close

Paşinyan Əliyevin son çıxışını sülh prosesinə zərbə adlandırıb

N.Paşinyan və İ.Əliyev. Foto: Meydan TV

Baş nazir Azərbaycanı “Silahlara nəzarət sazişi”ni imzalamağa çağırıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın dövlət başçısı İlham Əliyevin yerli televiziyalara müsahibəsində səsləndirdiyi fikirləri sülh prosesinə ciddi zərbə sayıb.

Bu barədə Baş nazir yanvarın 13-də Mülki Müqavilə Partiyasının təşəbbüs qrupunun iclasında danışıb.

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziyalara müsahibəsində demişdi ki, prinsipcə, sülh müqaviləsində delimitasiya və demarkasiya ilə bağlı hər hansı bənd ola bilər:

Ancaq əgər biz delimitasiyanı gözləyib sülh müqaviləsini təxirə salsaq, onda sülh müqaviləsi heç 30 ildən sonra da imzalanmaya bilər. Çünki dəfələrlə biz demişik ki, bizim dost və qonşu Gürcüstanla delimitasiya hələ başa çatmayıb. Sərhədin cəmi 70 faizi müəyyən olunub və təsdiqlənib. Rusiya ilə bizim delimitasiya prosesimiz 20 il davam etdi, 2012-ci ildə ancaq imzalandı və bu günə qədər 13 il keçib. Bütün o dirəklər, nişanlar hələ qoyulmayıb, demarkasiya hələ ki tam aparılmayıb. Ona görə əgər biz bu iki mövzunu qarışdırsaq, onda sülh müqaviləsi uzanacaq, bəlkə də, 30, 50 il bundan sonraya. Hesab edirik ki, sülh müqaviləsi imzalanmalıdır, nə qədər tez olsa, o qədər yaxşıdır”.

Paşinyanın sözlərinə görə, onlar bir neçə dəfə açıq və qəti şəkildə razılaşıblar ki, Ermənistan və Azərbaycan arasında sülh, o cümlədən sərhədlərin delimitasiyası və demarkasiyası 1991-ci ilin dekabrında Almatı Bəyannaməsinə əsaslanmalıdır:

Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü belə başa düşürlər ki, Ermənistan ərazisi Ermənistan SSR-in, Azərbaycan ərazisi isə Azərbaycan SSR-in ərazisi ilə eynidir. Almatı Bəyannaməsində məhz belə deyilir: Sovet İttifaqı dağıldı, dövlətlər öz ərazilərində müstəqillik əldə etdilər, sovet dövlətləri arasında inzibati sərhədlər dövlət sərhədinə çevrildi. Bu o deməkdir ki, sərhədin demarkasiyası prosesi sərhəd yaratmaqdan deyil, 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq mövcud olan sərhədlərin bərpasından gedir”.

Niyə mən Azərbaycanın son günlər verdiyi açıqlamaları zərbə hesab edirəm? Çünki onların ən yüksək səviyyədə dedikləri birbaşa bu məntiqə və bu razılaşmaya ziddir. Baxmayaraq ki, hazırda Azərbaycanda seçki dövrü var, bu, aydınlaşdırılmalı olan çox mühüm nüansdır. Hesab edirəm ki, bu bəyanatların praktiki siyasi mənası aydınlaşdırılmalıdır”, – deyə Nikol Paşinyan əlavə edib.

Ermənistanın Baş naziri Azərbaycanı “Silahlara nəzarət sazişi”ni imzalamağa dəvət edib:

“Biz təklif edirik ki, təhlükəsizliyi təmin etmək və toqquşma riskini neytrallaşdırmaq üçün Almatı bəyannaməsi ilə müəyyən edilmiş sərhəd xəttindən qoşunların güzgü prinsipi ilə çıxarılmasını həyata keçirək, amma Azərbaycan bunu rədd edir. Biz deyirik ki, gəlin sərhəd rayonlarını delimitasiya edək, Azərbaycan bunu da rədd edir”.

O iddia edib ki, razılaşmalara zidd olaraq Azərbaycan Ermənistana qarşı ərazi iddiaları irəli sürməyə çalışır:

“Bu da qətiyyən qəbuledilməzdir”.

Nikol Paşinyan İlham Əliyevin “Zəngəzur dəhlizi” ilə bağlı açıqlamasına da münasibət bildirib:

“Ermənistan ərazisi ilə bağlı da “dəhliz məntiqi” formalaşdırmağa cəhd edilir. Bunların Ermənistanın ərazi bütövlüyü və suverenliyinə iddialar olduğunu vurğulayanda isə: “Bu, beynəlxalq çıxışdır”, – deyə söyləyirlər. Bu söz oyunlarından çıxmaq üçün deyirik ki, İranın Naxçıvanla Azərbaycanın qalan hissəsi arasında əlaqəni təmin etdiyi eyni şərtlərdə biz bu əlaqəni hər iki tərəfindən təmin etməyə hazırıq, dəmir yolu və avtomobil nəqliyyatı. Azərbaycan “dəhliz məntiqi”ni formalaşdırarkən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata da istinad edir. Amma əslində bu üçtərəfli bəyanatın imzalandığı andan 2023-cü ilin sentyabrına qədər hər iki tərəf göstərdi ki, bu sənəd artıq onlar üçün mövcud deyil. Yəni Dağlıq Qarabağda, o cümlədən Rusiyanın iştirakı ilə həyata keçirilən tədbirlər bu sənədin artıq olmadığına sübutdur”.

Münaqişənin qısa xronikası

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.

2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Amma Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəSiyasətPaşinyan Əliyevin son çıxışını sülh prosesinə zərbə adlandırıb