close

Prokuror Rəşad Dağlının 11 il azadlıqdan məhrum edilməsini istədi

Rəşad Dağlı. Foto: Meydan TV

Məhkəmə istintaqı yekunlaşdı, vəkil çıxışa hazırlaşır

Qətldə ittiham olunan, meyxana aləmində Rəşad Dağlı kimi tanınan Rəşad Əmirovun işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

İyulun 7-də  Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror çıxış edərək, Rəşad Dağlının 11 il azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror deyib ki, ona qarşı ittiham həm özünün, həm də şahid ifadələrilə məhkəmədə sübuta yetirilib.

Dövlət ittihamçısının sözlərinə görə, hadisə vaxtı Rəşad Dağlı affekt vəziyyətdə də olmayıb, nə hərəkət etdiyini dərk edib.

Meyxanaçının vəkili isə əlavə ekspertiza keçirilməsi barədə vəsatət qaldırıb. Vəkilin sözlərinə görə, istintaq dövründə ekspertiza keçiriləndə Rəşad Dağlının müdafiə hüququ pozulub.
Amma məhkəmə vəkilin əlavə ekspertiza haqda vəsatətini təmin etməyib.
Elə ondan sonra məhkəmə istintaqının tamamlanmasına qərar verilib.

Prokurordan sonra vəkil müdafiə çıxışı etməlidir. Amma vəkil çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Məhkəmə ona iyulun 28-nə qədər vaxt verib.

Rəşad Dağlı məhkəmədə ifadəsində bildirib ki, Yasamalda qonşuluqda yaşayan İsgəndər Mehdiyevi söyüş və şantajla pul tələbinə görə qətlə yetirib. Onun sözlərinə görə, günlərin birində qardaşı xəbər verib ki, İsgəndər Mehdiyev zəng edib, onu axtarır. İki-üç gün sonra İsgəndər Mehdiyevə zəng edərək, onu axtarmasının səbəbini soruşub:

“Mənimlə görüşmək istədiyini dedi. Guya haqqımda xoşagəlməz söhbət var. Onunla görüşdük. Dedi ki, bir nəfər sənin haqqında şəxsiyyətinə sığışmayan şeylər danışır, onunla bu məsələni həll eləmək lazımdır. Dedim ki, özüm o adamla görüşmək istəyirəm. Dedi ki, guya o adamın nömrəsi onda yoxdur, amma özü görüşəcək onunla. Bu söhbətdən sonra telefonumu 5-6 gün söndürmüşdüm. Yandıranda bundan nə qədər SMS gəldi, hamısında da söyüş, təhqir”.

Hadisə Qaradağ rayonu, Lökbatan dairəsinin yaxınlığında baş verib.

Meyxanaçının dediyinə görə, maşında aralarında mübahisə yaranıb, İsgəndər Mehdiyev onu təhqir edib, onu bıçaqla vurmaq istəyib:

“Mən cəld tərpənib bıçağı əlindən aldım, onu vurdum. Bir də baxdım ki, qan içindədir. Özümdə deyildim”.

O əlavə edib ki, sonradan qardaşıgilə gəlib, onunla birlikdə polis idarəsinə gedərək, təslim olub.

İsgəndər Mehdiyevin qardaşı məhkəmədə zərərçəkmiş qismində dindirilərkən deyib ki, Rəşad Dağlıdan şikayətçi deyil.

Rəşad Əmirov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələrilə ittiham olunur.

Ana səhifəSosialProkuror Rəşad Dağlının 11 il azadlıqdan məhrum edilməsini istədi