close

Putin Zelenskini legitim prezident saymır

V.Putin və V.Zelenski. Foto: Meydan TV

“Əgər danışıqlar bərpa olunarsa, Rusiya sənədləri kiminlə imzalayacağını bilməlidir”

Moskva Ukrayna Prezidenti Volodimir Zelenskinin legitimliyinin sona çatdığını deyir.

Bunu mayın 24-də Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşündən sonra deyib.

Kreml rəhbəri bildirib ki, Ukraynada hakimiyyətin legitimliyi ilə bağlı hüquqi təhlil lazımdır:

“Hesab edirik ki, Zelenskinin legitimliyi bitib. Rusiya Ukrayna ilə danışıqları bərpa edərkən, sənədləri imzalayarkən bunu kiminlə edə biləcəyini və etməli olduğunu başa düşməlidir”.

Putin deyib ki, İsveçrədə keçiriləcək konfransın məqsədlərindən biri Zelenskinin legitimliyini təsdiqləməkdir:

Lakin bu PR addımlarının hüquqi sənədlər üçün əhəmiyyəti yoxdur. Danışıqlar bərpa olunarsa, Rusiya Ukraynanın qanuni hakimiyyət orqanları ilə işlədiyinə əmin olmalıdır, ancaq onların legitimliyini Ukrayna tərəfi müəyyən etməlidir”.

Putin həmçinin bildirib ki, Rusiya heç vaxt Ukrayna ilə danışıqlardan imtina etməyib:

“2022-ci il İstanbul razılaşmaları həm Kiyevi, həm də Moskvanı qane edirdi. Moskva görür ki, Ukrayna üzrə danışıqlara qayıtmaq zərurəti ilə bağlı söhbətlər yenidən başlayıb”.

“Rusiya Ukrayna ilə danışıqları davam etdirməyə hazırdır, lakin artıq əldə olunmuş razılaşmalar əsasında danışıqlara qayıtmaq mümkündür”,- deyə Putin fikrini tamamlayıb.

V.Zelenskinin prezidentlik müddəti başa çatsa da, ölkə Konstitusiyasının 108-ci maddəsinə görə, Prezident yeni dövlət başçısı seçilənə qədər öz vəzifələrini yerinə yetirməlidir.

Genişmiqyaslı müharibə başlamazdan əvvəl növbəti seçkilərin 2024-cü il martın 31-də keçirilməsi nəzərdə tutulsa da, hərbi vəziyyətə görə təxirə salınıb.

Müharibənin xronikası

2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən 27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb.

Ana səhifəDünyaPutin Zelenskini legitim prezident saymır