close

Parisdə atışma: ölən və yaralananlar var

Foto: “theguardian.com”

Polis insanlara sıxlıq olan küçələrdən uzaq durmağı tövsiyə edib

Fransanın paytaxtı Parisin mərkəzində atışma olduğu bildirilir.

Nəticədə iki nəfərin öldüyü, dörd nəfərin yaralandığı qeyd edilir.

Fransa mediası yazır ki, yaralananlardan ikisinin vəziyyəti ağırdır.

“Le Parisien” qəzetinin məlumatına görə, hadisə səhər saatlarında, Parisin 10-cu bölgəsindəki “Rue d’Enghien” küçəsindəki Ahmet-Kaya Kürd mədəniyyət mərkəzində baş verib.

Burada 69 yaşlı şəxsin bir qrup insana atəş açdığını bildirir.

Ərazinin meri Alexandra Cordebard bildirib ki, şübhəli şəxs özü də yaralanıb.

Paris prokurluğundan “France Télévisions” ictimai yayımına bildiriblər ki, polis atəş açdığı iddia edilən şəxsi həbs edib.

Atışmadan dərhal sonra onun silahını ələ keçiriblər.

Məlumata görə, Fransa vətəndaşı olan şübhəli şəxs təqaüdçüdür.

Hadisə ilə bağlı qətl, qəsdən adam öldürmə və ağırlaşdırıcı zorakılıq maddələri ilə cinayət işi açılıb.

Hələlik silahlı şəxsin qəsdən, yoxsa təsadüfənmi kürd mərkəzini hədəf alıb-almaması məlum deyil.

Prokurorluq bildirib ki, araşdırma aparılır, dəqiq məlumat veriləcək.

Paris meri Anne Hidalqo hadisədən zərər çəkən sakinlərə psixoloji yardım göstəriləcəyini söyləyib.

Fransanın daxili işlər naziri Gerald Darmanin hadisə yerinə baxış keçirmək üçün Parisə gedəcəyini açıqlayıb.

“Frans Press” Agentliyinə danışan şahidlərdən biri bildirib ki, hadisə zamanı 7-8 dəfə atəş açılıb. Bu da ətrafda xaosa səbəb olub.

Küçədəki restoranın sahibi isə bildirib ki, o, “yaşlı ağdərili bir kişinin mədəniyyət mərkəzinə girib atəş açdığını görüb”.

Şahid sonradan həmin şəxsin qonşuluqdakı bərbər salonuna getdiyini görüb.

Paris polisi “Twitter” hesabında polisin əməliyyatı davam etdirdiyini bildirib.

Polis insanlardan bu günlərdə sıxlıq olan küçələrə az getmələrini tövsiyə edib.

Ana səhifəDünyaParisdə atışma: ölən və yaralananlar var