close

Paşinyan istintaq komissiyasının iclasında: “Putin dedi ki, Əliyev imtina etdi” (yenilənib)

Nikol Paşinyan. Foto: Meydan TV

Rəsmi Bakı Paşinyanı faktları təhrif etməkdə qınadı

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Baş naziri Nikol Paşinyanın 44 günlük müharibə zamanı və ümumilikdə, işğal dövründə aparılmış bir sıra danışıqları təhrif etdiyini bildirib.

Bu barədə XİN-in Mətbuat İdarəsi iyunun 20-də məlumat yayıb.

Bildirilir ki, Ermənistan çağırışlara baxmayaraq, Azərbaycan ərazilərini danışıqlar yolu ilə işğaldan azad etməkdən imtina edib:

Müharibə zamanı hər bir danışıqdan və humanitar atəşkəsdən dərhal sonra müharibə zonasından kənar mülki əhalinin sıx yaşadığı Azərbaycan şəhərlərini raket atəşinə tutulması və mülki əhalini qətlə yetirilməsini danmaq Ermənistanın faktları necə təhrif etdiyini bir daha nümayiş etdirir”.

XİN bəyan edib ki, Azərbaycan əraziləri işğal olunan andan etibarən BMT Təhlükəsizlik Şurasının və bir sıra digər beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında danışıqlar yolu ilə ərazilərinin geri qaytarılmasına səy göstərib:

Bütün bunlara baxmayaraq, Baş nazir Paşinyan 2018-2019-cu illərdə nümayiş etdirdiyi təhrikçi ritorika da daxil olmaqla, uzun illər Ermənistan tərəfindən törədilən təcavüz aktının və təxribatların sülhə töhfə vermədiyi və 2020-ci ildə müharibə ilə nəticələndiyi hər kəsə məlumdur”.

Ermənistanın tarixi səhvlərindən dərs çıxarması və post-münaqişə dövründə sülh prosesinin uğurla nəticələnməsi işinə maneçilik törətmək səylərindən əl çəkməsi zəruridir”, deyə nazirlik əlavə edib.

МИД Азербайджана
Foto: Meydan TV


Baş nazir üçtərəfli bəyanatı imzalamasının səbəblərini açıqlayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan 2020-ci il 10 noyabr bəyanatını imzalamasına əsas səbəbi kimi Şuşanın təslim olmasını göstərib.

Bu barədə iyunun 20-də Baş nazir 44 günlük II Qarabağ savaşının istintaqı üzrə komissiyanın iclasında danışıb.

Paşinyan bildirib ki, əsas məsələ Şuşanın təslim olmasının rəmzi deyil, strateji əhəmiyyəti idi:

Şuşa itirildikdən sonra Stepanakert (Xankəndi – red.) zərbə altında qala, Martuniyə (Xocavəndə – red.) təzyiq arta, 25 minə yaxın əsgərimiz mühasirəyə düşə bilərdi”.

Paşinyan oktyabrın 7-də rusiyalı həmkarı Validmir Putinlə əlaqə saxladığını da xatırladıb.

Onun sözlərinə görə, o zaman Rusiya Prezidenti bəyan edib ki, atəşkəsin mümkün qədər tez əldə olunması üçün vasitəçilik səyləri göstərmək istəyir:

“Mən razı oldum, lakin atəşkəsin şərtləri barədə soruşdum. Ermənistan belə hesab edirdi ki, bu, heç bir şərt irəli sürülmədən baş verməlidir, tərəflər tutduqları mövqelərdə dayanmalı və yalnız bundan sonra mümkün qarşılıqlı güzəşt müzakirəsinə başlanmalıdır. Elə həmin gün məlum olub ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla razılaşmayıb. Putinlə Əliyev arasında növbəti söhbət ertəsi gün baş tutub. Əliyev deyib ki, erməni tərəfinin Füzulini geri qaytarmasını və qoşunları Araz boyu Xudafərin su hövzəsinədək geri çəkməsini gözləyir. Azərbaycan suvarma üçün hövzədən su götürə bilməlidir. Bundan başqa, Əliyev Dağlıq Qarabağda qətlə görə məhkum olunmuş Şahbaz Quliyev və Dilqəm Əsgərovun qaytarılmasını israr edib. Bakı isə əvəzində əsirləri qaytarmağa hazırdır. Amma bütün bunlar hərbi əməliyyatların dayandırılması üçün deyil, humanitar atəşkəsin təminatı üçündür”.

Ancaq Baş nazir Azərbaycan dövlət başçısının şərtlərinin qəbuledilməz olduğunu deyib:

“Çünki biz Putinlə razılığa gəlmişik ki, atəşkəs heç bir şərtlər irəli sürülmədən elan edilməlidir. Mən hətta qoşunları geri çəkməyə razı olsaydım belə, bu, heç də Azərbaycanın hücumu davam etdirməyəcəyinə zəmanət verməyəcəkdi”.

Növbəti danışıqlar zamanı Putin xəbər verib ki, Azərbaycan oktyabrın 9-dan 10-na keçən gecə humanitar atəşkəsə qol çəkməyə hazırdır.

N.Paşinyan və İ.Əliyev. Foto: Meydan TV

Bunun müzakirəsi üçün Ermənistan və Azərbaycan XİN rəhbərləri Mnatsakanyan və Bayramov Moskvaya dəvət olunub.

O, görüşün oktyabrın 10-u Sergey Lavrovun iştirakı ilə keçirildiyini xatırladıb:

“Görüşdən sonra BQKX-nin vasitəçiliyi ilə əsirlərin və həlak olanların dəyişdirilməsi üçün humanitar atəşkəs barədə bəyan olunub. Tərəflər ATƏT-in Minsk Qrupunun prinsipləri əsasında tez bir zamanda sülh nizamlanmasına nail olunması üçün əyani danııqlara başlamalı idi”.

