close

Paşinyan sülh sazişinin icrası ilə bağlı birgə komissiya təklif edir

Nikol Paşinyan. Foto: Meydan TV

Baş nazir hesab edir ki, komissiya sazişin icrasının gedişinə nəzarət etməlidir

Ermənistanla Azərbaycan arasında müzakirə olunan sülh sazişində digər məsələlərlə yanaşı, bu sazişin icrasının gedişinə nəzarət etmək üçün birgə komissiyanın yaradılması da nəzərdə tutulur.

Bu barədə oktyabrın 2-də Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Assambleyada danışıb.

Hökumət başçısı sazişin bir neçə əsas komponentini, o cümlədən, diplomatik münasibətlərin qurulması və ərazi bütövlüyünün qarşılıqlı tanınmasını qeyd edib.

Müxalifətçi deputat Artur Xaçatryanın hakimiyyətin saziş layihəsini dərc etməməsi ilə bağlı sualına Nikol Paşinyan belə cavab verib:

“İndiki mərhələdə sənədin mətnini açıqlamaq diplomatik baxımdan düzgün olmaz”.

Azərbaycanın rəsmi orqanları Nikol Paşinyanın söylədiklərinə, hələ ki, reaksiya verməyib.

Münaqişənin tarixçəsi

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəSiyasətPaşinyan sülh sazişinin icrası ilə bağlı birgə komissiya təklif edir