close

Oskanyan Paşinyanın Brüsseldə “tələ”yə düşdüyünü deyir

Brüssel görüşü. Foto: “Azərtac”

Sabiq nazir deyir ki, Baş nazirin hər görüşü Qarabağın təslim edilməsini sürətləndirir

Aydındır ki, biz Artsaxın (ermənilər Qarabağı belə adlandırır) təslim olmasının son mərhələsinə qədəm qoyuruq. Paşinyanın istənilən coğrafi məkanda hər görüşü bölgənin təslim olmasını bir az da sürətləndirir”.

Bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan özünün “Mediamax” adlı köşəsində yazıb.

“Paşinyanın belə bir sənədi imzalamağa hüququ yoxdur”

Keçmiş nazir V. Oskanyan Baş nazir N.Paşinyanın Brüssel görüşündə “tələ”yə düşdüyünü deyir:

Paşinyan 29.800 kvadrat kilometrdən o qədər danışdı ki, Əliyev özü ölkəsinin kvadrat kilometrlərinin tanınması tələbini irəli sürdü. Təbii ki, bura Dağlıq Qarabağ Muxtar Vilayətinin daxil olmaması ilə bağlı şərhlərə yer buraxa bilməzdi. Şarl Mişelin təsvir etdiyi müddəalara uyğun olaraq hər hansı bir sənədin imzalanması, o deməkdir ki, “Artsax” Cavaxetiyaya (Gürcüstanda ermənilərin kompakt yaşadığı ərazi) çevriləcək. Cavaxetiyadan fərqli olaraq bir müddət, bəlkə də, on ildən sonra Naxçıvana çevriləcək”.

Əgər belə bir sənədə imza atmamaq üçün Paşinyanın əlindən tutmaq lazımdırsa, indi bunu etmək vaxtıdır. Əks halda çox gec olacaq. Hesab edirəm ki, erməni xalqının Paşinyanı bu addımdan saxlamağa tam haqqı var”, – deyə Oskanyan əlavə edib.

V.Oskanyan. Foto: Wikipedia

Onun fikrincə, Paşinyanın belə bir sənədi imzalamağa hüququ yoxdur:

Birincisi, hüquqi baxımdan bu sənəd Ermənistanın Konstitusiyasına və Ali Sovetinin 1992-ci ildə qəbul edilmiş qərarına zidd olacaq. Belə bir sənədi imzalamaq və ratifikasiya etmək üçün Ermənistan Konstitusiyasını dəyişdirmək və Ali Sovetinin qərarını ləğv etmək lazımdır. İkincisi, belə hüquq heç kimə verilmir. Seçkilərdə çoxluğa sahib olmaq erməni xalqı üçün ekzistensial məsələ ilə bağlı özbaşına qərarlar vermək hüququ əldə etmək demək deyil”.

Ola bilsin ki, belə bir sənədin imzalanması indiki hakimiyyətlə Azərbaycan arasında dostluq əlaqələri yaradacaq, lakin, təbii ki, Ermənistan dövləti, erməni xalqı və Azərbaycan arasında dostluq üçün əsas ola bilməz”, – deyə Voskanyan bildirib.

Oskanyanın iddiası hüquqi baxımdan doğrudur…”

Siyasətçi Azər Qasımlı deyir ki, Vardan Oskanyanın iddiası hüquqi baxımdan doğrudur:

“Bəli, Ermənistanın Konstitusiyasında belə bir bənd var, həm də Ermənistan SSRİ Ali Sovetinin Qarabağın birləşdirilməsi haqda qərarı var. Ancaq Nikol Paşinyan niyyət protokolu olaraq sənəd imzalaya bilər. Ondan sonra referendum keçirib Konstitusiyada dəyişikliklər edər”.

Azər Qasımlı
Azər Qasımlı, Foto: Meydan Tv

Qasımlı hesab edir ki, indiki halda Paşinyan hökumətinin buna gücünün çatması sualı altındadır:

Əgər sülh sazişi masaya qoyularsa, Paşinyan da referendumsuz bunu etmək istəyərsə, gərək Konstitusiya Məhkəməsinə müraciət etsin. Bax, orada tərəflərin hansının gücünün çatıb-çatmaması sualı yaranır. Belə olanda, məsələ təkcə hüquqi deyil, həm də siyasidir”.