“Lakin qısamüddətli atəşkəsdən sonra Azərbaycan nəinki atəşkəs rejiminə əməl etmədi, həmçinin yenidən keçmiş DQMV-nin ərazisinə hücuma başladı, Stepanakertə (Xankəndinə – red.), Mardakertə (Ağdərəyə – red.), Hadruta raket zərbələri endirdi”, – deyə Paşinyan əlavə edib.

N.Paşinyan bununla belə, Yerevanın diplomatik sahədə səy göstərməyə davam etdiyini vurğulayıb:

Təmas xəttində hər iki tərəflə Rusiya müşahidəşilərinin yerləşdirilməsi variantı nəzərdən keçirilib. Hərçənd Azərbaycan bundan qaçaraq, hərbi əməliyyatların intensivliyini artırıb. Növbəti günlərdə Rusiya Prezidenti ilə daha bir neçə söhbət aparıb, əsas mövzu atəşkəsin əldə edilməsi olub”.

Bununla yanaşı, Paşinyan əmin olub ki, Azərbaycanın hücumu dayanmayınca, o, atəşkəsə razı olmayacaq.

Onun fikrincə, ön cəbhədə vəziyyət heç də yaxşı olmayıb, ona görə də hərbi əməliyyatın sona yetməsi üçün digər variant güzəştə getmək olub:

“2020-ci il oktyabrın 13-ü ilk dəfə Putindən soruşdum ki, müharibəni dayandırmaq üçün nə etməliyəm?  Bu mövzu ilə bağlı daha uzun söhbət oktyabrın 16-sı baş tutub. Rusiya dövlət başçısı belə bir fikir irəli sürdü ki, 5 rayonun qaytarılması qarşılığında müharibənin bitməsi haqda danışmaq olar. Əlbəttə ki, bu zaman hər hansı bir status müəyənləşdirilməyəcək. Həmin gün qərara alınıb ki, tərəflər bu ideyanın gerçəkləşməsi üzərində işləyəcək”.

“Oktyabrın 17-si Fransa Prezidenti Emmanuel Makron təşəbbüslə çıxış edərək xəbər verib ki, Azərbaycan Prezidenti oktyabrın 18-i 00:00-dan heç bir şərt irəli sürmədən atəşkəs elan etməyə hazırdır. Oktyabrın 17-si axşam saatlarından keçmiş bu barədə bəyanat yayılıb. Lakin Azərbaycan hərbi əməliyyatı dayandırmayıb”, – Paşinyan bildirib.

Ermənistanın Baş naziri deyib ki, əvvəlki proqrama qayıdıb və oktaybrın 19-u günorta Putinlə danışıb:

“O dedi ki, müharibəni uzun illər əvvəl işlənib hazırlanmış Rusiya planı əsasında dayandırmaq olar. Şərtsə belədir – 7 rayon 5+2 formatında qaytarılır, Ermənistanla Dağlıq Qarabağın əlaqəsi məsələsi Laçın dəhlizi ilə həll olunur, Qarabağa rus sülhməramlıları yerləşdirlir, lakin status qeyri-müəyyən qalır. Mən öz mövqeyimi həmin günün axşamı bildirəcəyimi söylədim. Söhbətdən sonra parlament nümayəndələrini dəvət edib, daha sonra Ermənistan Prezidenti və bütün ermənilərin katalikosunun iştirakı ilə Təhlükəsizlik Şurasının iclasını çağırdım. Orada mən dedim ki, Putinə zəng vurmağa və təklif olunan variantı qəbul etidiymi söyləməyə hazırlaşıram. Mən gözləmirdim ki, dəvət olunanlardan kimsə bu qərara görə məsuliyyəti bölüşəcək, mən, sadəcə, baş verənlər varədə məlumat verdim”.

N.Paşinyan və V.Putin. Foto: Meydan TV

Dediyinə görə, Əliyev axşam Putinə zəng vurub və bu şərtlərlə müharibəni dayandırmağa razı olduğunu deyib:

Həmin an iki rayon – Füzuli və Cəbrayıl faktiki olaraq tamamilə Bakının nəzarəti altında idi. Oktyabrın 20-si Putin Əliyevlə söhbətdən sonra xəbər verib ki, Azərbaycan müharibəni dayandırmağa hazırdır, lakin 7 rayonun hamısının qaytarılmasını gözləyir. Bundan başqa, azərbaycanlı qaçqınların Şuşaya qaytarılmasına, Rusiya sülhməramlılarının Azərbaycanın Naxçıvanla dəhlizini təmin etmək üçün Meğriyə yerləşdirilməsinə zəmanət verilməlidir”.

Nikol Paşinyan bu mövzuya ayrıca toxunub və təklifə rədd cavabı verib.

Oktyabrın 26-sı ABŞ-ın vasitəçiliyi işə keçməyib.

Azərbaycan hücuma davam edib, məqsəd Şuşa olub.

Nəticədə Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli bəyanat barədə danışıqları 2020-ci il noyabrın 6-sı başlayıb, sənədin özünə isə noyabrın 9-u qol çəkilib.

Bunları da Nikol Paşinyan bildirib.

Baş nazir onu da vurğulayıb ki, Vladimir Putinlə 7-9 oktyabr tarixlərində 20, 44 gün ərzində isə təxminən 60 dəfə telefonla danışıb.

Ermənistan Baş nazirinin fikirlərinə hələlik rəsmi Bakıdan cavan verilməyib.

Münaqişənin qısa xronikası

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Ana səhifəSiyasətPaşinyan istintaq komissiyasının iclasında: “Putin dedi ki, Əliyev imtina etdi” (yenilənib)