close

Ötən 6 ayda ölkəyə gələnlərin çoxu Rusiya vətəndaşı olub

Foto: Trend

DSK Azərbaycana səfər edənlərin statistikasını açıqlayıb

Bu ilin ilk 6 ayında Azərbaycana 183 ölkəsindən 1143,6 min nəfər xarici vətəndaş səfər edib. Dövlət Statistika Komitəsi (DSK) bildirir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 37,4 faiz çoxdur.

Azərbaycana ən çox səfər edənlər Rusiyadan gəlib – 32,8 faiz. İkinci yerdə 18,2 faizlə Türkiyə vətəndaşları, üçüncü yerdə isə 7,4 faizlə iranlılar durur. Növbəti yerlərdə 4,9 faizlə Hindistan, 4,7 faizlə Gürcüstan, 3,9 faizlə Səudiyyə Ərəbistanı, 2,4 faizlə Qazaxıstan, 2,3 faizlə Pakistan, 2,1 faizlə Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizlə Özbəkistan, 1,5 faizlə İsrail və Ukrayna vətəndaşları gəlir. Bundan sonra Belarus, Küveyt, Böyük Britaniya və Türkmənistandan gələnlər yer alır.

Dövlət Statistika Komitəsi
Source: stat.gov.az

DSK bildirir ki, Azərbaycana gələnlərin 71,1 faizi hava, 27,6 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib. Azərbaycanda 3 ildən artıqdır ki, qonşu ölkələrlə quru sərhədlər bağlıdır. Səbəb kimi COVİD 19 pandemiyası göstərilir. Baxmayaraq ki, Dünya Səhiyyə Təşkilatı pandemiyanın bitdiyini elan edib, Azərbaycan da daxil olmaqla bütün ölkələrdə qadağalar aradan götürülüb. Lakin Azərbaycan quru sərhədlərini açmır, səbəb kimi isə COVİD 19 pandemiyasından qorunmağı əsas gətirir. İnsanların, hətta deputatların belə quru sərhədlərin açılması ilə bağlı çağırışlarına məhəl qoyulmur. Hətta avqustun 23-də mindən çox Gürcüstan vətəndaşı quru sərhədin açılması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.

Müraciətdə bildirilir ki, artıq üç ildir pandemiya ilə əlaqədar Gürcüstan və Azərbaycan sərhədi bağlıdır. Həm dost, həm strateji dövlət olmaqdan başqa hər iki ölkəni mənəvi birləşdirən insan faktoru da var. Həmin insanlar Azərbaycana getməkdə çətinlik çəkirlər. Müstəqil ekspertlər isə quru sərhədlərinin bağlı qalmasının altında fərqli səbəblər olduğunu bildirirlər.

Ana səhifəSosialÖtən 6 ayda ölkəyə gələnlərin çoxu Rusiya vətəndaşı olub