close

Pensiya yaşı yenə müzakirə mövzusu olub, təfsilatlı statistika açıqlanmır

Foto: By Matej Kastelic/Shutterstock

İqtisadçı: “Pensiya hüququ qazananların hansı hissəsi yaşa, əlilliyə və ya ailə başçısını itirməyə görədir?”

Azərbaycanda 65 yaşına çatanların 70-75 faizi pensiya alır.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov belə deyib.

Nazir müavini bildirib ki, bəzən 65 yaşına çatmış şəxslərin heç 30-40 faizinin pensiya almaması ilə bağlı fikirlər səslənir.

Lakin bu, doğru deyil. Bizdə rəqəmlər var və görürük ki, 65 yaşına çatanların 70-75 faizi pensiya alır“.

Anar Kərimovun sözlərinə görə, dinamika bu rəqəmin artacağını göstərir. Onun fikrincə, məsələyə ümumi yox, differensial yanaşır. Çünki nə ölkədəki dinamika ümumi istiqamətdədir, nə də beynəlxalq ekspertlər bunu deyir.

Düzdür, bir-iki ölkə göstərirlər ki, onlarda pensiya yaşı 63-dür. Görək, növbəti illərdə bu, belə olacaqmı? Bizdə hazırda qadınların pensiyaya çıxma yaşı 63-dür, lakin 2027-ci ilə qədər onlarda da 65 olacaq”.

İllərdir müxtəlif deputatlar Milli Məclisin iclaslarında, mediaya açıqlamalarında Azərbaycanda pensiya yaşının azaldılaması gərəkdiyini bildirirlər.

Razi Nurullayev
Razi Nurullayev. Foto: sosial şəbəkə hesabı

İmişlidən olan deputat Razı Nurullayev demişdi ki, düzdür, bir çox ölkədə pensiya yaşı 65-dən yuxarı müəyyən edilib, lakin o ölkələrdə tibb əlçatandır, insanlar sağlam yaşayır:

Həmçinin insanlara dövlət tərəfindən göstərilən qayğı, göstərilir. Odur ki, onların ömürləri daha uzun olur. Onlarda 65 yaşda pensiyaya çıxmaq real ola bilər. Bizdə isə insanın pensiya yaşına çatdıqdan sonra aldığı pul heç onun rahat yaşayışına bəs etmir”.

Fəzail Ağamalı
Fəzail Ağamalı, Mənbə: Report.az

Daha bir deputat Fəzail Ağamalı bildirmişdi ki, Azərbaycanda ictimai rəy indiki pensiya yaşı həddini qəbul etmir. Deputat bu yanaşmanı doğru hesab edib:

İnsanlar 60 yaşdan sonra müxtəlif səbəblərdən xəstəliklə yaşayır. Biz pensiya yaşı həddini kişilər üçün 60, qadınlar üçün 50 etsək, daha optimal olar”.

Anar Kərimov isə bildirir ki, deputatlar əhaliyə mesaj vermək istəyirlər, bu, anlaşılandır. Lakin həmin mesaj gərək rəqəmlərlə əsaslandırılmış ola:

Demokrafik artım oldu və əhalimizin sayı 10 milyonu keçdi. 2040-2050-ci illərdə həmin şəxslər pensiya yaşına çatacaq. Biz də burada mütənasibliyə fikir verməliyik. Pensiya müzakirələrində 5-10 il danışılmır. 2050-2080-ci illərə dair uzunmüddətli planlar hesablanır”.

Rövşən Ağayev
Rövşən Ağayev. Foto: Meydan TV

İqtisadçı Rövşən Ağayev isə deyir ki, belə qeyri-müəyyən, hətta nazir müavinin təəbirincə deyilsə, doğru olmayan məlumatlar statistikanın ictimaiyyətə açıq olmamasından qaynaqlanır. O təklif edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “əlimizdə var” dediyi, dövlət sirri olmayan statistikaları ictimiayyət üçün açıq saxlasın. Belə olsainsanlar da doğru olan rəqəmlərə istinad edər:

Məsələn, hər il nə qədər insan pensiya hüququ qazanır və onların hansı hissəsi yaşa, əlilliyə və ya ailə başçısını itirməyə görədir? Eyni zamanda, bu pensiya kateqoriyalarının hər biri üzrə həyatını və buna paralel olaraq pensiya hüququnu itirən nə qədər pensiyaçı olur? Çünki bu rəqəmlər olmadan rəsmi açıqlanan pensiyaçı sayının dinamikasında baş verən dəyişikliklərin mənbəyini də görmək mümkün deyil”.

İqtisadçı əlavə edir ki, pensiyaçıların sayını cinsə görə açıqlayırlar, amma yaşa görə açıqlamırlar:

Nə qədər çətin bir məsələ ola bilər, hazırda pensiya alanların sayını açıq informasiya mənbələrində hər bir yaşa və yaş qrupuna görə ayrıca görə bilmək? Eləcə də yaşa görə pensiya hüququ qazananların hansı hissəsi muzdlu əmək, hansı hissəsi qeyri-muzdlu peşə fəaliyyətlərilə bağlı pensiya hüququ qazanmasına dair məlumatlar hər kəs üçün əlçatan olmalıdır”.

Rövşən Ağayev bildirir ki, eləcə də pensiyaların məbləğini intervallar üzrə açıqlamaq çətin iş olmamalıdır:

Məsələn, 300-350 manat, yaxud 400-450 manat intervalında, 1000 manatdan yüksək pensiyanı nə qədər insanın alması barədə, eləcə də median pensiya məbləğinə dair məlumat niyə cəmiyyətə açıq informasiya olmasın ki? Əgər nazirlik bu cür təfsilatlı pensiya statistikası yaradıb, hər kəs üçün əlçatan etsə, ictimai rəydə yanlış məlumatlar dolaşmaz”.

2023-cü il aprelin 1-də Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 101.9 min nəfər pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 10.9 faizini təşkil edir. Onların 63.5 faizi yaşa, 23.7 faizi əlilliyə, 12.8 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Müstəqil ekspertlər statistikalara əsaslanaraq bildirirlər ki, hazırda Azərbaycanda pensiyaçıların sayı müstəqillik dövrünün ən aşağı həddindədir.

Əvvəlki illərə baxanda, təkcə, bu ilin birinci rübündə 12.3 min nəfər pensiyaçı azalıb.

2023-cü ilin birinci rübündə Azərbaycanda əmək pensiyalarının orta məbləği ayda 432.3 manat (254.27 ABŞ dolları) olub. Bu da ilin əvvəli ilə müqayisədə 16.2 faiz çoxdur.

Ana səhifəSosialPensiya yaşı yenə müzakirə mövzusu olub, təfsilatlı statistika açıqlanmır