1998-ci ildə Heydər Əliyev Robert Köçəryanı aldatdı…”

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyir ki, Ermənistan Alma-Ata deklarasiyasını imzalayıb:

“Bəzi ekspertlər deyirlər ki, Ermənistan imzaladığı Alma-Ata deklarasiyasında əlavə rəy də yazıb. Amma mən həmin sənədi görməmişəm. Bilirsiniz, bunlar hamısı çoxtərəfli sənəd olduğundan Yerevan sabah deyə bilər ki, Tacikistanın da ərazi bütövlüyünü tanıyırlar. Sadəcə, Ermənistanın Tacikstanla münaqişəsi olmadığından həmin Alma-Ata bəyanatı da yetərli deyil. Azərbaycana ikitərəfli sənəddə ərazi bütövlüyünə və suverenliyinə hörmətin edilməsi öhdəliyi lazımdır. Ona görə Alma-Ata sənədini Ermənistanın ərazi bütövlüyünü tanımasını bir mərhələ kimi qəbul edə bilərik. Ancaq buna baxmayaraq Ermənistan öz siyasətini davam etdirir”.

Sabiq nazir sülh sazişi imzalanacağı təqdirdə, Vardan Oskanyanın göstərdiyi Konstitusiya və Ali Sovetin qərarının taleyi necə olacağı sualına belə cavab verib:

“Bu, onların öz işidir və bizi qayğılandırmamalıdır. Biz, sadəcə, sülh sazişi layihəsində birmənalı göstərməliyik ki, qarşılıqlı olaraq ərazi bütövlüyü tanınmalıdır”.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov, Foto: Axar.az

Tofiq Zülfüqarov nazir olduğu illərdə iştirak etdiyi danışıqlarda bu məsələlərin qaldırılmadığını söylədi:

Bilirsiniz, SSRİ dövründə və ittifaq dağılanda münaqişə problem Qarabağ münaqişəsi adlanırdı, yəni bölgənin statusu həll olunmalıydı. 1998-ci ilin aprelində Rusiyanın “Prezident” hotelində Heydər Əliyev Robert Köçəryanla görüşdü. Həmin görüşdə mən də, Vardan Oskanyan da iştirak edirdik. Qərara alındı ki, danışıqlar Ermənistan-Azərbaycan formatında keçiriləcək. Ondan sonra Qarabağ məsələsi Ermənistan-Azərbaycan probleminin bir hissəsinə çevrildi və danışıqlardan çıxarıldı. Çünki Ermənistan rəhbərliyi də razılaşdı ki, onlar Minsk Qrupunun üzvü kimi Qarabağ ermənilərinin taleyinə görə danışıqlarda iştirakçıdır. Həm də Ermənistan həmişə deyirdi ki, birbaşa müharibədə iştirak etmirlər. Halbuki Azərbaycan ərazilərinin işğalında məsuliyyət daşıyırdılar”.

1998-ci ildə həmin görüşdə Heydər Əliyev Robert Köçəryanı aldatdı, ondan sonra da vəziyyət dəyişdi, yəni Qarabağ yox, Ermənistan-Azərbaycan münaqişəsi adlandırıldı. Ermənilər də buna fikir vermədi. Əslində, bu məsələnin kökü Lissabon sammitində qoyulmuşdu, sadəcə, biz susurduq, danışmağa ehtiyac görmürdük. Yalnız 2020-ci ildə ikinci Qarabağ savaşı bitəndən sonra bu məsələ yadlarına düşdü”.

Brüssel və Vaşinqtonda nələr müzakirə olunub?

Mayın 14-də Brüsseldə Azərbaycan və Ermənistan liderləri Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə görüşüblər.

Görüşdən sonra bəyanat yayan Şarl Mişel Brüssel danışıqlardan məmnun qaldığını ifadə edib.

Bəyanatda qeyd olunur ki, liderlər Cənubi Qafqazda sülhün bərqərar olmasına hazırlığı müzakirə ediblər.

“ABŞ-da sülh müqaviləsi ilə bağlı son müsbət danışıqlardan sonra Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişinin imzalanması istiqamətində qəti addımların atılması üçün səylər saxlanılmalıdır”, – Şarl Mişel deyib.

Mayın 1-4 tarixlərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda görüşmüşdü.

ABŞ-ın Dövlət katibi Entoni Blinken mayın 4-də keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistanın davamlı sülh sazişi istiqamətində nəzərə çarpacaq irəliləyiş əldə etdiyini bildirmişdi.

Münaqişənin qısa xronikası

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Ana səhifəSiyasətOskanyan Paşinyanın Brüsseldə “tələ”yə düşdüyünü deyir