close

Paşinyan: “KTMT missiyasını Ermənistanda yerləşdirməyə hazırıq”

Nikol Paşinyan. Foto: Meydan TV

Baş nazir KTMT-ni üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyasını öz ərazisində yerləşdirməyə hazırdır.

Bunu aprelin 20-də Ermənistanın Baş naziri Nikol Paşinyan yerli jurnalistlərin suallarına cavabında deyib.

Baş nazir deyib ki, Yerevan KTMT missiyasını öz ərazisində yerləşdirməyə etiraz etmir, amma bunun effektiv olması lazımdır:

“Bu addımın atılması, həm Ermənistan, həm KTMT, həm də region üçün vacibdir. Biz bu istiqamətdə işimizi davam etdiririk”.

O vurğulayıb ki, Ermənistanın KTMT qarşısında öhdəlikləri olduğu kimi, KTMT-nin də Ermənistan qarşısında təhlükəsizliyin təmin edilməsi kimi öhdəlikləri var:

“Avropa İttifaqının missiyası ilə KTMT-nin missiyasını müqayisə etmək olmaz. KTMT missiyasından gözləntilərimiz daha çox olmalıdır”.

Aprelin 12-də Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Mariya Zaxarova bildirmişdi ki, Yerevan hazır olan kimi Moskva da KTMT missiyasının Ermənistanda yerləşdirilməsinin konkret üsullarını, detallarını, aspektlərini konsolidasiya etmək üçün əsaslı işə başlaya bilər:

Missiyanın yerləşdirilməsinin dəqiq vaxtına gəlincə, bu suala Yerevan cavab verməlidir, çünki missiya Ermənistan ərazisində fəaliyyət göstərəcək”.

Martın 10-da Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibinin müavininin kvotasından imtina etmişdi.

Yanvarın əvvəlində isə Baş nazir Nikol Paşinyan Ermənistanın KTMT-nin Çevik Hərəkat Kollektiv Qüvvələrinin “Sarsılmaz Qardaşlıq-2023” hərbi təlimlərini öz ərazisində keçirməkdən imtina etdiyini bildirmişdi.

1992-ci ildə yaranan KTMT-yə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

Ana səhifəDünyaPaşinyan: “KTMT missiyasını Ermənistanda yerləşdirməyə hazırıq”