close

Putin qismən səfərbərlik elan edib

Иллюстрация Мейдан ТВ

Ehtiyatda olan 300 min hərbçinin orduya çağırılacağı bildirilir

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-dən etibarən qismən səfərbərlik elan edib.

Bu barədə Vladimir Putin sərəncam imzalayıb.

O, xalqa müraciətində deyib ki, bu qərar Rusiyanın suverenliyinin və bütövlüyünün qorunub saxlanılması məqsədilə verilib.

V.Putin yalnız ehtiyatda olan rusların hərbi xidmətə çağırılacağını vurğulayıb.

Prezident çıxışı zamanı Rusiyanın nüvə silahından istifadə ehtimalı ilə bağlı xəbərdarlıq edib.

“Ərazi bütövlüyü təhlükə altına düşəndə ​​Rusiya bütün üsullardan, o cümlədən nüvə silahından istifadə edəcək. Bu, blef deyil”, – deyə Putin əlavə edib.

“Rusiya ordusu xüsusu əməliyyatda 5937 hərbçi itirib”.

Bunu isə Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

Rusiyada səfərbərlik. Foto: “deita.ru”

O bildirib ki, prezident Putinin sentyabrın 21-də elan etdiyi qismən səfərbərlik zamanı 300 min ehtiyatda olan hərbçi orduya çağırılacaq.

“Artıq döyüş təcrübəsi olan ruslar ehtiyata çağırılacaq. Bu kateqoriyaya ordu üçün zəruri hərbi ixtisası olan şəxslər daxildir”, – deyə Şoyqu qeyd edib.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.
İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Ana səhifəDünyaPutin qismən səfərbərlik elan edib