close

Parisi taxtabiti basıb, hökumət problemi müzakirə edir

Taxtabiti. Foto: Wiki

İnsanlar stress içindədir

Parisin ictimai məkanlarından, metrolardan, qatar stansiyalarından, kinoteatrlardan, hətta Charles De Gaulle Hava Limanından taxta biti (bedbug) şikayətləri gəlir.

“Reuters” yazır  ki, sosial mediada həmin məkanlarda yataq böcəyi kimi tanınan taxta bitinin və başqa zərərvericilərin olduğu görüntülər yayılır.

Bununla bağlı Fransanın yerli mediasında da çox sayda məqalələr dərc edilib.
Bu, 2024-cü ildə Fransada keçiriləcək Olimpiya və Paralimpiya oyunlarının vaxtına bir ildən az zaman qalmış dövrdə baş verib. Fransa rəsmiləri bu istiqamətdə tədbir görməyə hazırlaşdıqlarını açıqlayıblar.

Taxtabiti əsasən, yataqlarda yaşayır, insan qanı ilə qidalanır. Dişlədiyi yer şişir, qızarır və qaşınır. Uzunmüddətli aclığa dözən bu böcəklərlə mübarizə asan deyil.
Problem hətta Fransa hökumətin ən yüksək səviyyələrində müzakirə edilib.

Paytaxt Paris merinin müavini Emmanuel Qrequar ötən həftə Baş nazir Elizabet Borneyə göndərdiyi məktubda deyib ki, dövlət təcili olaraq bu bəlaya qarşı fəaliyyət planı hazırlamalıdır.

Nəqliyyat naziri Clement Beaune isə bu barədə açıqlamasında bildirib ki, bu həftə nəqliyyat operatorları ilə məsələni müzakirə edəcəklər.

“Paris Gare de Lyon” qatar stansiyasında səyahətçilər səlahiyyətlilərin problemi həll edə biləcəyinə şübhə etdiklərini söyləyiblər.

“Bu problem məni çox narahat edir. Böcəklərin evimə girməməsi üçün baqajımı bağlı saxlayacağam. Evə çatdıqdan sonra bütün paltarlarımı yumağı düşünürəm”, – sərnişinlərdən birinin sözləridir.

Nitsa şəhərindən Parisə gələn başqa bir sərnişin isə deyib ki, dəfələrlə yoxlayıb, oturacağında böcək olub-olmadığına diqqətlə baxıb:

“İnsan qanı ilə qidalanan və yataqlarla yanaşı, geniş yaşayış yerlərində də yaşaya bilən həşəratlar məni qorxudur. Oturacağa dəfələrlə baxmışam. Bu, məni stresə salıb. Qatara minməli oldum və düşündüm ki, orada böcək ola bilər. Bilirəm ki, kinoteatrlar da daxil olmaqla, demək olar, hər yerə yayılıblar”.

Parisə həşəratların yayılması ilə bağlı Sağlamlıq Agentliyinin iyulda açıqladığı hesabatda deyilir ki, yataq böcəkləri bir çox fransız evlərinə yayılıb.

Zərərvericilərlə mübarizə aparmaq üçün dərmanlar satan mağazanın meneceri Sacha Krief isə bildirib ki, çox adam çaxnaşma içindədir:

“İnsanlar bu problemdən depressiyaya düşə bilər. Müşahidə edirik ki, çox adam buna görə paranoyadadır”.

Fransada ev sığortaçılarına taxtabiti problemini nəzərə almaq təklif olunub. Bildirilib ki, bu baxımdan önləm almaq lazımdır. Çünki aztəminatlı insanlar zərərvericilərlə mübarizə firmalarına müraciət edə bilmirlər, yaxud bunu çox az adam edə bilir.

Ana səhifəDünyaParisi taxtabiti basıb, hökumət problemi müzakirə edir