalaşıb. Bu, büdcənin neft-qaz gəlirlərindən asılılığının göstəricisidir.

Hökumət 2024-cü ildə həm xam neftin, həm də təbii qazın dünya bazarlarında qiymətinin aşağı olacağını gözləyir. Buna görə də xam neftin proqnoz qiymətini 60 dollar götürüb.

Həmçinin, büdcə sənədlərindən görünür ki, gələn il xam neft hasilatı 1.1 milyon ton azalacaq.

Ana səhifəİqtisadiyyatOPEC+ toplantısı öncəsi neft bazarında gərginlik