close

Paşinyanın Əliyevlə Moskvada görüşü gözlənilir

İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan, Foto: Azərtac

Təklifin Kremldən gəldiyi bildirilir

Mayın 25-də Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycanın Prezidenti İlham Əliyevın görüşü gözlənilir.

Bu barədə mayın 18-də Nikol Paşinyan hökumətin iclasında deyib.

Onun sözlərinə görə, görüş təklifi Kremldən gəlib:

Biz Rusiya tərəfindən mayın 25-də Vladimir Putinin vasitəçiliyi ilə üçtərəfli sammitin keçirilməsi təklifi almışıq. Bu təklifi qəbul etdik”.

Nikol Paşinyan onu da əlavə edib ki, Fransa Prezidenti, Almaniya kansleri və Avropa Şurası rəhbərinin iştirakı ilə iyunun 1-də Kişinyovda Azərbaycan Prezidenti ilə beştərəfli görüş planlaşdırılır.

O həmçinin bildirib ki, oktyabrda Qranadada da beştərəfli görüşün keçirilməsi planlaşdırılır.

“Brüsseldə isə növbəti üçtərəfli görüş iyulda planlaşdırılır”, – deyə Paşinyan vurğulayıb.

Azərbaycanın rəsmi qurumları mayın 25-də Moskva görüşü barədə hər hansı açıqlama verməyiblər.

Mayın 14-də Brüsseldə Azərbaycan və Ermənistan liderləri Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə görüşüblər.

Görüşdən sonra bəyanat yayan Şarl Mişel Brüssel danışıqlardan məmnun qaldığını ifadə edib.

Bəyanatda qeyd olunur ki, liderlər Cənubi Qafqazda sülhün bərqərar olmasına hazırlığı müzakirə ediblər.

“ABŞ-da sülh müqaviləsi ilə bağlı son müsbət danışıqlardan sonra Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişinin imzalanması istiqamətində qəti addımların atılması üçün səylər saxlanılmalıdır”, – Şarl Mişel deyib.

Mayın 1-4 tarixlərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda görüşmüşdü.

ABŞ-ın Dövlət katibi Entoni Blinken mayın 4-də keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistanın davamlı sülh sazişi istiqamətində nəzərə çarpacaq irəliləyiş əldə etdiyini bildirmişdi.

Tarixçə

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Ana səhifəSiyasətPaşinyanın Əliyevlə Moskvada görüşü gözlənilir