close

Pantomima Teatrında 332 minlik mənimsəmə ittihamı: “Vergilərə görə teatrın hesabları bloklanırdı…”

Dövlət Pantomima Teatrı. Foto: Wiki

 Təqsirləndirilən şəxs deyib ki, Pantomima Teatrının bank hesabları vergi, sosial sığorta ödənişlərində yaranan problemlərlə əlaqədar bloklanırdı

Azərbaycan Dövlət Pantomima Teatrının kardlar şöbəsinin keçmiş müdiri Aytən Kərimova 332 min manatlıq mənimsəmədə ittiham olunur. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bu cinayət işini araşdırmaq Leyla Əsgərova-Məmmədovanın sədrliyilə, Rasim Sadıxov və Novruz Kərimovdan ibarət hakimlər kollegiyasına həvalə olunub.

Aytən Kərimovaya qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb. O, həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün onun haqqında başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Fevralın 19-da keçirilən məhkəmə iclasında 31 yaşlı Aytən Kərimova ifadə verib. O deyib ki, özünü qismən təqsirli bilir.

Təqsirləndirilən şəxs ifadə verərkən məlum olub ki, Dövlət Pantomima Teatrının mühasibi həm də Uşaq Filarmoniyasının mühasibi olub. Aytən Kərimova bildirib ki, teatrda mühasib olmayan vaxtlarda işçilərin maaşını o verirdi. Onun sözlərinə görə, bir sıra işçilər maaşı nəğd şəkildə alırdılar:

“3 il ərzində təxminən 15 nəfərə qədər işçiyə əlbəəl maaş vermişəm”.

Təqsirləndirilən şəxs deyib ki, Pantomima Teatrının bank hesabları vergi, sosial sığorta ödənişlərində yaranan problemlərlə əlaqədar bloklanırdı. Bu da işçilərə maaşların ödənilməsində çətinlik yaradırdı. Bu səbəbdən müxtəlif kartlara göndərib, sonradan nağdlaşdırmaq yoluyla işçilərin maaşını nağd şəkildə ödəyirdilər:

“Bəzən işçilərə öz kartımdan maaşları göndərirdim. Bəzən başqalarının kartına öz maaşlarından çox vurulurdu, artıq qalan hissəni geri alıb, başqa işçiyə verilirdi. Nağd şəkildə maaş verilənlər əsasən təzə gəldiyinə, yaxud maaş kartını itirdiyinə, kartı dəyişdiyinə görə bir müddət kartsız qalan işçilər olurdu”.

Bu üsullardan istifadə olunmasını isə belə izah edib ki, teatr rəhbərliyi işçilərin narazı qalmaması üçün nə yolla olursa olsun, onların maaşının ödənilməsinə göstəriş vermişdi.

Teatrın direktoru Elman Rəfiyev də məhkəmədə dindirilib. O, şahid qismində ifadə verib.
Elman Rəfiyev deyir ki, Aytən Kərimova 2012-ci ildən onun işçisi olub. Onun sözlərinə görə, təqsirləndirilən şəxs maaşların verilməsinə məsul deyildi, bu barədə barədə rəsmi əmr yox idi:

Bizim mühasib xəstə olanda, işə gəlməyəndə Aytən xanım ona kömək edirdi”.

Bakı Ağır Cinayətlər Məhkəməsi
Foto: Meydan TV

Elman Rəfiyev də teatrın bank hesabının bloklandığını, bu üzdən maaşların gecikdiyini təsdiqləyib. Onun sözlərinə görə, hesaba pul köçən kimi vergi və ya sosial sığorta borclarına çıxılırdı. Hazırda da hesab bloklanıb:

“Mühasib bu məsələni həll eləyirdi. Amma problem 4-5 gün çəkirdi. Buna görə mühasibə irad bildirmişəm. Bir müddət əvvəl Mədəniyyət Nazirliyi təmir üçün bizə pul köçürmək istədi, onda da məlum oldu ki, hesabımızın üzərində sərəncam var”.

Direktor əlavə edib ki, teatrda bütün işçilərin kartı var. Maaş kartları vaxtı bitəndə dəyişir. Kartın dəyişməsi isə təxminən 10-15 gün çəkir.

Təqsirləndirilən Aytən Kərimovanın atası Ceyhun İsmayılov da məhkəmədə şahid kimi dindirilib. O da teatrda işləyir, 4 ildir orada yanğından mühafizə təlimatçısıdır. Cinayət işinin materiallarından məlum olur ki, onun maaş kartına öz əməkhaqqısından çox pul köçürülüb.

Ceyhun İsmayılov məhkəmədə ifadəsində bildirib ki, maaş kartına artıq pul köçürülməmişdən öncə qızı ona bu barədə məlumat vermişdi:

“Qızım dedi ki, kartına artıq pul köçürülür, çıxarıb ona verim. Öz maaşım 450 manat idi, onu götürüb, qalanını qızıma verirdim”.

4 ildir orada işlədiyinə baxmayaraq, mühasibi cəmi bir dəfə – yas məclisində gördüyünü deyən Ceyhun İsmayılov da teatrda bəzi işçilərin nağd şəkildə maaş aldığını söyləyib.

Aytən Kərimovanın işi üzrə məhkəmə araşdırmaları davam edir.

Ona verilən ittihamlarda 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Dövlət Pantomima Teatrında mənimsəmə iddiası ilə əlaqədar Mədəniyyət Nazirliyinin açıqlamasında bildirilir ki, Aytən Kərimova teatrda 2019-cu ildən mühasib vəzifəsində çalışıb. O, 2023-cü ilin yanvarında ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edilib:

Aytən Kərimova mühasib vəzifəsini icra etdiyi müddətdə teatrda müxtəlif vasitələrlə ümumilikdə 332 000 manat məbləğində pul vəsaitini mənimsəyib. Bununla da Mədəniyyət Nazirliyinin əmlakının qorunub saxlanılması və maliyyə vəsaitlərindən qənaətlə, fəaliyyətə uyğun istifadəsinə və nazirliyin qanunla qorunan mənafelərinə mühüm zərər vurulub”.

Aytən Kərimovanın məhkəməsində Mədəniyyət Nazirliyinin nümayəndəsi zərərçəkmiş qismində iştirak edir.

Ana səhifəSosialPantomima Teatrında 332 minlik mənimsəmə ittihamı: “Vergilərə görə teatrın hesabları bloklanırdı…”